Avtomobil nəhəngləri istehsalı dayandırdı: Azərbaycanda qiymətlər necə olacaq?

Avtomobil nəhəngləri istehsalı dayandırdı: Azərbaycanda qiymətlər necə olacaq?

Xəbər verildiyi kimi, Avropanın avtomobil nəhəngləri koronavirus təhlükəsinə görə istehsalı dayandırmaq qərarına gəliblər. Belə ki, Fransanın "Peugeot", "Citroen", DS, "Vauxhall" və "Opel" markalı avtomobillər istehsal edən "PSA Group" şirkəti Avropada yerləşən bütün istehsal müəsisələrində işi martın 27-dək dayandırdığını elan edib. Qərar Fransa, İspaniya, Böyük Britaniya, Polşa, Portuqaliya və Slovakiyadakı bütün müəssisələrə şamiş olunur.

"Fiat Chrysler" isə altısı İtaliyada yerləşən 8 zavodunun hamısında işi 2 həftəliyinə tam, "Renault S.A." İspaniyadakı fəaliyyətini ölkədə fövqəladə vəziyyət başa çatanadək dayandırır. Fransanın şin istehsalçısı olan "Michelin" bu gündən İtaliya, İspaniya və Fransadakı müəssisələrində işin dayandığını elan edib.

Almaniyanın "Volkswagen" konserni həftəsonundan etibarən Avropadakı işinə fasilə verir. Lakin konsernin Çindəki 33 müəssisəsindən 31-də fəaliyyət tam bərpa olunub. Şirkətin "Lamborghini" və "Bugatti" istehsal edən İtaliyadakı zavodları isə ötən həftədən istehsalı dayandırıblar.

Avropa nəhənglərinin istehsalı dayandırmasının Azərbaycanın maşın bazarına hansı təsirləri olacaq? Ölkədə avtomobillərin bahalaşması gözlənilirmi? Sualların cavabına keçməzdən öncə qeyd edək ki, bu ilin yanvar-fevral aylarında Azərbaycana 122,893 mln ABŞ dolları dəyərində 11 547 ədəd müxtəlif təyinatlı avtomobil idxal olunub. Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6 378 ədəd və yaxud 2,2 dəfə çoxdur.

Son 1 ildə sürücü daxil olmaqla 10 nəfər və yaxud daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələrinin idxalı 27 ədəd və yaxud 72,97% artaraq 64 ədəd (dəyəri 7,368 mln ABŞ dolları dəyərində), əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələrinin idxalı 6 010 ədəd və yaxud 2,3 dəfə artaraq 10 717 ədəd (99,413 mln ABŞ dolları dəyərində) təşkil edib.

Bu avtomobillərin 1 273-ü (6,681 mln ABŞ dolları dəyərində) daxili yanma mühərriklə yanaşı, elektrik mühərriklə də hərəkətə gətirilən nəqliyyat vasitələri, 9-u (90,38 min ABŞ dolları dəyərində) isə yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələridir. Bundan əlavə, yük daşımaq üçün mühərrikli nəqliyyat vasitələrinin idxalı 344 ədəd və yaxud 86,7% artaraq 741 ədəd (10,547 mln ABŞ dolları dəyərində), xüsusi təyinatlı motorlu nəqliyyat vasitələrinin idxalı isə 3 ədəd və yaxud 10,7% azalaraq 25 ədəd (5,564 mln ABŞ dolları) olub.

Ekspert Elməddin Muradlı Qaynarinfo-ya məsələni şərh edərkən bildirdi ki, koronavirus səbəbindən bir çox ölkələrdə avtomobil sənayesilə məşğul olan şirkətlər öz fəaliyyətlərini dayandırmaq qərarı qəbul ediblər, hətta bəziləri yerlərini dəyişdirmək üzərində düşünür: 



"Bütün bunlar əlbəttə ki, avtomobil sənayesinə təsirsiz ötüşməyəcək. Bu qərarların bazara necə təsir edəcəyi haqda bəribaşdan fikir söyləmək çətindir. Dərhal qiymət artacaq, ehtiyat hissələri bahalaşacaq, yaxud hansısa dəyişiklik baş verəcək, bunu demək olmaz. Amma ümumilikdə təsirsiz ötüşməyəcək. Bundan əvvəl də müəyyən hadisələr baş verəndə öz nəticəsini avtomobillərin qiymətində göstərib. Bu il ərzində də təbii ki, artım qaçılmazdır. Çünki avtomobil sənayeçiləri öz zərərlərini ciblərindən qarşılamırlar. Çox güman ki, qiymət artımı ilə balanslarını qorumağa çalışacaqlar”.
E.Muradlının sözlərinə görə, hələlik hər hansı qiymət artımı müşahidə edilmir. Çünki hazırkı şəraitdə insanların avtomobil almağa, bazarla maraqlanmağa zamanı və marağı yoxdur: 

"Ola bilsin ki, bəladan sovuşandan sonra bazara maraq yaranacaq və müəyyən artımların şahidi olacağıq. Avtomobil istehsalı ilə məşğul olan zavodlar çox nəhəngdirlər, hektarlarla sahəni əhatə edir. Onları köçürmək elə-belə başa gəlmir. Məsələn, istehsalçılar Yaponiyada seysmik zonada olan avtomobil zavodlarını başqa yerlərə köçürürlər. Amma nəzərə almaq lazımdır ki, onların başqa ölkələrdə də istehsal müəssisələri var. Məsələn, yapon modelləri, alman modelləri, həmçinin fransız modelləri Türkiyədə, Rusiyada, Çində də istehsal olunur. Amerikanın məşhur modelləri var ki, Çində istehsal edilir. Düzdür, koronavirus hər yerdə var, amma müxtəlif ölkələrdə istehsal davam edir. Hər bir halda koronavirus elə bir bəladır ki, istənilən sahəyə öz zərərini vurur, eyni zamanda da avtomobil sənayesinə. Bu, avtomobillərin qiymətində, ehtiyat hissələrinin, sürtkü yağlarının bahalaşmasında özünü göstərəcək. Amma bilirsiniz, bazarda gərək tələb ola ki, qiymət artsın. İndiki halda isə mən tam məsuliyyətimlə deyirəm, insanları qətiyyən avtomobil maraqlandırmır. Hər 100 nəfərdən bir-ikisi bəlkə bu düşüncədə olar, amma kütləvi deyil”.



Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərli Qaynarinfo-ya açıqlamasında bildirdi ki, dünyada bir neçə iri avtomobil istehsalçısı ölkələri var ki, bunlar Yaponiya, ABŞ, Avropa və Çindir: 

"Məsələ ondadır ki, koronavirusun pandemiya mərkəzi olaraq Avropa ölkələri götürülür. Avropada da Fransa, Almaniya, İtaliyanın özü iri avtomobil istehsalçılarıdır. Düşünürəm ki, bu qərar müvəqqəti xarakter daşıyır, virus səngiyəndən sonra avtomobil sektorunda istehsal davam edəcək. Hazırda görünür ki, bu, hər bir şirkətin özünün qərarıdır. Qiymətlərə gəlincə, bahalaşmada nə istehsalçılar, nə də rəsmi distrübitorlar maraqlıdır. Onlar çalışırlar ki, bazara çıxartdıqları avtomobil rəqabətə davamlı olsun, satılsın. Ona görə də düşünmürəm ki, zavodların müvəqqəti olaraq fəaliyyətinin dayandırılması kəskin qiymət artımına səbəb olsun. Bu olmayacaq. Çünki bilirsiniz ki, hazırda avtomobil bəzi zavodlarda yığılır, əsas ehtiyat hissələri müxtəlif ölkələrdə istehsal edilib göndərilir. Məsələn, Avropa İttifaqı avtomobil istehsalçıları var ki, onların ehtiyat hissələri başqa ölkələrdə istehsal olunur. Ona görə də bu, istehsalın tam dayanması anlamına gəlmir. Avtomobillərin ehtiyat hissələrinin istehsalının dayanmasında söhbət gedə bilər ki, bu da bütövlükdə qiymətə təsir etməyəcək”.

E.Cəfərlinin sözlərinə görə, qiymətlərə təsir edən mövsümi amillər ola bilər. Hansı ki, hazırda ikinci əl avtomobil bazarında bu səbəbdən təxminən 5 faizlik proqnozlaşdırılır: 

"Azərbaycan avtomobil bazarının bir xüsusiyyəti ondan ibarətdir ki, hər il aprel ayında ikinci əl avtomobillərin qiymətində təxminən 5 faiz bahalaşma olur. Amma yeni avtomobillərdə qiymət artımı müşahidə edilmir və düşünmürəm ki, ilin sonuna qədər də müşahidə edilsin”. 

Qaynarinfo-nun İqtisadiyyat şöbəsi

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR