Dövlət Gömrük Komitəsində gömrük təmsilçiləri ilə görüş

Dövlət Gömrük Komitəsində gömrük təmsilçiləri ilə görüş

Aprelin 12-də Dövlət Gömrük Komitəsində (DGK) gömrük təmsilçiləri ilə görüş keçirilib.

Komitənin mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən EkoNews-a bildirilib ki, görüşdə DGK sədrinin birinci müavini, gömrük xidməti general-mayoru İsmayıl Hüseynov, komitə sədrinin müavini, gömrük xidməti general-mayoru Cavad Qasımov, baş idarə rəisləri, aidiyyəti qurumların rəhbərləri, gömrük təmsilçiləri iştirak edib. İ.Hüseynov ticarətin asanlaşdırılması, vətəndaş məmnuniyyətinin təmin olunması istiqamətində Prezident İlham Əliyev tərəfindən ciddi islahatlar həyata keçirildiyini, bu islahatların əsas istiqamətlərindən birinin də münbit və şəffaf biznes mühitinin yaradılması olduğunu deyib. Qeyd edib ki, ölkəmizin gömrük orqanları bu sahədə qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi məqsədilə ciddi addımlar atır və artıq gömrük-biznes münasibətlərində məmur-vətəndaş təması minimuma endirilərək şəffaflıq təmin edilib.

Gömrük işinin səmərəli və şəffaf şəkildə həyata keçirilməsində gömrük təmsilçilərinin mühüm rol oynadığını söyləyən komitə sədrinin birinci müavini uzun illərdir təşkil edilməsinə baxmayaraq gömrük təmsilçiliyi institutlarının peşəkarlığının, bilik və bacarıqlarının artırılmasına ciddi ehtiyac olduğunu vurğulayıb, qarşılıqlı işgüzar əməkdaşlıq müstəvisində bu məsələlərin həllini tapacağına ümidvar olduğunu bildirib.

C.Qasımov isə son illərdə gömrük orqanlarında aparılan islahatlar nəticəsində biznes nümayəndələri üçün əlverişli şəraitin yaradıldığını diqqətə çatdırıb. Həyata keçirilən islahatlardan gömrük təmsilçilərinin də faydalanmasının vacibliyinə toxunan komitə sədrinin müavini bu sahədə fəaliyyət göstərən qurumların və şəxslərin gömrük qanunvericiliyini mükəmməl şəkildə mənimsəməsinin biznes mühitinin yaxşılaşdırılmasına, şəffaflığın təmin olunmasına, gömrük əməliyyatlarının sürətli və asan şəkildə həyata keçirilməsinə münbit şərait yaradacağını bildirib.

Dövlət Gömrük Komitəsinin gömrük təmsilçilərinə daim dəstək göstərdiyini qeyd edən komitə sədrinin müavini gömrük orqanları tərəfindən təmsilçilər üçün xüsusi kursların, seminar və təlimlərin təşkil ediləcəyini vurğulayıb. Diqqətə çatdırılıb ki, məqsəd gömrüklə biznes arasında körpü rolu oynayan təmsilçilik institutlarının peşəkarlığının və xidmət səviyyəsinin artırılmasıdır.

Sonda mövzu ilə bağlı fikir mübadiləsi aparılıb, rəy və təkliflər dinlənilib, gömrük təmsilçilərinin sualları cavablandırılıb.

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR