Ekspert: “Tələbə şəhərcikləri şəhər kənarında olmalı, məktəb avtobusları fəaliyyət göstərməlidir”

Ekspert: “Tələbə şəhərcikləri şəhər kənarında olmalı, məktəb avtobusları fəaliyyət göstərməlidir”

Ekspert hər bir məktəbin şəxsi avtobuslarının fəaliyyət göstərməsinin vacibliyini vurğulayıb.

Koronavirus infeksiyası səbəbilə təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesinin dayandırılması paytaxtın avtomobil yollarındakı vəziyyətə də təsir göstərib. Belə ki, martın 3-dən etibarən paytaxt yollarında avtomobil sıxlığının azaldığı müşahidə olunur.

Nəqliyyat üzrə ekspert Eldəniz Cəfərov "MediaPost” saytına bildirib ki, paytaxt yollarında sıxlığın azalması təkcə bu günlərdə deyil, ənənəvi tətil vaxtlarında da müşahidə edilir:

"Tək indi deyil, adi məktəb tətillərində də şahidi oluruq ki, Bakının yollarında sıxlıq aradan qaldırılır və avtomobillərin hərəkət intensivliyi azalır. Çünki Bakı şəhərindəki məktəb və universitetlərin böyük əksəriyyəti şəhərin mərkəzində cəmləşib. Bir müddət əvvəl universitetlərin şəhər mərkəzindən kənara çıxarılması layihəsi var idi. Təəssüf ki, bu layihə hələ də həyata keçirilməyib. Bildiyimə görə universitetlər üçün yerlər də ayrılmışdı.Yaxşı olardı ki, yaxın illərdə Bakı şəhərinin mərkəzində olan universitetlər şəhərin kənarına çıxarılsın və orada tələbə şəhərcikləri yaradılsın. Bu çoxdankı bir layihədir, amma nədənsə ləngiyir".

Ekspert hər bir məktəbin şəxsi avtobuslarının fəaliyyət göstərməsinin vacibliyini vurğulayıb. Onun sözlərinə görə məktəb avtobusları yollarda sıxlığın azalmasında böyük rol oynaya bilər: "Düşünürəm ki, bu məsələnin həll edilməsi elə də çətin deyil. Bakı Nəqliyyat Agentliyi bu barədə Təhsil Nazirliyi ilə müəyyən danışıqlar aparıb. Yaxşı olardı ki, həmin danışıqların nəticəsi və iki qurum arasında olan məsələ ictimaiyyətə də ətraflı açıqlansın. Valideynlər də burada fəal iştirak etsinlər və məktəb avtobusunun forma və funksiyasının necə olacağı barədə kolektiv şəkildə qərara gəlinsin. Biz əvvəllər də şahidi olmuşuq ki, hər hansı bir məsələ hansısa iki qurum arasında danışılanda və o haqda cəmiyyətə ətraflı məlumat verilməyəndə həmin məsələ illərlə həll edilməmiş qalır. Amma ictimaiyyətin bundan xəbəri olanda və bu məsələ gündəmdə saxlanılanda biz onun tez həllini tapdığının şahidi oluruq. Bir daha qeyd edirəm ki, bütün universitetlərin Bakı şəhərinin mərkəzindən kənarına çıxarılması vadibdir. Tələbə şəhərcikləri Bakı şəhərinin kənarında yaradılmalıdır. Həmçinin məktəb və universitet avtobusları fəaliyyət göstərməlidir. İlkin pilot layihə olaraq şəhərin mərkəzində heç olmasa 5 məktəbdə məktəb avtobuslarının fəaliyyəti tətbiq edilə bilər”.

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR