“İdeyadan Biznesə” startap turlarının qalibləri seçildi (SİYAHI)
27 Oktyabr, 10:27   |    Baxış sayı: 236

“İdeyadan Biznesə” startap turlarının qalibləri seçildi (SİYAHI)

Bu ilin aprel ayından etibarən icrasına başlanılan "İdeyadan Biznesə” layihəsi çərçivəsində keçirilən startap turlarının finalı olub.

EkoNews xəbər verir ki, "İnnovasiya həftəsi” çərçivəsində Heydər Əliyev Mərkəzində keçirilən final mərasimində dövlət rəsmiləri, ali təhsil müəssisələrinin rəhbərləri, startapçılar və tələbələr iştirak edib. Qonaqlar ilk öncə Heydər Əliyev Mərkəzinin foyesində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən yaradılan innovativ məhsul və xidmətlərin nümayiş olunduğu "İnnoEkspo” sərgisinə ekskursiya edib, "Azərmarka” MMC-yə məxsus stenddə sərgilənən marka və suvenirlərlə tanış olublar.

Daha sonra startap turunun final mərhələsi başlayıb. İlk öncə 8 regionu əhatə edən startap marafonuna dair videoçarx nümayiş olunub.

Qonaqları salamlayan tədbirin aparıcısı, Xalq artisti Murad Dadaşov layihə iştirakçılarına uğurlar arzulayıb.

Layihənin reallaşdırılmasına dəstək olan Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyinə, Azərbaycan Gənclər Fonduna, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramına, "Microsoft” və "Azercell” şirkətlərinə, eyni zamanda, ali təhsil müəssisələrinin rəhbərlərinə yaratdıqları şərait üçün təşəkkürünü bildirən nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə qeyd edib: "Yeddi ay ərzində respublikanın ayrı-ayrı şəhər və rayonlarında keçirilən startap turuna 2 mindən çox iştirakçı qatılıb. Ümumilikdə seçilən 75 komandadan 15-i respublika finalında iştirak hüququ qazanıb”.

Tədbirin davamında 15 finalçı müəyyən olunmuş ardıcıllıq üzrə layihələrini 3 dəqiqə ərzində münsiflər heyəti qarşısında təqdim etdikdən sonra onlara ünvanlanmış sualları cavablandırıblar.

Təqdimatlardan sonra bütün komandalar startap turunda fəal iştiraklarına görə sertifikatlarla təltif edilib.

Münsiflər heyətinin qərarı ilə startap turunun respublika üzrə qalibləri "Gonex” (I yer), "Smart Reaktor” (II yer) və "Noahland” (III yer) komandaları olub.

"Gonex” – Bakı Mühəndislik Universitetinin tələbələrinin layihəsidir. İnformasiya Texnologiyaları üzrə onlayn və real layihələr üzərində çalışaraq təcrübə əldə edə bilmək üçün unikal platformadır.

Sumqayıt şəhərini təmsil edən "Smart Reaktor” layihəsi isə tullantılardan alternativ enerji əldə edilməsinə yönəlib.

Naxçıvanı təmsil edən "NoahLand” layihəsi ekstremal idman növlərinin və düşərgələrin bir portalda cəmləşdirilməsinə xidmət edir.

Birinci yerin qalibi 10 min manat, ikinci yerin qalibi 5 min, üçüncü yerin qalibi isə 2500 manat məbləğində mükafatlandırılıb.

"Azercell”, "Microsof Azərbaycan” şirkətləri və "Kapital Bank” startapçılar arasından ən çox bəyəndikləri layihələrə hədiyyələr təqdim ediblər.

Belə ki, "Azercell” şirkəti "Mayak”, "Microsoft” şirkəti "Xilaskar Qolbaq”, "Kapitalbank” "Şəki tur”"Guide to” layihələrini seçərək mükafatlandırıb.

Milli finalda qalib gələn layihə sahibləri dekabrın 4-7-də təşkil ediləcək XXIV "Bakutel” Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar sərgi-konfransı çərçivəsində layihələrini təqdim etmək imkanı da əldə ediblər.

"İdeyadan Biznesə” layihəsi çərçivəsində startap turlarının növbəti illərdə də davam etdirilməsi nəzərdə tutulub.