Azərbaycanda yeni dövlət qurumu yaradıldı - FƏRMAN

Azərbaycanda yeni dövlət qurumu yaradıldı - FƏRMAN

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin fəaliyyətinin təkmilləşdirilməsi haqqında Prezident İlham Əliyev 22 oktyabr 2019-cu il tarixdə fərman imzalayıb.

Fərmanda deyilir,

1. Dövlət mühafizəsində olan daşınmaz tarix və mədəniyyət abidələrinin qorunması sahəsində dövlət nəzarətini gücləndirmək, idarəetmənin səmərəliliyini təmin etmək məqsədilə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin 5 regional idarəsi yaradılsın.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. bu Fərmanın 1-ci hissəsinə əsasən yaradılan regional idarələrin ərazi mənsubiyyətini müəyyən etsin;

2.2. bu Fərmanın 1-ci hissəsinə əsasən yaradılan regional idarələrin işçilərinin say həddinin Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin abidə mühafizəçisi ştat vahidlərinin optimallaşdırılması hesabına müəyyən olunmasını təmin etsin;

2.3. tarix və mədəniyyət abidələrinin qorunması sahəsində qanunvericiliyin təkmilləşdirilməsi və mədəni sərvətlərin qorunması üzrə tələblərin pozulmasına görə məsuliyyətin gücləndirilməsi ilə bağlı təkliflərini 3 ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.4. bu Fərmanın 1-ci hissəsinə əsasən yaradılan Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin regional idarələrinin fəaliyyəti ilə bağlı zəruri tədbirlər həyata keçirsin;

2.5. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti dövlət mühafizəsində olan tarix və mədəniyyət abidələrinin qorunması sahəsində dövlət nəzarətinin gücləndirilməsini, daşınmaz tarix və mədəniyyət abidələrinin, tarix və mədəniyyət qoruqlarının mühafizəsinin müasir səviyyədə təşkilini, tarix və mədəniyyət abidələrinin qorunmasında müasir texnologiyanın və aparıcı beynəlxalq təcrübənin tətbiqini, tarix və mədəniyyət abidələrinin genişmiqyaslı tədqiqini təmin etsin.

4. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi bu Fərmandan irəli gələn məsələləri həll etsin.

5. "Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 13 iyun tarixli 725 nömrəli Fərmanının  2.3-cü bəndində "Nazirlər Kabineti” sözləri "Mədəniyyət Nazirliyi” sözləri ilə əvəz edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 22 oktyabr 2019-cu il.

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR