Cənub Qaz Dəhlizinin inşasına 1,4 mlrd. dollar sərmayə qoyulacaq
12 Aprel, 13:24   |    Baxış sayı: 58

Cənub Qaz Dəhlizinin inşasına 1,4 mlrd. dollar sərmayə qoyulacaq

Azərbaycan tərəfi Cənub Qaz Dəhlizinin tikintisi çərçivəsində 2019-cu ildə 1,4 mlrd. ABŞ dolları məbləğində sərmayə yatıracaq.

ONA-nın Almaniya-Azərbaycan Xarici Ticarət Palatasının dərc etdiyi "Market Analysis Azerbaijan 2019” adlı xüsusi nəşrinin verdiyi məlumata görə, "Cənub Qaz Dəhlizi” QSC 2018-ci ilin sonunadək layihənin reallaşdırılmasına 9,8 mlrd. dollar sərmayə yatırıb (11,5 mlrd. dollar nəzərdə tutulub).

Proqnozlara görə, ümumiyyətlə, Cənub Qaz Dəhlizinin yaradılması 40 mlrd. dollara başa gələcək.
Qeyd edək ki, Avropa bazarlarına Azərbaycan qazının çatdırılmasını təmin etmək üçün, Azərbaycan Respublikasının Prezidenti 29 oktyabr 2013-cü il tarixində "Şahdəniz" qaz-kondensat yatağının tammiqyaslı işlənilməsi, Cənubi Qafqaz Boru Kəməri sisteminin genişləndirilməsi, Trans-Anadolu Boru Kəməri (TANAP) və Trans-Adriatik Boru Kəməri (TAP) layihələrinin (birlikdə "Layihələr”) səmərəli şəkildə həyata keçirilməsi ilə bağlı dövlət tərəfindən nəzarət və hərtərəfli kömək göstərilməsini təmin etmək məqsədi ilə Dövlət Komissiyası yaradılması haqqında sərəncam imzalamışdır.

Azərbaycan Respublikasının Prezidenti 25 fevral 2014-cü il tarixində Layihələr üzrə Dövlətə məxsus payların konsolidasiya edilməsi, idarə olunması və maliyyələşdirilməsi məqsədilə "Cənub Qaz Dəhlizi” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında sərəncam imzalamışdır. CQD Dövlət (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi) (51%) və SOCAR-ın (49%) təsisçiliyi ilə 31 mart 2014-cü il tarixində yaradılıb.

Yuxarıda qeyd olunan sərəncama uyğun olaraq, SOCAR-ın Layihələr üzrə bütün iştirak payları CQD-yə ötürülmüşdür və bu payların maliyyələşdirilməsi CQD tərəfindən həyata keçirilir (Şahdəniz və SCP layihələrində 10% iştirak paylarının ötürülməsi 2023-cü ildə qabaqcadan razılaşdırılmış müəyyən şərtlərin yerinə yetirilməsindən sonra nəzərdə tutulmuşdur).

CQD-nin adından Layihələr üzrə əməliyyat işlərini SOCAR həyata keçirir. //Ona.az