Ekspert: “Zərurət olmadan avtobuslardan istifadə edənlər cəzalanmalıdır”

Ekspert: “Zərurət olmadan avtobuslardan istifadə edənlər cəzalanmalıdır”

Koronavirus pandemiyasının ölkədə yayıldığı belə bir həssas dövrdə ictimai nəqliyyat sektorunda da lazımi tədbirlər həyata keçirilib. İctimai nəqliyyat vasitələrinin virusun yayılması baxımından təhlükəli olduğunu nəzərə alaraq Bakıda metronun fəaliyyəti dayandırılıb, insanlara zəruri olmadığı halda evdən çıxmamaq və avtobuslardan istifadə etməmək barədə xəbərdarlıq edilib. Təəssüf ki, bir sıra insanlar hələ də qaydalara etinasız yanaşırlar.

Nəqliyyat üzrə ekspert Natiq Nazimoğlu "Report”a açıqlamasında bildirib ki, bu cür insanlara qarşı sərt tədbirlər həyata keçirilməlidir:

"Digər ölkələrə baxdıqda bizdə polis karantin şəraitində insanlarla çox nəzakətlə davranır, onlara mədəni şəkildə xəbərdarlıqlar edir. Təəssüf ki, bəzi insanlar bu cür rəftardan sui-istifadə edirlər. Dəfələrlə insanlara sosial şəbəkələr, televiziya kanalları vasitəsilə müxtəlif çağırışlar edilib, polis tərəfindən xəbərdarlıqlar irəli sürülüb, lakin bəzi insanlar bunlara hələ də məhəl qoymurlar. Qaydalara bu cür məsuliyyətsiz yanaşan insanlara qarşı daha sərt tədbirlər həyata keçirilməli, zəruri olmadığı halda avtobuslardan istifadə edənlər cəzalanmalıdır. Hətta avtobus müəyyən limitdən artıq sərnişin götürərsə avtobusun məxsus olduğu daşıyıcı şirkət və sürücü də cəzalanmalıdır. Çünki bu dəqiqə çox həssas vaxtdır. Dövlət öz öhdəsinə düşənləri artıq edib. İndi vətədaşlardan tələb olunan məsuliyyətli olmalarıdır. İnsanlar bilməlidir ki, tətbiq edilən bütün qadağalar onların xeyrinədir. İctimai nəqiliyyatda virus daha surətlə yayıla bilər. Çünki burada insanlar arasında yaxın təmas olur. Əgər insanlar zəruri olmadığı halda belə evdən çıxsalar bu zaman avtobuslarda sərnişin sıxlığının qarşısını almaq çətin olacaq. Nəzərə alaq ki, artıq metronun da fəaliyyəti dayandırılıb”.

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR