Deputat:

Deputat: "Nəzərdə tutulan vergi güzəştlərinin sahibkarlar üçün böyük əhəmiyyəti var"

Azərbaycanda sahibkarlara vergi sahəsində bir sıra güzəştlərin edilməsi nəzərdə tutulur. Belə ki, aprelin 17-də Prezident İlham Əliyevin Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev və İqtisadiyyat naziri Mikayıl Cabbarovun iştirakı ilə videobağlantı formatında keçirdiyi iclasda təklif olunan bir sıra vergi güzəştləri qeyd olunub.

İqtisadiyyat naziri Mikayıl Cabbarovun sözlərinə görə, Vergi Məcəlləsinə dəyişikliklər paketi hazırlanıb və ilk olaraq pandemiyanın bilavasitə təsir etdiyi fəaliyyət sahələri üzrə vergiödəyicilərinə 2021-ci il yanvarın 1-dək olan dövr üzrə bir sıra vergi güzəştləri, o cümlədən vergi tətilləri təklif olunub.

Həmin güzəşt təkliflərini "MediaPost"a şərh edən Milli Məclisin deputatı Vahid Əhmədov bildirdi ki, dövlət başçısının göstərişi əsasında koronavirusla bağlı tədbirlər planında vergi güzəştləri də nəzərdə tutulurdu:

"Karantin müddəti ərzində bu tədbirlər davamlı olacaq. Karantin rejiminin yumuşaldılması halında belə, sahibkarlarla əlaqədar müəyyən problemlərin həlli ilə bağlı vergi güzəştləri həyata keçiriləcək. Bu güzəştlər sahibkarlar üçün çox vacibdir. Fikrimcə, 10-15 gündən sonra karantin rejimində yumuşaldılma baş verə bilər və bu müddətdən sonra sahibkarların müəyyən hissəsinin - kiçik və orta sahibkarların fəaliyyətə başlaması, məqsədəuyğun olar. Bu sahibkarlar ötən iki ay ərzində kifayət qədər ziyan çəkiblər. Cənab Prezidentin göstərişi ilə həmin ziyanı ödəmək üçün vergi güzəştlərinin təmin edilməsi ilə bağlı göstəriş verilib və bu göstəriş də həyata keçirilib".

Millət vəkili bildirdi ki, qeyd olunan vergi güzəştləri hələ ki, təkliflərdir: "Bu təkliflərin qüvvəyə minməsi üçün müəyyən qərarlar verilməlidir. Hətta fövqəl vəziyyəti nəzərə alaraq Milli Məclisdə qərarlar verilməsə belə, Cənab Prezident tərəfindən müəyyən göstərişlər və sərəncamlar olmalıdır ki, bu təkliflər həyata keçirilsin. Bundan sonra konkret rəqəmlərdən danışmaq olar. Çünki burada müəyyən hesablamalar həyata keçirilməlidir. Dövlət hazırda kifayət qədər vəsait xərcləyir və maliyyə bazarına kifayət qədər vəsait buraxılıb ki, əhalinin aztəminatlı təbəqələri təmin olunsun".

V. Əhmədovun sözlərinə görə, təkliflərdə nəzərdə tutulan güzəştlərin sahibkarlar üçün çox böyük əhəmiyyəti var: "Çünki sahibkarlar da kifayət qədər əhali ilə işləyir. Sahibkarlıq subyektlərinin vergidən azad edilməsi və müəyyən qədər güzəştlərə gedilməsi, həmin sahibkarların işçilərini qoruyub saxlamağa da imkan verəcək".

Qeyd edək ki, sözügedən güzəşt tədbirində əmlak və torpaq vergiləri üzrə tam məbləğdə vergi güzəştlərinin verilməsi, əldə edilən mənfəətin, gəlirin 75 faiz miqdarında vergi güzəşti kimi, fiziki şəxslərdən daşınmaz əmlakın icarəsi üzrə ödəmə mənbəyində tutulan verginin dərəcələrinin 50 faiz, yəni 14 faizdən 7 faizə endirilməsi, ictimai iaşə və ölkədaxili sərnişindaşıma fəaliyyəti üzrə sadələşdirilmiş vergi məbləğinə 50 faiz güzəştin verilməsi və digər tədbirlər nəzərdə tutulur.

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR