4 bankın bazarı tərk etməsi əmanətçilərin davranışına necə təsir edəcək? (EKSPERT)

4 bankın bazarı tərk etməsi əmanətçilərin davranışına necə təsir edəcək? (EKSPERT)

"Böhran dövründə bir qayda olaraq əmanətçilər banklardan əmanətlərini geri çəkməyə başlayırlar”. 

Ekonews xəbər verir ki, bunu iqtisadçı ekspert Samir Əliyev sosial şəbəkələr üzərindən fəaliyyəti dayandırılmış 4 bankın ("AGBank”, "AmrahBank”, "AtaBank”, "NBC Bank”) əmanətçiləri arasında keçirdiyi sorğunun nəticəsindən danışarkən deyib. 

Ekspert bildirib ki, vətəndaşlar banklardan əmanətlərini geri çəkməsi milli valyutanın məzənnəsi ilə bağlı müzakirələr qızışanda geniş vüsət alır:

 

"Manatın ucuzlaşması riskindən çəkinən əhali milli valyuta ilə olan əmanətlərini banklardan çıxarıb onu dollara çevirir, sonra onu banka yenidən yatırmaq və ya yastıq altına yönəltmək barədə düşünürlər. Məsələn, təkcə mart ayında əmanətlərin həcmi 5% və ya 443 milyon manata qədər azalıb. Azalmanın 421 milyon manatı milli valyuta əmanətlərinin payına düşüb. Əmanətlərin azalması böyük ehtimalla aprel-mart aylarında da davam edəcək. Mart-aprel aylarında azalmanı manatın devalvasiyası qorxusu şərtləndirirdisə, may ayında 4 bankla bağlı verilən qərar əmanət qaçışını davam etdirəcək. Birinci halda əmanətlərin daha çox dollarlaşması baş verirsə, ikinci halda banklardan geri çəkilməsi müşahidə edilir”.

4 bankın bazarı tərk etməsi (bağlanması, ya da satılması) əmanətçilərin davranışına necə təsir edəcək? Ekspert sualın cavabını belə əsaslandırıb: 

"Elə bu məqsədlə sosial şəbəkələr üzərindən fəaliyyəti dayandırılmış 4 bankın ("AGBank”, "AmrahBank”, "AtaBank”, "NBC Bank”) əmanətçiləri arasında kiçik bir sorğu keçirtmək qərarına gəldik. Bir sutka ərzində sorğuda ümumilikdə 76 nəfər iştirak edib. Respondentlərin 10,5%-i "AGBank”, 26,3%-i "AmrahBank”, 46,1%-i "AtaBank”, 17,1%-i isə "NBC Bank” müştəriləri olub. Cavab variantlarından aydın olur ki, 4 bankda yerləşdirilmiş əmanətlərin 85,5%-i qorunan, 15%-i qorunmayandır. Sorğuda əsas məqsəd əmanətçilərin əmanətlərinin götürdükdən sonrakı planlarını öyrənmək olub. Cavablardan məlum olur ki, respondentlərin 65,8%-i əmanətlərini heç bir banka qoymayacaqlarını bildirib, 31,6% respondent isə digər banka qoyacaqlarını qeyd edib. 2,6%-i isə hələ qərar vermədiklərini bildirib. Yeri gəlmişkən, əmanət qaçışını minimuma endirmək üçün Əmanətlərin Sığortalanması Fondu 1 iyun 2020-ci il tarixindən etibarən milli valyutada olan qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddinin 10%-dən 12%-dək qaldırıb”.

Bahar Rüstəmli

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR