Azərbaycanda maneələri aşan qadınların UĞUR HEKAYƏLƏRİ
18 Fevral, 10:38   |    Baxış sayı: 292

Azərbaycanda maneələri aşan qadınların UĞUR HEKAYƏLƏRİ

İşgüzar qadınların motivasiyası nədir?

Şəxsi biznesini quran xanımlar "BBC News" azərbaycanca ilə öz təcrübələrini bölüşürlər.
 
Aygün
 
Aygün Hacılı

"Mənim beynim başqa bir biznesin aləti deyil. Bəlkə də bu eqodan irəli gəlir. Hər halda fikirləşirəm enerjimi öz işimə sərf etsəm, daha uğurlu olacaq", 28 yaşlı Aygün Hacılı deyir.

Aygün artıq beş aydır ki Bakının mərkəzində gözəllik salonuna sahibdir.

"İxtisasım biologiya üzrə idi, amma universiteti yarımçıq qoydum. Almaniyada təhsil almağı düşünürdüm. Elə oldu ki, ailə həyatı qurdum və alınmadı. O zaman qərara gəldim ki, Bakıda alman dili mərkəzi açıb təhsil sahəsində biznesimi qurum. İki il çalışandan sonra analıq məzuniyyətinə çıxdığım üçün daha işləmədim", Aygün qeyd edir.
 
Aygün Hacılı
 
Aygün daha sonra başqa bir alman dili mərkəzinə rəhbərlik etməyə başlayıb. Dediyinə görə qazancı bu işdən çox olsa da, özünə və ailəsinə vaxt ayıra bilmirdi. O zaman məvacibini toplayaraq, başqa biznes qurmağı düşünüb.

"Demək olar ki, dörd ayda heç bir gəlirim olmayıb, son ayda isə az da olsa, müəyyən qazancım olub. Onu da elə biznesim üçün sərf etmişəm", Aygün bildirir.

Gənc sahibkarın dediyinə görə, hələlik çox çalışmalı olur, amma əmindir ki, bir ildən sonra onun üçün daha rahat olacaq və gözlədiyi kimi qazanc əldə edəcək.

Şəhla
 
Şəhla Ajibola
 
"Özümü kifayət qədər uğurlu qadın hesab edirəm. Çünki istədiyim işlə məşğulam. Bundan artığında gözüm yoxdur, az da istəmirəm", - tədbir təşkilatçısı və dekorator Şəhla Ajibola deyir. Onun fikrincə, biznesdə uğurlu olması üçün ilk növbədə qadın özünə və onu dəstəkləyən insanlara güvənməlidir.

"2011-ci ildə bir ad günü tədbirinə dəvət etmişdilər. O zaman gördüm ki məkanın dekorunda çatışmazlıqlar var və fikirləşdim, bu sahədə nə edə bilərəm?! Araşdırmağa başladım, dekor üzrə rusca onlayn dərslərə qatıldım, həyat yoldaşım da dəstək oldu. Evdə müxtəlif cür dekorlar hazırlayırdım.

Sonra müəyyən məkanların adminstratorları ilə danışıb dekor xidmətini təklif etdim, sosial mediada səhifə yaradıb işimi inkişaf etdirməyə başladım", - gənc dekorator təcrübəsini bölüşür.

Şəhla Ajibola

Şəhla artıq yeddi ildir ki, bu sahədə çalışır, sifarişçiləri də əsasən, Bakıda yaşayan əcnəbilərdir. O, qazancını özünə və 45-50 faizini isə ailəyə -övladlarının təhsilinə, kommunal xərclərə sərf edə bilir.

"Mən bir işlə uzun illər məşğul ola bilmirəm. 5-6 ildən sonra nə ilə məşğul olacağımı da bilmirəm. Maraqlarım çoxdur",- Şəhla əlavə edir. Qazancı onu qane etdiyi üçün hələlik böyük biznes qurmaqda maraqlı deyil.

Həyat
 
Həyat Xəlilova
"Hər uğurlu kişinin arxasında bir qadın durur deyimi doğrudursa, bu gücə sahib olan qadın öz işini də qura bilər", 28 yaşlı Həyat Xəlilova ilk qurduğu biznesinin uğurlarından danışır.

Həyat Bakıda xarici şirkətlərinin birində planlaşdırma üzrə mütəxəssisdir. 2016-cı ildə isə o, kəlağayı biznesini yaradıb.

"Həyat yoldaşımla Şəkidə idim. Həmin vaxt analıq məzuniyyətinə çıxmağa hazırlaşırdım. Düşünürdüm, işsiz qaldığım vaxtda nə edəcəyəm?! Şəkidə mağazada olanda ağlıma bir ideya gəldi. Təxminən on kəlağayı aldım və işə başladım", o deyir.
 
Həyat Xəlilovanın məqsədi, daha çox turistlərin marağında olan kələğayını həm də yerli xanımların gündəlik istifadə edəcəyi aksessuar kimi dəbə salmaq, biznesini genişləndirmək idi. Təxminən 300 manatla işə başlayan və İnstagram vasitəsilə çoxlu sifarişlər alan Həyat işi böyüdükdən sonra Bakının böyük ticarət mərkəzlərində stendlər də açıb.

İndi o, bu stendlərdə həm Şəki, həm də İsmayıllı kəlağayılarını təqdim edir.

"Mən istəyirdim öz uğurum olsun. Heç bir dəstək olmadan bir qadına biznesə başlamaq çətindi. Çətinliklərim oldu, ruhdan düşmədim. Mənəvi olaraq bu işdə mənə həyat yoldaşım dəstək oldu. Bu iş mənim ilkimdi, gələcəkdəki uğurlarımın başlanğıcıdır",- Həyat Xəlilova qeyd edir.
 
Mədinə
 
Mədinə Hacıyeva
 
"Azərbaycan cəmiyyətində qadın üçün baryer çoxdur. Ona görə də hansısa bir qadın bu baryerləri aşıb, işləyə, inkişaf edə bilirsə, ona daha çox hörmət edirlər", - 29 yaşlı Mədinə Hacıyeva deyir.

Mədinə iki ildir ki skrapbukinqlə (əl işi albom, açıqça və s.) məşğuldur. İşini İnstagram üzərindən tanıdır. O fikirləşir ki, ailəsi və övladı olan bacarıqlı xanımlar evdən çıxmadan asanlıqla öz biznesini qura bilər. Bunun üçün səbr və öz üzərində işləmək kifayətdir.

əl işi
 
"2016-ci ildə işimdən ayrıldım. Aktiv həyat keçirdiyim halda birdən-birə passiv həyat məni depresiyaya saldı. O zaman ailəli idim, müxtəlif əl işləri ilə maraqlanırdım. Təxminən bir ilə yaxın skrapbukinqə aid rus-inigiliscə onlayn videolari, dərsləri izlədim və öyrəndim. Sonra da həyat yoldaşımın dəstəyi ilə bu işlə məşğul olmağa başladım", o əlavə edir.

Mədinə skrapbukinq üçün ləvazimatlar və materialları xaricdən sifariş etməli olur. Dediyinə görə, qazancının çoxunu elə onları almağa sərf edir. Ay ərzində isə işin həcmindən asılı olaraq təxminən on sifariş ala bilir.

"Hələ ki ailə xərclərinə heç bir köməyim yoxdur, özümə lazım olan müəyyən xərcləri qarşıyala bilirəm. Burada belədir ki, birinci sən iş üçün işləyirsən, sonra iş sənin üçün işləyir",-Mədinə deyir.

Qurduğu kiçik biznes Mədinəni xoşbəxt edən səbəblərdən biridir. Ailənin, ətrafın dəstəyi onun üçün çox önəmlidir. O düşünür ki, biznes qurmaq, işləmək asandır, yetər ki, qadın özünə əmin olsun.

Əfsanə
 
Əfsanə Həbibqızı
 
"Cəmiyyət imkan yaratsa biznesdə qadın kişidən daha üstün olar. Qadının enerjisi imkan verir ki, bir anda bir neçə işi görə bilsin. Kişi bunun öhdəsindən gələ bilmir", Əfsanə Həbibqızı belə düşünür.

O üç ildir k,i Bakıdakı təhsil mərkəzlərinin birində rəhbərlik edir. Dediyinə görə, bu sahədə işini qurmaq üçün on beş min manatdan çox sərmayə xərcləyib. İlk dəstəyi ailəsindən alıb.

Əfsanə Həbibqızı

"Atamın öz biznesi olub, demək olar ki həmişə onun yanında olmuşam. Bildiklərini mənə öyrədib. Ona görə də öz işimi quranda mənə çətin olmadı", Əfsanə deyir.

İlk ildə müəyyən problemləri olsa da Əfsanə sıfır büdcə ilə belə işini davam etdirib. Bu iş ona özünəinam qazanmaqda çox kömək olub.

"Bu işə başlamazdan əvvəl bütün riskləri gözə almışdım. Qarşıma məqsəd qoymuşdum, nə olur olsun, işimə davam etməli idim. Bir ildən sonra hər şey qaydasına düşdü. İndi qazancımdan istədiyim qədər özümə, biznesimə maddi yatırım edə bilirəm", Əfsanə Həbibqızı bildirir.