Ekspert:

Ekspert: "Süni qiymət artımını aradan qaldırmaq üçün qanun bazası yenilənmilidir"

"Süni qiymət artımının İlham Əliyev tərəfindən qabardılması müsbət haldır və biz gələcəkdə bunun müsbət nəticələrini görə bilərik”.

 

Bu sözləri EkoNews-a açıqlamasında İlham Əliyevin dünən keçirilən müşavirədə süni qiymət artımının aradan qaldırılması ilə bağlı verdiyi tapşırığı şərh edən iqtisadçı ekspert Natiq Cəfərli deyib.


"Əslində normal iqtisadi sistemdə, rəqabətədavamlı iqtisadiyyatda süni qiymət artımı mümkün deyil. Əgər mümkündürsə, süni qiymət artımı varsa, deməli doğurdanda ölkədə intihisarçılıqla bağlı ciddi problem var və bu həllini tapmayıb. İnhisarçılar öz aralarında sövdələşməyə gedərək süni qiymət artımına səbəb ola bilərlər. Normal rəqabətli mühitdə qiymət artımı mümkün deyil. Çünki digər rəqiblərin bazar payını almaq üçün onlar qiymət siyasəti ilə bağlı ciddi addım atacaqlar. Bu zaman qiymətin iqtisadi tənzimlənməsi baş verəcək" deyə ekspert bildirib.


Ekspert qeyd edib ki, əsas məsələ inhisarçılıqla mübarizədir və qanun bazası yenilənməlidir:

 

"İlk növbədə "Rəqabət Məcəlləsi” qəbul olunmalı və bu qanuna uyğun olaraq rəqabətli mühitin yaradılması, daha da genişləndirilməsi üçün işlər görülməlidir  ki, süni qiymət artımı olmasın. 2008-ci ildə "Rəqabət Məcəlləsi” ilk oxunuşda Milli Məclisdən keçib, amma bu günə qədər qəbul olunmayıb".

 

Natiq Cəfərli bildirib ki, bu problemin prezident tərəfindən qaldırılması müsbət haldır və biz bunun gələcəkdə müsbət nəticələrini görə bilərik: "Problemin qaldırılması müsbət hal olduğuna görə məsələnin həlli ilə bağlı nəticə olaraq müəyyən addımların atılmasına ehtiyac var. Yəni həm "rəqabətli mühit”in gücləndirilməsi ilə bağlı işlər görülməlidir, həm də süni qiymət artımını yaradan səbəblərin tapıblaraq aradan qaldırması yönündə işlər görülməlidir".

 



Nağdsız ödənişlərin artırılması üçün əhalini stimullaşdıran tədbirlər görülməlidir.


İlham Əliyevin nağdsız ödənişlər haqqında səsləndirdiyi fikirlərə də münasibət bildirən Natiq Cəfərli qeyd edib ki, nağdsız ödənişlərin artırılması vacibdir:

 

"Biz də dəfələrlə ictimai çıxışlarımız zamanı bu məsələyə toxunmuşuq. Burda vacib məsələ nağdsız ödənişlərin "Kölgə iqtisadiyyatı"nın əsas düşməni olmasıdır. Əgər biz "Kölgə iqtisadiyyatı”nı aradan qaldırmaq istəyiriksə, nağdsız ödənişlərin həcmini artırmalıyıq. Bəzi ölkələr var ki, onlarda nağdsız ödəniş göstəricisi daha çoxdur. Məsələn, Avropada orta hesabla bu göstərici 70 faiz civarındadır. Bu yaxınlarda Avstraliya hökuməti bəyan etdi ki, ölkə ərazisində göstərici 96 faizdir. Bu da artıq rekord deməkdir.

 

Həm onlayın ticarət, həm də nağdsız ödənişlərin artması, əhalinin davranış qaydalarının dəyişməsi üçün müəyyən təşviqedici addımlara ehtiyac var. Düzdür, bunun üçün müəyyən addım atılsa da, hələ ki, davamı gəlməyib. Yanvarın 1-dən qərar var ki, nəğdsız ödəniş zamanı, ödənmiş əlavə dəyər vergisinin 15%-i vətəndaşa geri qaytarımalıdır. Ancaq hələ də bu məslənin mexanizmi ilə bağlı Nazirlər Kabineti heç bir qərar qəbul etməyib.

 

İnsanlarda stimul üçün bu məsələ ilə bağlı mexanizm yaradılmalıdır. Bundan əlavə onu bildirim ki, kartla ödəniş edilən zaman əldə edilən çekin hər biri unikal nömrəyə malikdir və nömrələrin Nazirlər Kabineti və ya müvafiq orqanlar tərfindən lotereya biletinə çevrilməsi üçün tədbirlər görülməlidir. Mən bir neçə dəfə bu biletlərlə ayda bir dəfə televiziyalar vasitəsi ilə lotereya oynanılaraq qiymətli hədiyyələr şansı verilməsini təklif etmişəm ki, əhalidə bu sahəyə maraq yaransın. Stimulun artması əhalini daha çox plastik kartlarla ödəniş etməyə təşviq edəcək ki, bu da nağdsız ödəniş sahəsində ciddi artıma gətirib çıxaracaq".


Günay İlqarqızı

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR