İctimai nəqliyyat karantin rejimindən hansı nəticələri çıxarmalıdır?

İctimai nəqliyyat karantin rejimindən hansı nəticələri çıxarmalıdır?

Azərbaycanda koronavirus pandemiyası ilə bağlı elan olunmuş karantin rejimi tədricən yumuşaldılır. Pandemiya şəraitində ictimai nəqliyyat vasitəsilə insanların təhlükəsiz və rahat daşınması üçün bir sıra işlər görüldü.

Bəs karantin rejimi ictimai nəqliyyatda hansı çətinlikləri üzə çıxardı? Koronavirus təhlükəsi aradan qalxdıqdan sonra ictimai nəqliyyatda mərhələli şəkildə hansı planları icra etmək daha məqsədəuyğun olar? 

Məsələ ilə bağlı avtosfer.az saytına açıqlama verən nəqliyyat üzrə ekspert Ərşad Hüseynov bildirib ki, nəqliyyat infrastrukturu və yol nəqliyyat təsərrüfatı istənilən fövqəladə hallara və çətinliklərə hazır olmalıdır:

"Koronavirus pandemiyası bunu bir daha sübut etdi. Hazırda ictimai nəqliyyatın, taksi fəaliyyətinin və yol hərəkətinin təşkili və ona nəzarət Bakı Nəqliyyat Agentliyi (BNA) tərəfindən həyata keçirilir. Pandemiyadan əvvəl mövcud olan bu işlər sistemli şəkildə davam etdirilməlidir. Xüsusən, ictimai nəqliyyata və taksi fəaliyyətinə xüsusi diqqət yetirilməli və pandemiya dövründə ortaya çıxan çətinliklərdən dərs çıxarılmalıdır".

Ekspertin sözlərinə görə, metropolitenin fəaliyyətinin müvəqqəti dayandırıldığı və bu yükün avtobuslara ötürüldüyü karantin dövründə daşıyıcı şirkətlərlə bağlı maraqlı bir hal müşahidə olundu:

"Avtobus parkı, istehsalat bazası və qaraj təsərrüfatı daha yaxşı olan daşıyıcılar rahat çalışdı. Bu, digər daşıyıcılara istehsalat bazasını gücləndirmək üçün dərs olmalıdır. Kiçik daşıyıcılar birləşməli və böyüməlidir ki, çətinliklərin və tələblərin öhdəsindən gələ bilsinlər".

Ə. Hüseynov taksi fəaliyyəti ilə bağlı da maraqlı dərslərin ortaya çıxdığını bildirib: 

"Nazirlər Kabinetinin qərarı ilə taksi fəaliyyəti ilə məşğul olmaq sərbəstdir. Karantin dövrü isə minlərlə taksinin qanunsuz fəaliyyət göstərməsi faktını ortaya çıxardı. Bu taksilər heç bir yerdə qeydiyyatda deyillər və vergi ödəmirlər. Karantin dövründə onların taksi fəaliyyəti ilə məşğul olduqda cərimələnəcəkləri deyildi ki, bu da müəyyən ajiotaj yaratdı. BNA bu işi təhlil edərək gələcəkdə taksi fəaliyyətinin qanun çərçivəsində həyata keçirilməsini təmin etməlidir. Məsələn, pandemiya dövründə taksi minik avtomobillərinin dezinfeksiya edilməsinə, sərnişin və sürücü arasında arakəsmənin tətbiq olunmasına ehtiyac yarandı. Bunu tək-tək taksi sürücülərinin etməsi çətindir. Buna görə də, taksi fəaliyyətində təşkilatlanmaya ehtiyac var. Bakıda taksimator parklar yaranmalı, real taksi şikətləri formalaşmalıdır. Həmçinin sürücülərin gündəlik tibbi, avtomobillərin isə gündəlik texniki yoxlanılması işlərini həyata keçirə bilən qaraj təsərrüfatı olmalıdır. BNA da bu işdə həm qanunvcericilik bazası, həm də fəaliyyəti ilə taksi fəaliyyətinə dəstək verməlidirlər ki, gələcəkdə taksi fəaliyyətində intizam yaransın”. 

"Həmçinin hərəkətin təşkili, qanunsuz parklanmaya qarşı görülən işlər davam etməlidir. Karantin dövründə qanunsuz parklanmaya görə cərimələr olunmurdu. Artıq hərəkət intensivliyi artdığı üçün cərimələr bərpa olunub. Yolun hərəkət hissəsində parklanma qaydalarını ciddi şəlkildə pozmaqla nəqliyyat axınlarına mane olan sürücülər barəsində tədbirlər görülür. Parklanma ilə bağlı sürücülər arasında təbliğat və təşviqat işləri aparılmalıdır ki, belə problemlər yaranmasın. Həmçinin küçələrdə, yollarda svetoforların işində təkmilləşməyə ehtiyac var ki, bu proses davam etməli, nişanlar, xətlər və s. üzrə gündəlik cari və planlı təhlillər aparılmalıdır. Təkmilləşdirmə işləri görülməlidir ki, yollarda təhlükəsizlik təmin olunsun”, -deyə ekspert əlavə edib. 

Ə. Hüseynov vurğulayıb ki, fərdi avtomobillərdən istifadənin mümkün qədər azaldılması və ictimai nəqliyyata marağın artması üçün avtobus zolaqlarının rolu müstəsnadır:

"BNA 5 ilə yaxındır ki, avtobus zolaqlarının yaradılması istiqamətində müəyyən təhlillər aparır və bu sahədə ideyalar mövcuddur. Həmin ideyanı əlaqəli qurumlarla birlikdə həyata keçirməyə başlamaq lazımdır. Avtobusların fasiləsiz hərəkətinin təmin olunması və tıxaclarda vaxt itirməməsi üçün xüsusi zolaqların tətbiq olunması ictimai nəqliyyata marağı artıra bilər. Koronavirus təhlükəsi aradan qalxdıqdan sonra ictimai nəqliyyatdan istifadə də artacaq. Bu zaman ictimai nəqliyyatın daha operativ, əlçatan və rahat olmasında xüsusi zolaqların yaradılmasının önəmli rolu ola bilər. Bu da insanlarda fərdi nəqliyyat vasitələri ilə müqayisədə ictimai nəqliyyata daha çox üstünlük verilməsi meyilləri yaradacaq. Xüsusi zolaqların çəkilməsi perspektivi mütləq şəkildə gündəlikdə olmalı, paytaxtda xüsusi zolaq şəbəkəsi qurulmalıdır ki, müsbət effektlər hiss olunsun".

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR