Yasamal rayon İcra Hakimiyyəti (RİH) vəkil Tahir Əlirzayevin iddiasına münasibət bildirib.
Ekonews.az xəbər verir ki, RİH-dən Qaynarinfo-ya bildirilib ki, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 22 saylı Vəkil Bürosunun müdiri Tahir Əlirzayev 14.03.2019-cu ildə Yasamal Rayon İcra Hakimiyyətinə müraciət edərək Bakı Apellyasiya Məhkəməsinin 1(103)-813/2018 saylı 13.12.2018-ci il tarixli qərarına əsasən ona 240 manat xidmət haqqı ödənilməsini xahiş edib:
"Müraciət daxil olduğu tarixədək və ondan sonrakı dövrlərdə 22 saylı Vəkil Bürosundan heç bir müraciət daxil olmadığından, hər hansı bir ödəniş olunmadığından rayon İcra Hakimiyyəti tərəfindən büro ilə, o cümlədən vəkil T.Əlirzayevlə bir neçə dəfə əlaqə saxlanılaraq müəyyən sənədlər tələb edilib, lakin heç bir cavab verilməyib.
22 saylı Vəkil Bürosu tərəfindən 03.02.2020-ci il tarixdə ikinci dəfə rayon İcra Hakimiyyətinə müraciət olunub və 21.02.2020-ci il tarixdə büroya cavab olaraq bildirilib ki, dövlət hesabına göstərilən hüquqi yardıma görə vəkillərə ödənilməli olan xidmət haqları Azərbaycan Respublikası Prezidentinin 03.04.2019-cu il tarixli, 604 nömrəli fərmanına əsasən 2020-ci ilin yanvar ayından Azərbaycan Respublikası Vəkillər Kollegiyası tərəfindən ödənilir. Bununla bağlı olaraq rayon İcra Hakimiyyətinə vəsait ayrılmadığından vəkil Tahir Əlirzayevin Azərbaycan Respublikası Vəkillər Kollegiyasına müraciət etməsi tövsiyə olunur”.