İstehlakçı hüquqları – Azərbaycanda bu sahədə durum necədir? (TƏHLİL)

İstehlakçı hüquqları – Azərbaycanda bu sahədə durum necədir? (TƏHLİL)

Bir neçə gün öncə jurnalist həmkarlarımızdan biri sosial şəbəkələrdə bir həftədir ki, telefon xətlərinin kəsildiyini yazmışdı. Bakının Yasamal rayonunda, daha konkret Yeni Yasamal 2 ərazisində telefon xətləri 10 günə yaxın idi kəsilmişdi. Məlumata görə, ərazidə xətlər hansısa yeni sistemə qoşulurmuş. Rabitə, Nəqliyyat və Yüksək Texnologiyalar Nazirliyinin əməkdaşları isə vətəndaşa irad bildirirdilər ki, evdə olmursunuz deyə xətti qoşa bilmirik.  Həmkarımız haqlı olaraq sual verirdi: "Mən işdən çıxıb gün ərzində evdəmi oturmalıyam ki, yarıtmaz qurumlar, yarıtmaz məmurlar işlərini rahat görsünlər? İşləyən vətəndaşın evinə iş saatından sonra gəlmək olmazmı? 10 gündür evimdə nə telefon var, nə internet, bəs ödədiyim məbləğ nə olacaq?”

Məsələ gündəmə bir daha istehlakçı hüquqlarını gətirdi. Baş verən hadisə onu göstərir ki, ölkəmizdə bu sahədə vəziyyət ürəkaçan deyil. Tək bu sahədə yox, ümumiyyətlə bütün sahələrdə istehlakçı hüququ anlayışı sanki yoxmuş kimi davranılır. Müşahidələr də göstərir ki, ən çox pozulan hüquqlar məhz istehlakçı hüquqlarıdır. İstər xidmət sektorunda, istər ictimai-iaşə obyektlərində, istər qida, geyum sektorunda vəziyyət bərbaddır desək, yanılmarıq. 

İstehlakçı hüquqları nə vaxtdan qorunmağa başlanıb?

İstehlakçıların hüquqlarının qorunması dünyada ən aktual məsələlərdən biri hesab edilir. Hər bir istehlakçı öz hüquqlarını bilməli və tələb etməlidir. Məhsulların istehsalı və satışı, xidmətlərin göstərilməsi sahələrində keyfiyyətlə bağlı problemlər hər bir ölkəni narahat edir. Bu problemlərdən ən çox əziyyət çəkən istehlakçılardır.

Keyfiyyət sahəsində yaranmış bu kimi məsələlərin həllinin vacibliyini və istehlakçıların narazılıqlarını ölkə qarşısında vacib bir problem kimi qəbul edən ABŞ Prezidenti Con Kennedi 1962-ci il martın 15-də Konqresdə çıxış edərək bu günü Dünya İstehlakçılar Günü elan edib. Kennedi deyirdi ki, istehlakçılar biz hamımızıq: "İstehlakçılar böyük iqtisadi gücdür və demək olar ki, istənilən özəl və dövlət iqtisadiyyatında həlledici rol oynayırlar”. Kennedi 1962-ci ildə bu haqda məsələ qaldırsa da, istehlakçıların Hüquqlarının Müdafiə Günü ilk dəfə 1983-cü il martın 15-də qeyd olunub.

Ölkəmizdə istehlakçıların hüquqlarının müdafiəsi sahəsində hüquqi bazanın əsasını mərhum prezident Heydər Əliyevin təşəbbüsü ilə 1995-ci il sentyabrın 19-da qəbul edilmiş "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu və digər normativ hüquqi aktlar təşkil edir. Bu qanunla vətəndaşların istehlakçı hüququ qorunmalı, eyni zamanda, ticarət təşkilatlarının və xidmətlə məşğul olan sistemin hüquq və vəzifələri müəyyənləşdirilməlidir.

Respublikamızda istehsal edilən, habelə idxal edilən malların üzərindəki etiketlər və digər yazılar müvafiq xarici dillərlə yanaşı, Azərbaycan dilində də yazılmalıdır. Müştərilər istənilən mal alarkən və ya pullu xidmət növlərindən istifadə edərkən istehlakçı qismində çıxış edirlər. İstehlakçı aldığı məhsulun ona göstərilən xidmətin keyfiyyətli olmasında maraqlıdır ki, bu da istehlakçının keyfiyyət hüququdur. İstehlakçının tələbi ilə satıcı (istehsalçı, icraçı) malın mənşəyini, keyfiyyətini və təhlükəsizliyini təsdiq edən sənədləri ona təqdim etməyə borcludur. İstehsalçı və satıcı malın keyfiyyətinə və təhlükəsizliyinə zəmanət verməlidir.

Aldığımız malların üzərində olan standartları, işarələri çoxları bilmir və bununla maraqlanmır. Bu da əksər hallarda istehlakçı hüquqlarının pozulmasına səbəb olur. Hər bir insan istifadə etdiyi dərman preparatı, məişət əşyası, geyim və qida məhsulları barədə və onların üzərində olan marka və nişanları müəyyən səviyyədə bilməlidir.

İnsanlar aldıqları qida məhsullarının ekoloji və gigiyenik cəhətdən sağlamlıqları üçün heç bir təhlükə törətmədiyinə əmin olmalıdırlar. Alınan hər hansı bir əşya sağlamlığa və yaxud əmlaka ziyan vurarsa, onda onun əvəzini bərpa etməyi tələb etmək hüququmuz var. Lazımi keyfiyyətli qeyri-ərzaq malı öz formasına, ölçüsünə, rənginə görə istehlakçıya yaramırsa və ya digər səbəblərə görə təyinatı üzrə istifadə oluna bilməzsə, istehlakçının 14 gün ərzində həmin malı alındığı yerdə başqa mala dəyişdirmək hüququ var. Lakin bu hüquqlar əksər hallarda qorunmur. Bu barədə bir qədər sonra ətraflı qeyd edəcəyik.

Azərbaycanda istehlakçı hüquqlarının qorunması mexanizmi

Antiinhisar siyasəti və istehlakçıların hüquqlarının müdafiəsi sahəsində fəaliyyətin təkmilləşdirilməsi məqsədilə prezident İlham Əliyevin 2009-cu il 25 dekabr tarixli Fərmanı ilə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti yaradılıb. Yeni qurumun qarşısında inhisarçılığın qarşısının alınması, haqsız rəqabətlə mübarizənin gücləndirilməsi və istehlakçıların hüquqlarının etibarlı müdafiəsinin təmin olunması kimi mühüm vəzifələr qoyulsa da, dövlət xidməti bu vəzifələrin öhdəsindən gələ bilmədi. Fikrimizi əsaslandırmaq üçün yetərincə nümunələr saymaq imkanı olsa da, adıçəkilən qurumun yarandıqdan cəmi 9 il sonra ləğvini misal çəkmək kifayətdir. Belə ki, ötən ilin aprelində prezident İlham Əliyevin müvafiq sərəncamı ilə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti ləğv edilərək onun əsasında mərkəzi icra hakimiyyəti orqanı olan Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi yaradılıb. Sərəncama əsasən, ləğv edilmiş Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin texniki tənzimləmə, standartlaşdırma, metrologiya, uyğunluğun qiymətləndirilməsi, akkreditasiya və keyfiyyətin idarə edilməsi sahəsində səlahiyyətləri Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə verilib. Bir ildən artıq vaxt keçsə də, agentlik hələ rəsmi formada işə başlamayıb, qurumun rəhbəri də hələ təyin edilməyib. Məsələ ilə bağlı Nazirlər Kabinetindən verilən məlumatda bildirilir ki, hazırda Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin ləğvi barədə 20 aprel 2018-ci il tarixli sərəncamı icra etmək məqsədi ilə, Nazirlər Kabinetinin Ləğvetmə Komissiyası işləyir. Çünki ləğv edilmiş komitənin bəzi səlahiyyətləri yeni yeni Dövlət Agentliyinə verilib. Agentliyin rəhbər təyinatına gəlincə, bunun ölkə başçısının səlahiyyətindəki məsələ olduğu vurğulanıb. Hələ ki yeni qurumun strukturu da tam formalaşdırılmayıb. Amma önümzdəki günlərdə ölkə başçısının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi ilə bağlı təyinat barədə sərəncam verəcəyi istisna edilmir. 
 


Osman Gündüz: "Agentliyin işə başlamaması müəyyən dairələrin maraqları ilə bağlı ola bilər”

Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz "Antiinhisar Dövlət Agentliyi nə üçün yenidən İqtisadiyyat Nazirliyi yanında Dövlət Xidmətinə çevrilib?” sualına cavab arayarkən maraqlı məqamlara toxunub: "Bəs nə üçün sərəncamı icra olunmur? Düşünürəm ki bu müəyyən dairələrin maraqları ilə bağlı ola bilər. Bunun üçün bu qurumun səlahiyyət dairəsinə nəzər salmaq yetərlidir.  

Dövlət satınalmalarının təşkili, rəqabətli mühitin formalaşması, haqsız rəqabətin qarşısının alınması, istehlakçıların və eləcə də sahibkarların hüquqlarının qorunması, stardartlaşma, qeyri-neft sektorunun inkişafı üçün normal mühitin formalaşması və s. bu qurumun səalhiyyətindədir.

Qurum öz  səlahiyyətlərini icra edə bilirmi? Şübhə edirəm.

Əgər qurum yerində olsaydı hansısa bir şirkət yarım ildə 166 dəfə tenderdə qalib  gəlib dövlət büdcəsindən 48 milyon ala bilməzdi.

Heç olmasa 160 dəfə başqa bir şirkətlər  bu vəsaiti əldə edə bilərdi və daha rəqabətli mühit formalaşardı və daha ədalətli olardı.

Əgər antiinhisar qurumu yerində olsaydı NRYTN  3 ildə heç olmasa bir özəl provayderi  dövlət resursu olan Kabel-Kanal sisteminə daxil olmasına imkan verərdi. Hazırda bu imkandan yalnız dövlət provaydreləri bəhrələnir.

Əgər Antiinhisar qurumu yerində olsaydı rəqəmsal sektorda, xüsusilə mobil operatorlar tərəfindən aramsız olaraq  hüququ pozulan istifadəçilərin hüquqlarının qorunmasına bir əncam çəkilərdi.

Bu cür misallar çoxdur.

Hiss olunur ki hökumət bu istiqamətdə nəsə etməyə çalışır. Dövlət satınalmaları ilə bağlı qanun təkmilləşdirilib, elektron satınalmaya hazırlıq gedir. E-satınalmalarla bağlı yeni portal yaradılıb.

Lakin qəribədir ki, MDB məkanının bəlkə də ən zəif portallarından biri hazırlanıb. Heç bir funksionalllığı, effektivliyi, maraqlı tərəflər üçün faydalılığı, hesabatlılığı  yetərli olmayan bir resurs ortaya qoyulub. Heç olmasa, Qazaxstanın, Rusiyanın, qonşu Gürcüstanın müvafiq resurslarına baxmaq istəməyiblər.

Maraqlananda məlum oldu ki, portalın sifarişçisi, adı olub özü olmayan qurum, həmin keçmiş Antiinhisar Dövlət Xidməti, hazırlayan isə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi, VXSİ Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzidir. 

Portalın aşağısında məhz bu qurumun – İN-in Dövlət Xidmətinin  adı qeyd edilib.

Diqqət yetirin, qurum Dövlət Xidmətidir, əslində məntiqlə  sifarişçi Prezidentin fərmanına görə yeni mərkəzi icra qurumu, Antiinhisar Dövlət Agentiliyi olmalıydı. Lakin təəssüf ki, belə biri qurum hələlik yoxdur. Beləliklə, baxmayaraq ki, prezident konkret sahə üzrə konkret bir göstəriş verib, lakin icra köhnə mexanizmlərlə həyata keçirilir.

Əgər biz istəyiriksə ki rəqabətli mühit inkişaf etsin, dövlət resurslarından səmərəli istifadə olunsun, şəffaflıq olsun, özəl sektor inkişaf etsin, istehlakçıların və sahibkarların hüquqları qorunsun, onda rezidentin müvafiq sərəncamı icra olunmalıdır. Adı çəkilən mərkəzi icra orqanı yaradılmalıdır, ona ciddi, nəhəng təbii inhisar subyektləri ilə "vuruşmağı” bacaracaq bir rəhbər təyin olunmalıdır”.
 


Eyyub Hüseynov: "Ən çoz pozulan istehlakçı hüquqlarıdır”

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun sözlərinə görə, istehlakçı hüquqları ilə bağlı bütün dünyada problem yaşanır: "Ən çox pozulan istehlakçı hüquqlarıdır. Bütün ölkələrdə biznes qurumları istehlakçıları soymaq istəyir. Ona görə də  istehlakçıların hüquqlarına dair rəhbər prinsiplər deyilən BMT-nin sənədi var. Azərbaycan və bir sıra ölkələr onu ratifikasiya edib. Beynəlxalq sənədlər və yerli qanunlar istehlakçıları qorumaq istəyir. Lakin bu, problem olaraq alır. Azərbaycanda da istehlakçıların hüquqlarının qorunması yaxşı vəziyyətdə deyil”. 

Azərbaycanda istehlakçıların hüquqlarının ən çox pozulduğu məqamlar hansılardır? Suala cavab verən ekspert bildirib ki, istehlakçı hüquqları ən çox inhisarçı qurumlarla istehlakçılar arasında münasibətdə pozulur: "Çünki inhisarçı qurumlar olanda istehlakçının seçim hüququ sıfıra bərabər olur. Bura kommunal, rabitə xidmətləri daxildir. İllər öncə birinci yerdə dayanan şikayətlər şəhər telefonları ilə bağlı olurdu. Lakin orada ciddi islahatlar keçirildi. Artıq o sahədə şikayətlər xeyli azalıb. Bundan sonra mürrəkkəb texniki mallarda hüquqların pozulması hallarıdır. Daha sonra pozuntular kompüterlər, məişət cihazları, xüsusən müasir mobil telefonlarda olur. Satıcılar istehlakçılara verdikləri zəmanət şərtlərində telefonun tez sıradan çıxan hissələrinə zəmanət vermirlər. Sonra qida sektoru gəlir. Ərzaq mallarını da qruplara bölmək olar. Birinci yerdə spirtli içkilərdir. Çox təəssüf ki, bütün sahələrdə istehlakçı hüquqlarının pozulması halları var”.

E.Hüseynovun sözlərinə görə, istehlakçıların təxminən 20% -i öz hüquqları barədə məlumatlıdır. Bu məlumatlılıq da təxminən 30%-dən yuxarı deyil. / Qaynarinfo

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR