Azərbaycana bu ölkələrdən gələnlərin sayı azalıb

Azərbaycana bu ölkələrdən gələnlərin sayı azalıb

2019-cu ilin yanvar-avqust dövrü ərzində Azərbaycana səfər edən xarici vətəndaşların sayı 8.3% artaraq 2.1 milyona çatıb.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən Trend-ə verilən məlumata görə, bu barədə mərkəzdə "İxtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi"nin müzakirəsi zamanı deyilib.

Bildirilib ki, gələn əcnəbilərin yarısından çoxu, daha dəqiq desək, 53%-i Rusiya (653 min) və Gürcüstanın (472 min) payına düşür.

Gürcüstandan gələn əcnəbi qonaqların sayında 22.8% və ya 87 min artım müşahidə edilib. Mərkəzi və Cənubi Asiya ölkələrindən gələnlərin sayı 40.4% və 38.1% artaraq müvafiq olaraq 83 min və 72 minə çatıb. Cənubi Asiya regionundan gələn qonaqların əksəriyyətini Hindistan (39 min; 68% artım) və Pakistan (29 min; 12.9% artım) vətəndaşları, Mərkəzi Asiyadan gələnlərin böyük hissəsini isə Türkmənistan (32 min; 82.9% artım) və Qazaxıstan vətəndaşları (31 min; 21.2% artım) təşkil edib. Türkiyədən gələnlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 5.1% artaraq 203 min nəfər olub. Yaxın Şərq və İrandan gələnlərin sayı 23 min və 22 min azalaraq müvafiq olaraq 264 min və 164 min nəfərə enib.

2018-ci ilin dekabr ayında Çin, Hindistan, Almaniya, Rusiya, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərində Azərbaycan Turizm Bürosunun nümayəndəlikləri fəaliyyətə başlayıb. Cari ilin yanvar-avqust dövrü ərzində bu ölkələrdən gələnlərin sayı keçən illə müqayisədə 35 min və ya 17% artaraq 237 min nəfərə çatıb. Eyni zamanda turizm xidmətləri üzrə tədiyə balansının müsbət saldosu qorunub saxlanılıb.

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR