Bu il Azərbaycanda azı 1000 kilometrdən çox yeni yol salınacaq

Bu il Azərbaycanda azı 1000 kilometrdən çox yeni yol salınacaq

Son illər Azərbaycanda sosial infrastrukturun yenidən qurulması istiqamətində mühüm tədbirlər həyata keçirilir. Ölkədə avtomobil yollarının müasirləşdirilməsi sahəsinə görülən işlər də bu baxımdan diqqəti cəlb edir. Yolların müasir tələblərə uyğun yenidən qurulması isə sərnişin və yükdaşımaların keyfiyyətcə yaxşılaşmasına imkan yaratmaqla yanaşı, iqtisadiyyatın inkişafını təmin edir, ölkənin turizm potensialından səmərəli istifadəni sürətləndirir. Təkcə onu qeyd etmək kifayətdir ki, son 15 ildə Azərbaycanda 15 min kilometr avtomobil yolu çəkilib. Məhz bunun məntiqi nəticəsidir ki, Davos Dünya İqtisadi Forumunun hesablamalarına əsasən, yol infrastrukturunun keyfiyyətinə görə ölkəmiz dünyada 34-cü yerdə qərarlaşıb. Sevindirici haldır ki, Azərbaycan bu sahədə dünyanın inkişaf etmiş bir çox ölkəsini geridə qoyur.

Keçən il avtomobil yollarının inkişafı üzrə 54 rayonda, eləcə də Bakı və Sumqayıtda 90 layihə başa çatıb

Azərbaycanın sosial-iqtisadi inkişafı üçün növbəti uğurlu dövr kimi xarakterizə edilən 2018-ci ildə yol infrastrukturunun müasirləşdirilməsi istiqamətində mühüm işlər görülüb, bu sahədə vacib layihələr həyata keçirilib. Belə ki, il ərzində respublikanın 54 rayonunda, Bakı və Sumqayıt şəhərlərində 90 layihə başa çatıb. Buraya 10 respublika əhəmiyyətli, 64 kəndlərarası, 11 Bakı şəhərinin qəsəbələrarası və 2 ümumşəhər əhəmiyyətli avtomobil yolu layihələri, 2 körpü və bir avtomobil yolu tunelinin tikintisi daxildir. Həmin layihələr 2,2 milyon əhalinin yaşadığı 920 yaşayış məntəqəsini əhatə edən 2 min kilometrdən çox avtomobil yollarıdır. Yeni yollar isə öz növbəsində sərnişin və yükdaşımanın yaxşılaşmasına, ən əsası isə həmin yerlərdə kənd təsərrüfatının və turizmin inkişafını sürətləndirir.

Ötən il, həmçinin 33 körpü, 29 yol ötürücüsü və 4 tunel inşa olunub. Həyata keçirilmiş kompleks tədbirlər çərçivəsində ölkə üzrə birinci texniki dərəcəli avtomobil yollarının uzunluğu 2015-ci ilə nisbətən 448,5 kilometr artırılaraq keçən il 909,5 kilometrə çatdırılıb.

Azərbaycan yük və sərnişindaşınma sahəsində əlverişli tranzit ölkəyə çevrilir

Dünya iqtisadiyyatına sürətli inteqrasiya yolu seçən Azərbaycan tarixi İpək Yolunun bərpasının təşəbbüskarı kimi ötən illərdə bu sahədə böyük nailiyyətlərə imza atıb. Azərbaycanda yaradılmış əlverişli investisiya mühitinin nəticəsidir ki, son illər ölkəmizdə yol infrastrukturunun yenidən qurulması ilə bağlı layihələrin maliyyələşdirilməsində beynəlxalq maliyyə qurumları da yaxından iştirak edir. Bunun nəticəsidir ki, 2018-ci ildə respublikamızda beynəlxalq əhəmiyyətli avtomobil yollarının yenidən qurulması istiqamətində mühüm işlər görülüb. "Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin bir hissəsini təşkil edən Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi yeni avtomobil yolunun açılışı isə, heç şübhəsiz, ötən ilin ən yaddaqalan hadisələrindən biri olub. Yeni yolun istifadəyə verilməsi tranzit yük və sərnişindaşımanın həcmini artırmaqla yanaşı, respublikamızın cənub bölgəsində turizmin və kənd təsərrüfatının inkişafına da müsbət təsir göstərəcək. Hazırda bu yolun 170 kilometrlik hissəsinin ödənişli olması ilə bağlı müvafiq işlər görülür.

Keçən il "Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin digər hissəsini təşkil edən və Bakı–Quba–Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun 92 kilometrlik hissəsinin tikintisinə də başlanılıb. Hazırda Bakı–Quba–Rusiya ilə dövlət sərhədi avtomobil yolunun 45-ci kilometrliyindən, H.Z.Tağıyev qəsəbəsindən başlayan və 92 kilometr uzunluğunda olan yol 1b texniki dərəcəyə uyğun inşa edilir. Dörd hərəkət zolaqlı olacaq yola hər hansı maneənin çıxmasının qarşısını almaq məqsədilə lazımi tədbirlərin görülməsi və yolun hər iki tərəfdən çəpərlənməsi nəzərdə tutulur. Yeni yolun sözügedən hissəsi boyunca 2 yol qovşağı, 1 yolötürücü, 1 kanal körpüsü, 4 düzbucaqlı yeraltı avtomobil keçidi, 33 müxtəlif ölçülərdə düzbucaqlı və dairəvi beton boruların tikintisi, meliorasiya xətləri ilə kəsişmələrdə müvafiq tədbirlərin görülməsi, müxtəlif gərginlikli elektrik-rabitə xətlərinin, su, beynəlxalq əhəmiyyətli qaz və neft xətlərinin köçürülməsi, yolun ayırıcı zolağında ümumilikdə cəmi 31 min poqonmetr beton baryerlərin tikilməsi planlaşdırılır. Layihə çərçivəsində nəzərdə tutulan 24 körpüdən 6-da işlər tamamlanıb, 4 körpüdə tamamlanma işləri və 7-də isə geoloji qazıntı, svayvurma və digər tikinti işləri qismən görülüb.

Ötən ilin oktyabrında istifadəyə verilən Mingəçevir-Bəhramtəpə avtomobil yolunun 112 kilometrlik Qarağacı-Bəhramtəpə hissəsi isə yük və sərnişindaşımanın səmərəliliyinin artırılmasında mühüm rol oynayacaq. Bu yolun açılışı ölkənin yol təsərrüfatının uğurlarından biri kimi diqqət çəkir. Həmin yol bu bölgədə turizm sektorunun və kənd təsərrüfatının sürətli inkişafı ilə yanaşı, nəqliyyat xərclərinin də xeyli azalmasına imkan yaradacaq.

Bu il 50 yol infrastruktur layihəsi icra olunacaq

Cari ildə investisiya proqramında yol tikintisi üçün kifayət qədər vəsait nəzərdə tutulur. Belə ki, bu il ilkin mərhələdə ümumi uzunluğu 1000 kilometrdən çox olan 43 rayon üzrə rayon və qəsəbədaxili, kənd və qəsəbələrarası avtomobil yollarını əhatə edən 50 yol infrastrukturu layihəsi icra olunacaq. Bunların sırasında yüzlərlə kənd yolları, eyni zamanda, magistral yolların tikintisinin davam etdirilməsi layihələri var.

Bu il Astaradan İran sərhədinə qədər yeni yol layihəsi icra ediləcək. Belə ki, Astaradan İran sərhədinədək yeni dördzolaqlı yolun tikintisi ilin sonunadək başa çatdırılacaq. Bununla da, yük maşınlarının Astara şəhərinə girmədən, birbaşa sərhədə qədər hərəkəti təmin olunacaq. Cari ildə, həmçinin tikintisi üçün böyük vəsait nəzərdə tutulan Sumqayıt-Rusiya sərhədi yolu da inşa ediləcək. Sahil boyu ilə Rusiya sərhədinə qədər uzanan yeni yol şimal bölgəsində aqrar sahənin və turizmin sürətli inkişafı üçün də əlverişli imkan yaradacaq, həmçinin də Rusiya sərhədinə gedən ikinci yol olacaq.

Bundan başqa, il ərzində şəhərlərarası, şəhərlərdaxili və kənd yolları abadlaşdırılacaq. Eyni zamanda, yol təsərrüfatının ahəngdar işini təmin etmək məqəsdilə bu il 270 yeni maşın və mexanizm alınacaq.

Dövlət başçısının insanların həyat şəraitinin yaxşılaşmasına birbaşa təsir edən avtomobil yollarının tikintisinin davam etdirilməsi ilə bağlı verdiyi tövsiyə və tapşırıqlar ölkənin iqtisadi inkişafının bir qədər də sürətlənməsinə, xüsusən də bölgələrdə turizmin və kənd təsərrüfatının yeni inkişaf mərhələsinə qədəm qoymasına imkan yaradacaq.
 
AZƏRTAC

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR