2020-ci il və ortamüddətli dövr üçün əsas risklər açıqlandı

2020-ci il və ortamüddətli dövr üçün əsas risklər açıqlandı

2020-ci il və ortamüddətli dövrdə dövlət maliyyəsi bir sıra daxili və xarici amillərlə bağlı fiskal risklərlə qarşılaşa bilər. Bu risklərin sırasına əsasən neftin qiyməti, ticarət tərəfdaşlarında iqtisadi aktivliyin azalması, bank-maliyyə sistemindəki çağırışlar, iri dövlət müəssisələrinin maliyyə vəziyyəti və borc öhdəlikləri kimi məsələləri daxil etmək olar.

EkoNews xəbər verir ki, bu, Azərbaycanın 2020-ci ilin dövlət və icmal büdcələri üzrə sənəd layihəsində öz əksini tapıb.

Qeyd edilib ki, beynəlxalq əmtəə bazarlarında enerji daşıyıcıları, o cümlədən neftin qiymətlərinin dəyişkənliyi ortamüddətli dövrdə dövlət və icmal büdcələrinin gəlirlərinə təsir edəcək əsas amillərdəndir: "Qeyd etmək lazımdır ki, icmal büdcə gəlirlərinin 52,7%-i neft gəlirləri hesabına formalaşdığına görə neft qiymətlərindəki mümkün azalma icmal büdcə gəlirlərinin azalmasına və icmal büdcə kəsirinin artmasına təsir edəcək. 2020-ci il üçün icmal büdcə gəlirlərinin hesablanması zamanı 55 ABŞ dolları səviyyəsində nəzərdə tutulan neftin bir barrelinin satış qiyməti 40 dollara enərsə, icmal büdcə gəlirləri proqnoz göstərici ilə müqayisədə 16,6% azala bilər.

Bununla yanaşı, 2020-ci ildə neftin qiymətlərindəki mümkün azalmanın dövlət büdcəsinə əhəmiyyətli təsiri gözlənilmir. Belə ki, dövlət büdcəsinin neft gəlirlərinin əsas hissəsini Dövlət Neft Fondundan transfert təşkil edir ki, bu məbləğ də büdcə tərtibi zamanı xarici valyutada deyil, manat ifadəsində məyyən olunub. Büdcə gəlirlərinin hesablanması zamanı 55 dollar səviyyəsində nəzərdə tutulan neftin bir barrelinin satış qiyməti 40 dollara enərsə, dövlət büdcəsinin gəlirləri proqnozla müqayisədə cəmi 1,6% azala bilər ki, bu azalmanın da 1,3%-i birbaşa neft-qaz sektorundan olan gəlirlərin azalması, 0,3%-i isə neftin qiymətindəki azalmanın dolayı yolla qeyri neft-qaz sektoruna təsirləri nəticəsində ola bilər”.

Qeyd edilib ki, neftin qiymətlərinin enişi ortamüddətli dövrdə də davam edərsə, bunun dövlət büdcəsinin gəlirlərinə mənfi təsiri daha əhəmiyyətli ola bilər. Belə ki, büdcə qaydasına əsasən xərclənə bilən neft gəlirlərinin yuxarı həddi (habelə, Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin yuxarı həddi), ölkənin xalis maliyyə aktivləri və icmal büdcənin proqnozlaşdırılan neft gəlirləri əsasında müəyyən olunur ki, ortamüddətli dövrdə icmal büdcənin neft gəlirlərinin azalması Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin məbləğini azaltmaqla, dövlət büdcəsinin neftin gəlirlərinə təsir edə bilər.

Sənədə əsasən, regionda geosiyasi gərginliklərin artması bir sıra əsas ticarət tərəfdaşlarına sanksiyaların tətbiqi büdcə gəlirlərinə təsir edə biləcək risklərdəndir. Belə ki, əsas ticarət tərəfdaşı ölkələrin iqtisadiyyatlarında aktivliyin azalması ölkənin qeyri-neft sektorunun inkişafına, o cümlədən qeyri-neft ixracına mənfi təsir göstərməklə bu sahədən olan büdcə daxilomalarının azalmasına gətirib çıxara bilər.

Bildirilib  ki, ortamüddətli dövrdə qarşılaşa biləcək digər fiskal risk amili ölkənin maliyyə-bank sisteminin ölkə iqtisadiyyatının kreditləşməsində zəif iştirakı və maliyyə-bank sisteminin bəzi seqmentlərində kövrəkliyin qalmasıdır. Belə ki, bankların iqtisadiyyatda özəl investisyaların maliyyələşdirilməsinə rolu hələ də məhduddur və ümumi kreditləşmədə yüksək faizli istehlak kreditlərinin xüsusi çəkisi artmaqda davam etməkdədir.

Qeyd edilib ki, investisiya kreditəşməsinin məhdud həcmi ölkənin qeyri-neft sektorunun inkişafına mənfi təsir göstərməklə, bu sektordan olan büdcə daxilolmalarını azalda bilər: "Digər tərəfdən, məlum olduğu kimi, cari ildə "Əmanətlərin tam sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq dəyişiklik edilərək, əmanətlərin tam sığortalanması daha bir il müddətinə uzadılıb. Bununla əlaqədar, maliyyə-bank sistemində yarana biləcək öhdəliklər dövlət büdcəsi qarşısında əlavə maliyyə yükü yarada bilər.

İri dövlət şirkətlərinin birbaşa və dövlət təminatlı borcları ortamüddətli dövrdə büdcə dayanıqlığına təsir edəcək risk amili olaraq qalmaqdadır. Xüsusilə bir sıra dövlət şirkətlərinin gəlirlərinin azalması və zərərlə fəaliyyət göstərməsi fonunda bu şərti öhdəliklərininin materializasiyası büdcəyə əlavə maliyyə yükü gətirməklə həm büdcə, həm də borc dayanıqlığına mənfi təsir göstərə bilər". /"Report"

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR