DANX: Sərnişin və yük daşımalarında qaydalar dəyişdirilir

DANX: Sərnişin və yük daşımalarında qaydalar dəyişdirilir

"Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti (DANX) Keyfiyyət Xartiyasında nəzərdə tutulmuş tələblərə uyğun olaraq hüquqi normativ aktlarda dəyişikliklər edilməsi barədə layihələr hazırlayıb, aidiyyəti üzrə təsdiq olunması üçün təqdim edib və aktlar qəbul edib".

Bu barədə DANX-nin mətbuat katibi Nuridə Allahyarova bildirib.

O xatırladıb ki, Prezident İlham Əliyev avqust ayının 28-də "Avtomobil Nəqliyyatı haqqında” qanunda dəyişiklik edilməsinə dair tarixi fərman imzalayıb: "1998-ci il noyabrın 27-də imzalanmış müvafiq qanunla Azərbaycan "Avropa Nəqliyyat Nazirləri Konfransı haqqında Protokol”a qoşulub. Azərbaycanın da həqiqi üzv oduğu Beynəlxalq Nəqliyyat Forumunun hazırda 57 üzvü var. BNF-nin üzvü olmaq Azərbaycan daşıyıcılarının müəyyən edilmiş sayda BNF-nin təsis etdiyi çoxtərəfli "İcazə”lərlə təmin olunması deməkdir. Bu "İcazə”lərlə Azərbaycan daşıyıcıları üzv dövlətlərin ərazisinə/ərazisindən ikitərəfli daşımalar, tranzit keçid və 3-cü ölkədən/ölkəyə daşımaları heç bir maneə ilə rastlaşmadan həyata keçirə bilirlər.

Beynəlxalq Nəqliyyat Forumu üzv ölkələrinin daşıyıcılarına onların ərazilərində beynəlxalq avtomobil daşımalarının effektiv və səmərəli həyata keçirilməsi üçün müxtəlif tədbirlər və layihələr hazırlayaraq təsdiq edir.

Bu qəbildən olan növbəti layihə 2015-ci ilin may ayının 26-da BNF-nin Almaniyada keçirilən nəqliyyat nazirlərinin Sammitində üzv ölkələrin beynəlxalq nəqliyyat daşımalarına vahid tələblərin tətbiq edilməsini nəzərdə tutan Keyfiyyət Xartiyasıdır”.

O vurğulayıb ki, eyni zamanda Nazirlər Kabinetinin 2019-cu il 11 aprel tarixli 157 nömrəli qərarı ilə "Ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə beynəlxalq və ölkədaxili sərnişin və yük daşımalarını yerinə yetirən sürücülərin peşə fəaliyyətinə və davranışına, iş və istirahət rejiminin xüsusiyyətlərinə, habelə avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair hazırlıq üzrə Xüsusi Proqram” təsdiq edilib: "Keyfiyyət Xartiyasının tələblərinə görə BNF-nin üzv ölkələrində beynəlxalq avtomobil daşımalarını yerinə yetirən sürücülərin iş və istirahət rejiminə riayət edilməsi, nəqliyyat müəssisələrinin sürücülərinin və məsul mütəxəssislərinin bilik səviyyəsinin və peşə hazırlığının yüksəldilməsi, hüquqi və fiziki şəxslərin, onların məsul mütəxəssislərinin beynəlxalq daşımalara buraxılması qaydalarının təkmilləşdirilməsi, sürücülərin ixtisasının artırılması üzrə nümunəvi peşəkar tədris proqramının və əlavə tədris proqramının təsdiq edilməsi, avtomobil daşıylcılarına peşəkarlıq Şəhadətnamələrinin verilməsi üçün ixtisas imtahanın keçirilməsi Qaydaları üzrə hüquqi normativ aktlar təsdiq olunmalıdır”.

 "Yeni qəbul olunmuş sənədlərə əsasən avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yükdaşımaları fəaliyyətini həyata keçirən operatorların işgüzar nüfuz, maliyyə vəziyyəti və peşəkarlıq səriştəsi ilə bağlı meyarlarının və fəaliyyəti faktiki icra edən sürücülərin zəruri hazırlıq və yenidən hazırlıq keçmələri və nəticədə əldə edəcəkləri müvafiq təsdiqedici sənədin Keyfiyyət Xartiyasının tələblərinə uyğunlaşdırılması barədə göstəriş verilib. Qeyd olunanlardan əlavə Azərbaycan avtodaşıyıcılarının mənafelərinin qorunması, rəqabətlilik qabiliyyətlərinin artırılması, Azərbaycan avtonəqliyyat xidmətləri bazarında xarici nəqliyyat vasitələrinin xüsusi çəkilərinin kvotadan artıq olmasına yol verilməməsi üçün kvota-icazə sisteminin təkmilləşdirilməsi üzrə qanunvericilikdə dəyişikliklərin edilməsi barədə bir sıra layihələr tərəfimizdən işlənilib və təsdiq olunması üçün aidiyyəti üzrə təqdim edilib.Bununla əlaqədar təqdim edilmiş layihələrin təsdiq edilməsi sahibkarlığın inkişafına, daşıycıların maddi vəziyyətlərinin artırılmasına, yeni nəqliyyat vasitələrinin alınmasına stimul yaradacaq.Hazırda beynəlxalq daşımalarda iştirak edən nəqliyyat vasitələrinin sayı 2000 ədədə yaxındır. Hədəfimiz bu sayı 10000 ədədə çatdırmaqdır. Bu isə görüləcək tədbirlər nəticəsində 30000 yeni iş yerinin yaranmasına səbəb olacaq”, - deyə o, əlavə edib. 
 

 

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR