İsveçrənin kimya sənayesi şirkəti Azərbaycanda fəaliyyətini genişləndirəcək (VİDEOREPORTAJ)

İsveçrənin kimya sənayesi şirkəti Azərbaycanda fəaliyyətini genişləndirəcək (VİDEOREPORTAJ)

Biznes mühiti üçün layiqli, səviyyəli infrastrukturun mövcudluğu əsas şərtdir. Bununla bağlı Azərbaycanda biznes mühitinin yaxşılaşdırılması istiqamətində çox ciddi addımlar atılıb. Azərbaycanın Dünya Bankının "Doing Business” proqramı çərçivəsində 10 ən islahatçı ölkə kimi tanınması və 32 pillə irəliyərək hazırda 25-ci yerdə qərarlaşması bunu sübut edir. Əlbəttə ki, bu, Azərbaycana investisiyaların cəlb edilməsi üçün müsbət rol oynayır və oynayacaq. Bütün aparıcı beynəlxalq maliyyə qurumları bu sahədəki Azərbaycanın fəaliyyətini yüksək qiymətləndirir. Bunun nəticəsidir ki, Azərbaycanda İsveçrənin beynəlxalq miqyaslı kimya şirkəti olan "SİKA” kimi xarici şirkətlər fəaliyyət göstərir. 
 


İsveçrədə yerləşən SİKA kimya şirkəti 1910-cu ildə yaradılıb və bugünədək dünyanın 104 ölkəsində 200-dən artıq fabriki fəaliyyət göstərir. Azərbaycan bazarına isə şirkət 14 il öncə daxil olub və 2018-ci ildən Sumqayıt Kimya Sənaye Parkında İnşaat Kimyəviləri Zavodu kimi qeydiyyatdan keçərək fəaliyyət göstərir. 

Zavodun baş direktoru Adəm Yayla müəssisənin fəaliyyəti barədə "Report"a məlumat verərək bildirib ki: "Tikinti sahəsində binanın təməlindən etibarən bütün lazım olan xidmətləri təqdim etməyə çalışırıq. 1910-cu ildə İsveçrədə qurulan zaman əsas məqsəd su izolyasiya sistemləri sahəsində fəaliyyətə istiqamətlənmişdi. Daha sonra texnoloji inkişaf nəticəsində bir sıra istiqamətlərdə fəaliyyət göstərməyə başlayıb. Bizim həyata keçirdiyimiz strategiya, fəaliyyətimizin inkişaf edən bazarlarında sürətli genişlənməsini nəzərdə tutur. Sürətlə genişlənən bazarlarda urbanizasiyanın artımı və meqa şəhərlərin inkişafı müşahidə edilir. Bu isə öz növbəsində təhlükəsizliyi təmin edən, zəlzələ və yanğına davamlı olan, yüksək keyfiyyətə cavab verən effektiv tikinti materiallarına olan təlabatın artımına gətirib çıxarır. Onların arasında binanın konstruksiyasının germetizasiyasını, möhkəm betonu da qeyd etmək olar".



Onun sözlərinə görə, SİKA tikinti sektrounda və avtomobi sənayesində birləşmə, sıxlaşma, möhkəmləndirmə və qoruma üçün istifadə olunan sistemlərin və məhsulların hazırlanmasında və istehsalında aparıcı mövqeyə sahib olan kimya şirkətidir: "Dünya miqyasında istehsal olunan avtomobillərin 50%-dən çoxunda SİKA məhsulları istifadə edilir: "Bununla yanaşı, SİKA şirkətinə məxsus suyun istifadəsini azaldan əlavələr sayəsində, hər il beton istehsalı zamanı 25 milyon litrədən çox su resurslarına qənaət edilir”.

A.Yayla əlavə edib ki, maşınların interyerində quraşdırılan və səsin azalmasını təmin edən məhsulların 30 faizdən çoxu SİKA şirkətinin məhsullarıdır.

O deyib ki, Sumqayıt Kimya Sənaye Parkında 5 mln manat sərmayə yatırmışıq: "Hazırda Azərbaycanın tikinti bazarında SİKA şirkəti 15 faizlik paya malikdir. Çalışırıq ki, bazarı daha çox öz məhsullarımız ilə təmin edək və bazarda daha çox paya sahib olaq. Hazırda şirkətə məxsus zavodda 26 nəfər işçi çalışır, gələcəkdə işçilərin sayının daha da artırılması və 44 nəfərə çatdırılmasını planlaşdırırıq. Bununla yanaşı, yenə ölkəyə sərmayə yatıracağıq.Tikinti sahəsində lazım olan xammalın bəzilərini idxal edirik, gələcəkdə həmin məhsulları da Azərbaycanda istehsal etmək istəyirik”.

A.Yayla şirkətlərinin ixrac potensialı ilə bağlı danışıb ki, Azərbaycan tranzit imkanlarına sahib olan bir ölkədir: "Ona görə də məqsədimiz bölgə ölkələrinə ixrac həyata keçirməkdir. Həmin ölkələr sırasında Gürcüstan, Özbəkistan,Türkmənistan var. Azərbaycanda istehsal etdiyimiz məhsulları bu ölkərələ ixrac etmək istəyirik. Yaxın zamanlarda, bu istiqmatdə iş aparacağıq. Əlavə edim ki, məhsullarımız "Made in Azerbaijan” brendi adı altında bazara təqdim edilir”.

O, Azərbaycanda biznes mühiti barədə danışarkən vurğulayıb ki, ölkənin biznes mühiti son üç ildə daha yüksək yerdədir: "Dövlətin həyata keçirdiyi siyasət nəticəsində Avropa standartlarına uyğun şərait yaradılıb. Tikinti materialları istehsalçıları Assosiasiyası yaradılıb. Yaxın zamanlarda tikinti bazarında daha da müsbət dəyişikliklər görəcəyimizə inanıram”.



Qeyd  edək ki, hal-hazırda Azərbaycanda İsveçrə kapitallı 60 şirkət fəaliyyət göstərir. Azərbaycan bankçılıq və maliyyə sahəsində SECO (İqtisadi Məsələlər üzrə Dövlət Katibliyi) və SDC (Əməkdaşlıq və İnkişaf Agentliyi) ilə geniş əməkdaşlıq həyata keçirir. Belə ki SECO ilə 38 layihə, SDC ilə isə 16 layihə icra olunur. İsveçrə Azərbaycana 844 milyon dollara yaxın, Azərbaycan tərəfindən İsveçrəyə isə 1,2 mlrd dollar investisiya yatırılıb.

Azərbaycanda fəaliyyət göstərən xarici kapitallı şirkətlər ölkənin biznes mühitinin inkişafına, biznes etikasının formalaşdırılmasına, yeni iş yerlərinin açılmasına və xarici təcrübənin ölkəyə gətirilməsinə xidmət edir. Bu kimi şirkətlərin ölkədə fəaliyyəti Azərbaycan iqtisadiyyatına gələcəkdə mühüm təsir edəcək. 


OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR