“Boeing”in rəhbəri: “737 Max” ən təhlükəsiz təyyarələrdən biri olacaq”

“Boeing”in rəhbəri: “737 Max” ən təhlükəsiz təyyarələrdən biri olacaq”

"Boeing” şirkətinin prezidenti və baş direktoru Dennis Mulenburq "Boeing 737 Max” təyyarələrinin proqram təminatı təkmilləşdirildikdən sonra ən təhlükəsiz təyyarələr sırasında olacağını bildirib.

Report şirkətin saytına istinadən xəbər verir ki, D.Mulenburq ABŞ Konqresində bu gün və sabah bununla bağlı çıxış edəcək.

Onun çıxışının mətni şirkətin saytında yerləşdirilib. Mətndə deyilir ki, "Boeing 737 Max” təyyarələrinin idarəetməsində istifadə olunan proqram təminatı xeyli dərəcədə təkmilləşdirilib: "Bu təkmilləşdirmələrin hərtərəfli olması və ciddi yoxlanılması üçün bütün lazımi ehtiyatlar ayırmışıq. İstismara qaytarılandan sonra "737 Max” havaya qalxmış təyyarələrdən ən təhlükəsizi olacaq”.

"Boeing 737 Max” təyyarəsindəki təkmilləşdirmələrin hazırlanmasına 100 min saatdan çox vaxt sərf olunduğu, yenilənən proqram təminatını sınaqdan keçirmək üçün 814 sınaq uçuşu icra olunduğu qeyd edilib.

Xatırladaq ki, 2018-ci ilin oktyabr ayında Cakarta yaxınlığında "Boeing 737 Max” sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində 189 nəfər, cari ilin mart ayında Efiopiyanın Debre Zeit şəhəri yaxınlığındakı qəza nəticəsində isə 157 nəfər həlak olmuşdu. Bu hadisələrdən sonra 20-dək ölkə sözügedən tipli təyyarələrin öz hava məkanında uçuşuna qadağa qoymuş, bir çox hava şirkətləri də onların istismarını dayandırmışdı. Araşdırmalar zamanı Manevretmə Xarakteristikaları Artırma Sisteminin (MCAS) fəaliyyətində qüsurlar aşkar edilmişdi.

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR