Bu təşəbbüs nəqliyyat sıxlığını əhəmiyyətli dərəcədə azalda bilər - RƏY

Bu təşəbbüs nəqliyyat sıxlığını əhəmiyyətli dərəcədə azalda bilər - RƏY

Paytaxt yollarında yaranan nəqliyyat sıxlığının əsas səbəblərindən biri də məktəblilərin daşınmasıdır.

Bunu "Finans.az"a Azərbaycan Texniki Universitetinin "Nəqliyyat logistikası və hərəkətin təhlükəsizliyi" kafedrasının professoru Fuad Həsənov son günlər koronavirus infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə məktəblərdə tədrisin dayandırılmasının nəqliyyat sıxlığı və tıxacların azalmasına təsirindən danışarlən deyib. Ekspertin sözlərinə görə, nəqliyyat sıxlığında azalmaları biz yay tətili və digər tətillər ərəfəsində də müşahidə edirik:

"Bakı üzrə demək olar ki, hər rayonda onlarla məktəb fəaliyyət göstərir. Bu məktəblərə əsasən aşağı sinif şagirdlərini valideynlər öz şəxsi avtomobilləri ilə gətirirlər. Bu da paytaxt küçələrində avtomobil sıxlığına yol açır. Eləcə də, şəxsi avtomobili olmayan valideynlər ictimai nəqliyyata üz tutur və bu da istənilən halda sərnişin sıxlığını artırır. Tətil ərəfəsində evdə və ya iş başında olan valideynlərin şəxsi avtomobilləri ilə yola çıxması nəqliyyat axınını təqribən 20% arırır".

Həmçinin məktəblərin qarşısında yaranan parklanma probleminə toxunan ekspert bildirib ki, bir sıra hallarda sürücülər parklanma ilə bağlı qadağaları kobud şəkildə pozurlar:

"Məktəblərin qarşısında şəxsi avtomobillərini park edən valideynlər yolların keçiciliyini azaldırlar. Bəzi hallarda avtomobillər 2-ci və 3-cü cərgədə park edilir. 4 və ya 5 zolaqlı yollarda üçə yaxın cərgənin tutulması nəqliyyat axınının qarşısını alır və orada tıxaclar yaranır".

Ekspertin sözlərinə görə, mövcud vəziyyət göstərir ki, məktəbli avtobuslarının təşkil edilməsi nəqliyyat sıxlığının aradan qaldırılması üçün olduqca önəmlidir:

"Bir neçə müddət əvvəl məktəbli avtobuslarının yaradılması üçün Təhsil Nazirliyi və Bakı Nəqliyyat Agentliyinin əməkdaşlığa başlaması haqqında məlumat yayılmışdı. Bu layihənin həyata keçirilməsi sıxlıq problemlərinin aradan qaldırılması üçün doğru bir təşəbbüsdür. Məktəblilərin xüsusi avtobuslarla daşınma praktikası bütün dünya üzrə özünü doğruldub. Bu təşəbbüs yollara daha az şəxsi avtomobillərin çıxmasına və nəqliyyat sıxlığının azalmasına əhəmiyyətli təsir göstərəcəkdir".

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR