FED-in 2 gün davam edən iclası başa çatıb.
EkoNews xəbər verir ki, iclasda Federal Ehtiyyatlar Sistemi uçot dərəcəsini 0,25 faiz artıraraq 2-2,25 faiz səviyyəsinə çatdırılması barədə qərar qəbul edib. Bu qərarın ardından ABŞ dolları digər valyutalar qarşısında ucuzlaşsa da, manatın məzənnəsi dəyişməz qalıb.
Bir müddətdir ki, dünya bazarlarında artmaqda davam edən əmtəə və birjalar ucuzlaşmağa başlayıb.
FED-in uçot dərəcəsi artımının Azərbaycana təsirləri haqqında EkoNews-a danışan iqtisadçı-ekspert Rəşad Hüseynov manatın bu qərardan təsir almayacağını bildirib.
"Manat uçot dərəcəsindən hazırda asılı vəziyyətdə deyil. Manatın çəkisi əsasən neft qiymətindən asılıdır ki, bu da hazırda manatın dəyər itirməyəcəyindən xəbər verir".
Ekspert yaxın aylar ərzində milli valyuta ilə bağlı hər hansı dəyişikliyin gözlənilmədiyini də qeyd edib.
"Hazırda neft qiymətləri sürətlə bahalaşmağa doğru irəliləyir. Bu amil manatın daha da möhkəmlənməsinə gətirib çıxardır. Lakin belə olmasa da, Mərkəzi Bankın hazırda psixoloji məqamları nəzərə alaraq devalivasiyaya getməyəcəyini demək mümkündür".
Qonşu ölkələrin valyutasının manat qarşısında dəyər itirməsini ölkə iqtisadiyyatı üçün təhlükə hesab edən Rəşad Hüseynov Türkiyə və İrana Azərbaycanlı investorlar tərəfindən maliyyə axının ola buləcəyini vurğulayıb.
"Hazırda manatın stabil saxlanılmasının mənfi tərəfləri də var. Qonşu ölkərəd baş verən iqtisadi proseslər sözsüz ki, bizə də təsir edəcək. İran və Türkiyə valyutalarının dəyər itirməsi Azərbaycanlı iş adamlarının diqqətindən yayınacağını düşünmürəm. Hazır ki, vəziyyətdə Türkiyə bazarı xüsusi ilə daha əlverişli görünür".
Fariz Əzimov