Azərbaycanda aqrar sığorta mexanizminin yaradılmasına başlanılıb

Azərbaycanda aqrar sığorta mexanizminin yaradılmasına başlanılıb

Hazırda Azərbaycanda aqrar sığorta sisteminin institusional çərçivəsi formalaşdırılır. 

Bu barədə EkoNews-a Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, bu Azərbaycan Prezidenti İlham Əliyevin avqustun 19-da imzaladığı "Aqrar sığorta haqqında" Qanunun tətbiqi və Aqrar Sığorta Fondunun yaradılması barədə" Fərmana əsasən həyata keçirilir.

Fondun Nizamnaməsi hazırlanıb, sığortalanacaq kənd təsərrüfatı predmetlərinin əhatə dairəsi və təminat veriləcək risklər müəyyən edilib, sığorta tarifləri hesablanaraq sığorta haqqına dövlət büdcəsi hesabına ödənilməli dəstəyin miqdarı müəyyən edilib. Bununla yanaşı, müstəqil ekspertlər üçün imtahanın keçirilməsi qaydaları hazırlanıb, aqrar sığorta elektron informasiya sisteminin əsasnaməsi formalaşdırılıb və aidiyyəti qurumlarla razılaşdırılma mərhələsindədir.

2018-ci ilin dekabr ayında Azərbaycan və Türkiyə dövlətlərinin Kənd Təsərrüfatı Nazirlikləri arasında əməkdaşlığa dair niyyət protokolu imzalanıb. Bunun davamı olaraq 2019-cu ilin noyabr ayında Kənd Təsərrüfatı Nazirliyinin nümayəndə heyəti başda nazir müavini İlhamə Qədimova olmaqla Türkiyə Respublikasına işgüzar səfər edib. Səfər çərçivəsində Türkiyə Tarım və Orman Bakanlığı və "TARSİM” AŞ kənd təsərrüfatı sığortası təşkilatı ilə görüşlər keçirilib. Azərbaycan nümayəndə heyəti aqrarsığorta sisteminin əməliyyat mühiti və tənzimlənmə çərçivəsi ilə yaxından tanış olublar.

Eyni zamanda, Azərbaycan aqrar sığorta fondunun fəaliyyətə başladıqdan dərhal sonra proqram təminatının hazırlanması, müstəqil ekspertlər institutunun formalaşdırılması və digər istiqamətlər üzrə Aqrar Sığorta Fondu və "TARSİM” AŞ arasında əməkdaşlığın qurulması ilə bağlı razılıqlar əldə olunub.

Kənd Təsərrüfatı Nazirliyi aidiyyəti qurumlarla birlikdə qısa müddət ərzində Aqrar Sığorta Fondunun fəaliyyətə başlanması və 2020-ci ilin ikinci yarısından etibarən sığorta məhsullarının istehlakçılara təqdim edilməsinə nail olmaq məqsədilə Fərmanın icrası istiqamətində tədbirləri intensiv olaraq davam etdirir.

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR