Azərbaycanın maliyyə qurumları Məlumatların Elektron Açıqlanması Sistemi ilə işləyirmi? (MONİTORİNQ)

Azərbaycanın maliyyə qurumları Məlumatların Elektron Açıqlanması Sistemi ilə işləyirmi? (MONİTORİNQ)

Son illər Azərbaycanda bankların, bank olmayan kredit təşkilatlarının, sığorta və investisiya şirkətlərinin hesabatlılıqla bağlı vəziyyəti nəzərəçarpacaq dərəcədə yaxşılaşıb.

Əksər maliyyə qurumları internet səhifələrində maliyyə hesabatlarını yerləşdirirlər.

Bununla yanaşı, ictimaiyyətə hesabat vermək üçün Maliyyə Bazarlarına Nəzarət Palatası yanında Məlumatların Elektron Açıqlanması Sistemi (MEAS) də fəaliyyət göstərir. EkoNews xəbər verir ki, "Report" kredit, sığorta və investisiya təşkilatlarının bu sistemlə necə işlədiklərini monitorinq edib.

Monitorinq nəticəsində məlum olub ki, bankların əksəriyyəti MEAS vasitəsilə ictimaiyyətə hesabat verir. Yalnız bir neçə bank - "Bank Avrasiya", "Naxçıvan Bank", "Zıraat Bank Azərbaycan" ASC-lər, "Yapı Kredi Bank Azərbaycan" QSC sözügedən sistemlə işləmir. Bununla yanaşı, İran və Pakistan milli bankları da MEAS-da yoxdur. Amma bu banklar ölkədə Bakı filialı səviyyəsində təmsil olunur və onların sözügedən sistemdən faydalanmaması qəbahət sayılmaya bilər.

MEAS-a çıxış baxımından bank olmayan kredit təşkilatları (BOKT) ilə bağlı vəziyyət isə yaxşı deyil. Ölkədəki 42 BOKT-dan cəmi 8-i Palatanın yaratdığı imkandan istifadə edir. Bunlar "Embafinans", "Kredaqro", "Merkuri", "Premier Kredit" və "TBC Kredit" MMC-lər, "Finex Kredit", "Finoko" və "Para" ASC-lərdir.

Azərbaycandakı 22 sığorta şirkətindən isə 11-i MEAS-da var. Bunlar "Amrah Sığorta", "Atasığorta", "Qala Sığorta", "Qala Həyat Sığorta", "AXA Mbask" Sığorta Şirkəti, "Bakı Sığorta", "Günay Sığorta", "İpək Yolu Sığorta", "Meqa Sığorta", "Rəvan Sığorta" və "Standard Insurance" Sığorta Şirkəti ASC-lərdir.

Ölkənin 8 investisiya şirkətindən isə yalnız 1-i - "İnvest-AZ İnvestisiya Şirkəti" QSC MEAS vasitəsilə ictimaiyyətə hesabat verir. 

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR