“İkirəqəmli inflyasiyanın əsas törədicisi monopoliyalardır” - İqtisadçı açıqladı

“İkirəqəmli inflyasiyanın əsas törədicisi monopoliyalardır” - İqtisadçı açıqladı

Hazırda dünyada neft qiymətlərini salan proseslər gedir və getdikcə də dərinləşir.

ABŞ-Çin ticarət savaşı, dünyada və Çində iqtisadi artım sürətinin zəifləməsi, eyni zamanda yeni qlobal böhran gözləntilərinin artması fonunda ümumi vəziyyətin gərginləşdiyi hiss olunur. Dünyada gedən iqtisadi və siyasi proseslər isə Azərbaycan kimi resurs ölkələri üçün heç də əlverişli şərtlər formalaşdırmır. Bu şərtlər fonunda Azərbaycan hansı addımları atmalıdır?

EkoNews xəbər verir ki, bu məsələ ilə bağlı Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq və komitəsinin üzvü, iqtisadçı-alim Əli Məsimli musavat.com-a müsahibə verib.



İqtisadçı bildirib ki, Azərbaycanın maliyyə bazarının dünya maliyyə bazarı ilə əlaqəsinin zəif olması fonunda məlum proseslərin təsiri ölkə iqtisadiyyatına çox ciddi şəkildə təsir etməyəcək. Lakin bütün hallarda cüzi təsirlərin belə qarşısını almaq zəruridir:

"Hazırda dünya iqtisadiyyatı çox təhlükəli bir fazadadır. Dünya iqtisadiyyatı üçün 2019-cu ilin əsas təhlükələri siyasi oyunların və buna uyğun olaraq, siyasi gərginliyin artan xətlə getməsi, qlobal "ticarət müharibəsi” və beynəlxalq maliyyə bazarlarında vəziyyətin mürəkkəbləşməsi və s. bu kimi problemlər daxildir. Bu il Azərbaycanda iqtisadi artım tempinin sürətlənməsi, xarici ticarət və daxili maliyyə balanslarının tarazlığı bütövlükdə ölkənin makroiqtisadi sabitliyini təmin edə bilir. Azərbaycanın maliyyə bazarının dünya maliyyə bazarı ilə əlaqəsi zəifdir. Eyni zamanda,221 milli valyuta tam üzən məzənnə rejiminə keçməyib, manatın məzənnəsinin valyuta bazarındakı durumu Mərkəz Bank tərəfindən müəyyənləşdirilir. Bu baxımdan hazırda dünya iqtisadiyyatında gedən proseslərin, o cümlədən ABŞ-Çin ticarət savaşı, valyuta müharibələri, dünya və Çində iqtisadi artım sürətinin zəifləməsi və s. bu kimi mənfi meyllər Azərbaycan iqtisadiyyatına birbaşa təsir etmir. Lakin buna baxmayaraq, dolayı təsirlər var və hadisələrin gedişi də göstərir ki, bu təsir getdikcə güclənəcək”.

Ə. Məsimliyə görə, qlobal "ticarət mühabirəsi”  Azərbaycana müəyyən dərəcədə təsir edəcək. Bu isə manata həm iqtisadi, həm də psixoloji xarakterli təzyiqləri artırır:

"Yaxın və orta perspektivdə Azərbaycanın qarşısında daha çox 5 mühüm problemin həlli durur. Birincisi, islahatları dərinləşdərmək hesabına iqtisadiyyatımızın neft amilindən asılılığının azaldılması və iqtisadiyyatın liberallaşdırılması, insan inkişafının önə çıxarılması və innovasiyalı inkişaf relsləri üzərinə keçirilməsi istiqamətində atılan addımları sürətləndirmək;

İkincisi, hazırda dünyada gedən proseslər qarşıdakı illərdə dünya iqtisadiyyatında ciddi dəyişikliklərə gətirib çıxaracaq. Bununla əlaqədar olaraq, Azərbaycanda başlanan islahatlarda, ortamüddətli perspektivdə dünya təsərrüfat sisteminin simasını müəyyən edəcək, bəlkə də dizaynını dəyişdirəcək əsas trendləri nəzərə almaqla çevik dəyişikliklər etməyi bacarmaq;

Üçüncüsü, korrupsiya, inhisarçılıq və ondan qaynaqlanaraq ölkənin öz potensialına layiq səviyyədə sosial-iqtisadi tərəqqisinin qarşısında buxova çevrilmiş neqativlərin aradan qaldırılmasına yönələn işləri genişləndirmək vacibdir. Bunun magistral yolu islahatları dərinləşdirməkdən və iqtisadiyyatın liberallaşdırılması və rəqəmsallaşdırılmanın gücləndirilməsindən, idarəetmə sistemində çevikliyin, şəffaflığın, hesabatlılığın və məsuliyyətin artrılmasından keçir;

Dördüncüsü, ölkədə həyata keçirilən sosial paketlərin bəhrəsini monopoliyanın yox, əhalinin görməsini etibarlı şəkildə təmin etmək;

Beşincisi, kredit qoyuluşları artmağa başlasa da, yenidən real sektorun inkişafına yox, istehlak kreditlərinə üstünlük verilməyə başlayıb. 2015-2016-cı illərdə bunun yaratdığı fəsadlar hələ tam aradan qaldırılmayb. Kredit faiz dərəcələrinin aşağı salınması və bank sisteminin real sektorla əlaqəsinin gücləndirilməsi istiqamətində ciddi islahatlar aparılmasına ehtiyac var;

Altıncısı, artıq dördüncü ildir ki, ölkədə sərmayə qoyuluşları sahəsində durğunluq və azalma davam edir. İqtisadi artım templərini sürətləndirmək üçün  həm sərmayə qoyuluşlarının yeni mərhələnin hədəflərinə uyğun şəkildə artırılması, həm də onun strukturunu əsaslı surətdə təkmilləşdirib, perspektivli istehsal sahələrinə, daha çox əlavə dəyər gətirən sahələrə yönəldilməsi, sərmayə qoyuluşlarının səmərəliliyinin artırılması və yetərincə yaxşı maaşlı iş yerlərinin açılması istiqamətində təsirli tədbirlərin görülməsi çox vacibdir”.

Hazırda növbəti ilin büdcə layihəsi üzərində işlənildiyini nəzərə alaraq, bu məsələyə də münasibət bildirən Əli Məsimli vurğulayıb ki, növbəti il üçün neftin qiymətində 2018-ci ilin büdcə proqnozlaşdırması təcrübəsindən istifadə edə bilər:

"Hazırda dünya neft bazarında 2015-2016-cı illərin vəziyyətinin təkrarlanaraq neftin qiymətinin 33-40 dollara düşməsi üçün yetərincə iqtisadi əsas yoxdur. Neftin qiymətinin indiki enişi daha çox siyasi oyunların, ticarət müharibələrinin və birja oyunlarının, qismən də manevrlərin, psixoloji və panik məqamların nəticəsidir. Neftin qiyməti qeyri-müəyyənlik trayektoriyasında olanda artıq hökumətin büdcə proqnozlarınada adekvat addımlar atmaq təcrübəsi var. Məsələn, neftin qiyməti qeyri-müəyyənlik trayektoriyasında olanda hökumət 2018-ci ilin büdcəsində neftin qiymətini bir barel üçün 45 dollar götürmüşdü və sonradan büdcəyə yenidən baxanda dünya neft bazarındakı situasiyanı nəzərə alaraq korrektə edib, proqnozu 55 dollara qaldırdı. Yaxın aylarda neftin qiyməti qeyri-müəyyənlik trayektoriyasından çıxmazsa, onda hökumət yenə də 2018-ci ilin büdcə proqnozlaşdırması təcrübəsindən istifadə edə bilər. Yəni, 2020-ci ilin büdcəsində neftin qiymətini, məsələn, aşağı-yuxarı 50 dollar ərafında bir rəqəm səviyyəsində götürə bilər. Büdcəyə yenidən baxmaq lüzumu yaranarsa, sonradan həmin proqnozu dəyişə bilər”.

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR