Ekspert:

Ekspert: "Sərnişinlər BNA-nın sosial məsafə qaydalarına əməl etməlidirlər"

Koronavirus (COVID-19) infeksiyasının sürətlə yayıldığı bir vaxtda bütün dövlətlər yoluxmanın qarşısını almaq məqsədilə bir sıra tədbirlər görür. Sosial təcridetmənin artırılması üçün Azərbaycanda da sabahdan etibarən xüsusi karantin rejiminin gücləndirilməsi ilə bağlı qərar qəbul olunub.

Virusun yayılmasında ən təhkükəli məkanın ictimai nəqliyyat olduğunu nəzərə alaraq, Bakı Nəqliyyat Agentliyi (BNA) də öznövbəsində "BakuBus" avtobuslarında sosial məsafənin gözlənilməsi qaydalarını tətbiq edib.

Məsələ ilə bağlı "Finans.az"a açıqlama verən nəqliyyat üzrə ekspert Azər Allahverənov atılan addımların bilavasitə ölkə əhalisinin sağlamlığının təmin olunmasına hesablandığını bildirib:

"Beynəlxalq təcrübədən danışsaq deyə bilərik ki, bir sıra dövlətlərdə hətta parklardan oturacaqların belə sökülməsi kimi absurd qərarlar verilir. Çünki insanlar qoyulmuş tələblərə uyğun davranmır və qaydaları pozmağa meyllidirlər. Nəticə etibarilə, hökumət daha sərt addımlar atmağa məcburdur. Azərbaycana gəldikdə isə çox ciddi şəkildə müşahidə olunan məsələ insanların qoyulan bütün tələblərə baxmayaraq yenə də zəruri təhlükəsizlik tədbirlərinə əməl etməməsidir. Ən zəruri tələb olan qoruyucu maska və əlcəklərdən istifadəyə laqeyd yanaşılır".

Ekspertin sözlərinə görə, mövcud vəziyyətdə BNA məcburdur ki, ictimai nəqliyyatda sosial məsafə prinsipini tətbiq etsin:

"Hazırda vətəndaşlarımız yalnız istədikləri nöqtəyə getmək üçün ictimai nəqliyyatdan istifadə edirlər. Lakin əsas məqsəd bu olmamalı, insanlar minimum təhlükəsizlik qaydalarına riayət etməlidirlər. Əksər avtobusların giriş hissəsində dezinfeksiyaedici məhlullar mövcuddur və insanlar bundan asanlıqla istifadə edə bilirlər. Həmçinin avtobusa daxil olarkən və kartı vurarkən insanlar müəyyən məsafə saxlamalıdırlar. Lakin biz qapı açılanda hər kəsin qapının önünə toplaşdığının şahidi oluruq. Burada da sıx təmas yaranır. Nərəzə alsaq ki, avtobusa daxil olanların əksəriyyəti maska və əlcəklərdən istifadə etmirlər, bu zaman təhlükəli vəziyyətin çox yüksək olduğunu deyə bilərik. Təbii ki, BNA avtobusa hər daxil olan şəxsə maska və əlcək verə bilməz. Buna görə də BNA daşıyıcı şirkətlərdən dezinfeksiya edici məhlulların hər zaman təchiz edilmiş şəkildə olmasını tələb edə, həmçinin avtobus salonunun daxilində sərnişin axınının idarə olunması ilə bağlı addımlar ata bilər. Bir oturacağın boş saxlanılması, sosial məsafənin qorunması məsələsi də onlardan biridir".

A. Allahverənov vətəndaşların şəxsi təhlükəsizliyini təmin etmək şərtilə BNA-nın müəyyən etdiyi qaydalara riayət etməli olduğunu bildirib:

"Əgər sərnişinlər avtobuslarda sıx şəkildə dayanırsa, bu hal yolverilməzdir. İnsanlar şüurlu sürətdə avtobusda sıxlığın olduğunu gördükdə növbəti avtobusu gözləməlidirlər. Belə vəziyyətlərdə fəaliyyəti məhdudlaşdırılmayan müəssisə sahibləri işçilərinin gecikmə hallarının ola biləcəyini də nəzərdə saxlamalı və işçilərinin daha təhlükəsiz halda iş yerinə çatmasında maraqlı olmalıdırlar. Sosial məsafə ilə bağlı BNA-nın bu addımı alqışlanmalıdır. Həmçinin infeksiyanın yayılmasının qarşısını almaq üçün yeni tədbirlərin tətbiqinə də ehtiyac var".

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR