Bəzi banklarda yeni böhran təhlükəsi (ARAŞDIRMA)

Bəzi banklarda yeni böhran təhlükəsi (ARAŞDIRMA)

Prezident İlham Əliyevin oktyabrın 15-də keçirdiyi iqtisadi müşavirədən sonra gündəmdə olan məsələlərdən biri də istehlak kreditlərinin həcminin azaldılmasıdır. Xatırladaq ki, sözügedən müşavirədə ölkə başçısı istehlak kreditlərinin yenidən artmasından narahatlıq ifadə etmişdi: 


"Azərbaycanın bank sektoru iqtisadiyyatın real sektorunun artımına o qədər də kömək göstərmir və son illər yenə də istehlak kreditlərinin məbləği artır. Mən əvvəlki illərdə bunu demişəm ki, bizim portfelimizdə istehlak kreditləri üstünlük təşkil edir və bank sektorunun böhranının səbəblərindən biri də məhz o idi. İndi də mənə məlumat verilir ki, yenə də bu meyillər artır, iqtisadiyyatın real sektoruna yox, yenə də istehlaka, yəni, istehlak mallarının alınmasına kreditlər verilir. Əgər bu davam edərsə, yenə də bir neçə ildən sonra xoşagəlməz problemlərlə üzləşə bilərik”. 


Həmin çıxışdan sonra hər kəs istehlak kreditlərinin azalacağını gözləsə də, müşahidələr əksini deməyə əsas verir. Bir sıra banklar nəinki istehlak kreditlərini azaldıb, əksinə yeni-yeni kampaniyalarla bu sahədə aktivliyi artırıblar. Bu cür banklar arasında "Unibank”ın, "Bank of Baku”nun, "Beynəlxalq Bank”ın adlarını çəkmək olar. 


Qaynarinfo-nun araşdırması zamanı məlum olub ki, "Unibank”ın sonuncu kredit kampaniyası Dövlət Bayrağı gününə təsadüf edib. Belə ki, noyabrın 6-dan 8-dək banka müraciət edən hər kəsə 20 min manata qədər faizsiz və kommersiyasız kreditin veriləcəyi "Unibank”ın reklamlarında əksini tapıb.  "Bank of Baku” müəllimlər üçün, "Beynəlxalq Bank” isə Konstitusiya Günü ilə əlaqədar olaraq noyabrın 15-dək elan etdiyi kampaniya çərçivəsində müştərilərə 20 min manatadək nağd kredit təklif edirlər. Üstəlik, adları çəkilən bankların hər birinin kredit kartları ilə bağlı reklamlar istər TV-lərdə, istərsə də sosial şəbəkələrdə, onlayn mediada "göz çıxarır”. 


Məlumat üçün bildirək ki, 2018-2019-cu illər ərzində banklar tərəfindən verilmiş 14,5 milyard kreditin təqribən 8,5 milyard manatı biznes sektoruna, 6 milyard manatı isə istehlak kreditlərinin payına düşür. Rəsmi statistikaya görə, 2019-cu ilin 9 ayı ərzində 3,1 milyard manat istehlak bazarına, 3,9 milyard manat isə biznesə kredit verilib. Statistika heç də ürəkaçan deyil və ölkə başçısının çıxışında deyildiyi kimi, bank sektoru risklə üz-üzədir.


Bankların biznes kreditlərinə önəm verməməsinin bir neçə səbəbi var


İqtisadçı ekspert Samir Əliyev hesab edir ki, növündən asılı olmayaraq, bankların bir istiqaməti də krediti verməkdir: "Doğrudan da bu gün ölkədəki banklar istehlak kreditinə daha böyük önəm verirlər. Müşahidərimizdə istehlak kreditlərinin payının 44 faiz olduğunu görürük. Bu, o deməkdir ki, ölkə iqtisadiyyatına ayrılan hər 100 manatın 44 manatı istehlak kreditlərinə yönəlir. Bankların biznes kreditlərinə önəm verməməsinin bir neçə səbəbi var. Onlardan birincisi riskdir. İstehlak kreditlərinin riski çox aşağıdır. Bundan başqa, istehlak kreditlərini əhalinin vaxtında qaytarması amili olduğu halda, biznes kreditlərində bu olmur. Çünki biznes kreditləri daha çox şirkətlərə, sahibkarlara verilir. Şirkətlərdən də pulu geri almaq çox hallarda problemlər yaşadır. Bundan başqa, hazırda sahibkarların bizneslərini genişləndirmək üçün bir o qədər də imkanı yoxdur. Banklar da kapitalını biznesə yatırmaq istəmir. Çünki biznesin uğursuz olma ehtimalı gözlənilir. Bu baxımdan istehlak kreditlərinin riski çox azdır. Eyni zamanda istehlak kreditlərinin faizi biznes kreditlərinin faizi ilə nisbətdə daha çoxdur. İstehlak kreditlərinə tətbiq edilən faiz nisbətini biznes kreditlərinə tətbiq etsək, səmərəsiz nəticə verə bilər. Digər tərəfdən, biznes kreditləri daha çox maliyyə tələb edir. Biznes kreditləri üçün minimal kredit 10000-dən 100000, hətta milyonlarla vəsaitə qədər ola bilər. Bankın da əlində bu qədər maliyyə olmaya bilər. İstehlak kreditlərində isə minimal kredit bir neçə mindən bir neçə on min təşkil edə bilər. Buna görə də banklar istehlak kreditləri verməkdə daha maraqlıdır”. 


Qaynarinfo-nun İqtisadiyyat şöbəsi


OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR