Dünya Bankının Azərbaycana ayıracağı kreditin təsdiq tarixi açıqlanıb

Dünya Bankının Azərbaycana ayıracağı kreditin təsdiq tarixi açıqlanıb

Dünya Bankının (DB) Direktorlar Şurasının bu il martın 19-da keçiriləcəyi güman edilən iclasının gündəliyinə Azərbaycanda məşğulluğa dəstək layihəsinin təsdiqlənməsi məsələsi də salınıb.

"Report”a DB-dan bildirilib ki, həmin layihə üçün Beynəlxalq Yenidənqurma və İnkişaf Bankının şərtləri əsasında 100 milyon dollar kredit ayırmaq nəzərdə tutulur.

İlkin mərhələdə 27 inzibati rayonunda həyata keiçiriləcək layihə 2021-ci ildən ölkənin başqa ərazilərni də əhatə edəcək. Layihənin icra olunacağı rayonlar əhalinin sayı və qeydiyyatdan keçən işsizlərin, özünüməşğulluq proqramında iştirak etmək üçün müraciət edənlərin xüsusi çəkisinə görə seçilir. Layihə çərçivəsində heyvandarlıqla əlaqədar olmayan, yalnız hökumətin maliyyəsi ilə həyata keçirilən özünüməşğulluq proqramı çərçivəsində görülən işlər dəstəklənəcək.

Özünüməşğulluq proqramının (SEP) əhatəsini və səmərəsini artırmaq, məşğulluq proqramları və xidmətlərinin fəaliyyətini gücləndirmək, layihənin idarəçiliyi, monitorinqi və qiymətləndirilməsi kimi üç ünsürdən ibarət olan layihə dövründə daha gəlirli iş qura bilən 22 min iştirakçını dəstəkləmək nəzərdə tutulur. Sahibkarlıq fəaliyyətini genişləndirmək niyyətində olan SEP iştirakçıları üçün isə 3500 manat məbləğində qrant ayırmaq nəzərdə tutulur.

DB-dan deyilib ki, bu layihənin məqsədi iqtisadi fəaliyyətlə məşğul olmayan qadınlar, gənclər, ünvanlı sosial yardım alan ailələr, məcburi köçkünlər üçün məşğulluq imkanlarını artırmaqdır. Bununla yanaşı, əlilləri də əmək bazarına cəlb etməklə BMT İnkişaf Proqramının fəaliyyətini dəstəkləmək nəzərdə tutulur. Belə ki, Əmək və Sosial Müdafiə Nazirliyinin məlumatına görə ölkədə sayı 620 minə yaxın olan əlillər hazırda SEP iştirakçılarının 14 faizini təşkil edirlər.

DB ekspertlərinin fikrincə, bu gün Azərbaycanda işləyənlər arasında 22 faiz kimi ifrat dərəcədə kişi-qadın fərqi var, gənclər arasında isə qızların 30 faizinə qədəri təhsilsiz, işsiz, yaxud peşəsi olmayanlardır. Beləliklə, SEP və digər proqramlar vasitəsilə işləyənlər arasında daha çox gender tarazlığına nail olmaq da layihənin mühüm vəzifəsidir.

Xatırladaq ki, Prezident İlham Əliyevin 2016-cı ildə imzaladığı "Əhalinin özünüməşğulluğunun təmin olunmasına dair əlavə tədbirlər haqqında” sərəncamı çərçivəsində həyata keçirilən özünüməşğulluq proqramı əhalinin iqtisadi fəallığının və əmək məhsuldarlığının, ailə gəlirlərinin yüksəlməsinə, yeni iş yerlərinin açılmasına, vergi ödəyicilərinin çoxalmasına, sosial sığorta ödənişlərinin artmasına yönəlib.

Bundan əvvəl Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev öşünüməşğulluq proqramının 2020-ci ildə 60 mindən çox sakini əhatə edərək 15 min mikro təsərrüfatın yaranmasına səbəb ola biləcəyini, İşsizlik Sığorta Fondu hesabına 7 min ailənin, DB vəsaiti hesabına isə daha 7-8 min ailənin sözügedən proqrama cəlb etməyi hədəflədiklərini açıqlamışdı.

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR