Ekspert:

Ekspert: "Səki çıxıntıları Bakı şəhərində bütün küçələrdə tətbiq olunmalıdır"

Bakı Nəqliyyat Agentliyi (BNA) tərəfindən yolların layihələndirilməsi həyata keçirilir və layihələndirmə zamanı yollarda çıxıntılar inşa edilir. Belə çıxıntıların inşa edilməsi paytaxt küçələrindən birində, yəni Məzahir Rüstəmov küçəsində təşkil edilib.

Sözügedən küçədə belə çıxıntıların inşa edilməsinin əhəmiyyəti nədən ibarətdir?

Məsələ ilə bağlı "MediaPost"a açıqlama verən nəqliyyat üzrə ekspert Rauf Ağamirzəyev bildirdi ki, bu növ layihənin ilk olaraq mərkəzdə yox, kənarda icra olunması sevindirici haldır:

"Bu isə hər bir işin paytaxtın yalnız mərkəz hissəsində görülməsi ilə bağlı yanlış düşüncənin qarşısını alır. Yollarda səki çıxıntılarının inşa edilməsinin bir sıra müsbət tərəfləri var. Belə ki, bu çıxıntılar sürücülərin piyada zolağına yaxınlaşdıqda psixoloji olaraq sürətini azaltmasına səbəb olacaq. Həmçinin bu layihə piyada təhlükəsizliyinin təmin olunmasına da birbaşa təsir edir".

Ekspertin sözlərinə görə, yollardakı səki çıxıntıları bütün hərəkət iştirakçılarının tam rahat hərəkətinə şərait yaradır:

"Layihənin parklanma ilə bağlı müsbət tərəfi odur ki, orta zolaqlar daim hərəkətdədir, kənarlarda qalan hissələr isə parkinq üçün effektiv ola bilər. Bu zaman bütün hərəkət iştirakçıları - həm piyadalar, həm də nəqliyyat vasitələri tam rahat hərəkət edir və park edilmiş avtomobil hərəkətin təşkilinə mane olmur. Həmçinin çıxıntılar piyada zolağı olan hissələri eyni səviyyəyə qaldıraraq sürətin azaldılmasına səbəb olur ki, bu da piyada təhlükəsizliyi üçün önəm daşıyır".

R. Ağamirzəyev əlavə edib ki, Bakı şəhərinin daxilindəki bütün küçələrdə bu növ layihələr tətbiq olunmalıdır:

"Sıx yaşayışın olduğu yerlərdə piyadanın hərəkəti daha çoxdur ki, bu da onların təhlükəsizliyi məsələsini aktual edir. Piyadaların mobilliyinin və təhlükəsizliyinin təmin edilməsi üçün bu cür yanaşmanın hər küçədə tətbiq olunması məqsədəuyğun olardı. Bu layihə həm də iki dövlət qurumunun koordinasiyalı işini ortaya qoyur. Yəni, layihənin müəllifi BNA, icraçı qurum isə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyidir. Bu şəkildə koordinasiyalı işlər həyata keçirilərsə, daha müsbətə doğru layihələrin icrasını müşahidə edəcəyik".

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR