Ekspert: “Yeni yollarda əlavə nişanlardan istifadə edilməlidir”

Ekspert: “Yeni yollarda əlavə nişanlardan istifadə edilməlidir”

Bakı Nəqliyyat Agentliyi (BNA) küçə və prospektlərdə müxtəlif dəyişikliklər aparır. Misal olaraq yollarda çıxıntıların inşa edilməsini, "cib” tipli avtobus dayanacaqlarının yaradılmasını və digər addımları göstərmək olar. Piyada və sürücülər isə bəzən bu dəyişikliklərə uyğunlaşmaqda çətinlik çəkdiklərini bildirirlər. Məsələn, sürücülər yeni inşa edilən çıxıntıları bu vaxta qədər görməyə öyrəşmədiklərini və buna görə də avtomobili səhvən o çıxıntıların üzərinə sürdüklərini deyirlər.

Yollarda yeniliklərə sürücü və piyadaların daha tez adaptasiya olması üçün hansı addımlar atılmalıdır?

Mövzu ilə bağlı nəqliyyat üzrə ekspert Rauf Ağamirzəyev "Editor.az” saytına açıqlama verib. Ekspert ilk öncə bu dəyişikliklərin daha sürətlə aparılmalı olduğunu qeyd edib:

"Dünyanın müasir şəhərlərində yol infrastrukturu salınarkən əsas prioritet piyada hərəkət üçü əlverişli şəraitin yaradılması olur. Daha sonra velosiped, ictimai nəqliyyat və ən son sırada şəxsi avtomobilləri hərəkəti nəzərə alınır. Küçədə bütün hərəkət iştirakçılarının rahat və təhlükəsiz hərəkəti təmin olunmalıdır. Bu məqsədlə BNA da bir sıra tədbirlər həyata keçirir. Misal olaraq, yolların optimallaşdırılması və "ideal səki” layihələrini göstərmək olar. Bu tədbirlərin icrası çox müsbət haldır. Amma bu işlərin daha sürətli və daha geniş arealda görülməsinə ehtiyac var. Onda piyada və sərnişinlərin də buna reaksiyası yalnız müsbət olar”.

R.Ağamirzəyevə görə sürücülərin şikayətlərinin səbəbkarı BNA deyil:

"Podratçılar və istismara nəzarət edən təşkilatların işlərində bəzi boşluqlar nəzərə çarpır. Dəyişiklik edilən yollarda ciddi işıqlandırma, üfüqi nişanlanma və ənənəvi nişanlardan əlavə nişanların da olması zərurəti vardır. Bu, həm tikinti dövründə, həm də tikintidən sonra olmalıdır. Bakı aktiv şəkildə tikinti işləri aparılan şəhərdir. Tikinti gedən ərazidə nişanlar daha çox olmalıdır ki, sürücü bu əraziyə yaxınlaşanda sürəti azaltsın. Gözəl olardı ki, hansı yollarda tikinti getməsini göstərən mobil tətbiqlər olsun. Müsbət haldır ki, BNA bu yenilikəri etməyə şəhərin mərkəzindən yox, bir qədər kənardan başladı”.

"Yolların optimallaşdırılması və yeni səkilərin salınması ilə bağlı təbliğat-təşviqat işləri də artırılmalıdır. Yollarda edilən dəyişikliklərə sürücüləri psixoloji hazırlamaq lazımdır. Bu işdə mətbuat və media da yaxından iştirak etməlidir. Yaxşı olardı ki, qısa videoçarxlar da hazırlanıb sosial şəbəkələrdə paylaşılsın”, – deyə ekspert əlavə edib.

Xatırladaq ki, BNA tərəfindən paytaxtda yolların optimallaşdırılması işləri aparılır. Optimalaşdırma layihələri çərçivəsində yollarda çıxıntılar inşa edilir, avtobuslar üçün "cib” tipli dayanacaqlar yaradılır.

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR