Dollar kreditləri üzrə kompensasiya düşən 28 min nəfər pulunu götürməyib

Dollar kreditləri üzrə kompensasiya düşən 28 min nəfər pulunu götürməyib

Prezident İlham Əliyevin "Fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli fərmanının icrası uğurla başa çatdırılıb.

EkoNews xəbər verir ki, bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasının açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, indiyə qədər kompensasiya hesablanmış vətəndaşların 95,5%-nə ödənişlər edilib ki, bu da ayrılmış məbləğin 91,4%-ni təşkil edir. Müxtəlif səbəblərə görə (ölkə xaricində olduğundan, vəfat etdiyindən və s.) kompensasiya almaq üçün müraciət etməmiş 27,5 min nəfər mövcuddur ki, onların da 20,5 mini ləğv prosesində olan bankların və bank olmayan kredit təşkilatlarının, 7 mini isə fəaliyyətdə olan bankların müştəriləridir. Həmin vətəndaşlar və onların varisləri bundan sonra da banklara, eləcə də Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus "Azırpoçt” MMC-yə müraciət edərək kompensasiyalarını ala bilərlər.

Bundan əlavə, 13 minə yaxın vətəndaşın müraciəti üzrə isə araşdırmalar davam edir ki, Palatada yaradılmış Apellyasiya Komissiyası çərçivəsində bu müraciətlərin növbəlilik prinsipi əsasında cavablandırılması təmin ediləcəkdir.

İcra edilmiş ödənişlər Maliyyə Nazirliyi tərəfindən 6 tranş çərçivəsində ayrılmış 600,1 milyon manat məbləğində vəsait hesabına həyata keçirilmişdir. Bu vəsait 562 min nəfər fiziki şəxsin 288,8 milyon manat ödəniş müddəti keçmiş kreditlərinə yönəldilmiş, 311,3 milyon manat isə müştərilərin sərəncamına verilmişdir.

Bütövlükdə Fərman çərçivəsində 126 mindən çox borcalanın kreditləri üzrə hesablanmış 107 milyon manata yaxın faiz və dəbbə pulları banklar və bank olmayan kredit təşkilatları tərəfindən silinmiş və bu proses davam etməkdədir. Bundan əlavə, 42 min borcalanın kreditləri tamamilə bağlanmış, restrukturizasiya proseslərinə start verilməklə bu günə 10 minə yaxın borcalanın 11 milyon manat məbləğindəki kreditləri güzəştli şərtlərlə restrukturizasiya edilmiş və bu proses cari ilin sonunadək davam edəcəkdir.

Fərmanın icrası çərçivəsində proseslərin şəffaflığının və operativliyinin təmin edilməsi məqsədilə Palata tərəfindən yaradılmış xüsusi elektron portala problemli kreditlərə dair məlumatların sorğulanması üçün 685 min istifadəçi tərəfindən 1.7 milyon sorğu daxil olmuşdur. Ümumilikdə həmin portal üzrə cəmi baxış sayı 3 milyona yaxın olmuşdur. Palatanın 966 çağrı mərkəzinə daxil olan 117 mindən çox zəng cavablandırılmışdır.

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR