Kadr potensialının inkişafında vacib addımlar (RƏY)

Kadr potensialının inkişafında vacib addımlar (RƏY)

Dünya sürətlə inkişaf edir. Yeni texnika və texnologiyaların tətbiqi daha da genişlənir. Hər zaman ixtisaslı və peşəkar kadrlara ehtiyac duyulur. Müasir iş dünyası yeni və peşəkar kadrların cəlb edilməsi, kadr potensialının formalaşdırılması və daha da gücləndirilməsi, işçilərin daim inkişaf etdirilməsi, onların bilik və bacarıqlarının artırılmasını tələb edir. İnsan resurslarının düzgün idarəedilməsi innovativ dəyişikliklərə cavab verməkdir. Şirkətlər qarşısındakı tələblər insan resurslarının idarə edilməsinə həssaslıqla yanaşılması və kadrların təkmilləşdirilməsi istiqamətində mühüm layihələrin həyata keçirilməsi, beynəlxalq təcrübədən yararlanılması yönündədir.

Azərbaycanda da bir çox şirkət kadr potensialının inkişafı üçün işlər görür.

Bu sahədəki vəziyyəti peşəkar idarəçi və biznes konsultant Fəxri Ağayev dəyərləndirib.
 

"Şirkətin ən böyük sərmayəsi insan resursudur”

Onun fikrincə də son illərdə Azərbaycanda kadr hazırlığı mövzusunda həm ali təhsil ocaqları, həm də işə götürən tərəf olan şirkətlər və dövlət qurumları tərəfindən ciddi addımlar atılmağa başlanıb.

O qeyd edib ki, ali təhsil ocaqlarında peşə və sahəvi nəzəri bilikləri alan gənclərə dərs demək üçün artıq iş dünyasından real və praktiki təcrübəsi olan insanlar cəlb edilməyə başlanıb və bu da çox təbii formada gənclərin iş həyatına daha hazır olmasına dəstək olmaqdadır:

"Digər tərəfdən, özəl sektorda şirkətlər tərəfindən işə alınan insanların artıq ciddi şəkildə seçilməsinə əhəmiyyət verilir. Bu gün Azərbaycan biznesi anlamağa başladı ki, şirkətin ən böyük sərmayəsi insan resursudur. Daha dəqiq desək, şirkətin potensial və gücü məhz elə işə aldığı insanların bilik, savad və təcrübəsindədir. Şirkətlər bu istiqamətdə ancaq işə götürəndə əməkdaşların bilik və təcrübələrini ölçməklə kifayətlənmir, işə aldıqları mütəxəssislərin daimi inkişaf etmələri məqsədi ilə ciddi və fundamental işlər aparırlar - daxili inkişaf mərkəzləri qurulur, əməkdaşlar yerli və xarici təlim mərkəzlərinə göndərilir, insan resursları departmanetləri əməkdaşları tərəfindən illik peşəkar inkişaf və karyera planları qurulur”.

Daha hansı addımların atılmasına gəlincə, ekspertin qənaətinə görə, ilk növbədə iş dünyası ilə ali təhsil ocaqları arasında sıx əməkdaşlıq olmalıdır.

O qeyd edib ki, bəzi hallarda universitetlərdə tədris edilən biliklərin iş dünyası tərəfindən tam istənilən olmadığına görə, gənclərin iş həyatına daxil olması məqamlarında sıxıntılar olur: "Universitetlərin nəzəri bilikləri və iş həyatında olan praktiki məlumatların birləşməsi hər iki tərəf üçün də əhəmiyyətlidir. Digər vacib məqam-elmi dərəcələri olmadığına baxmayaraq, iş dünyasında olan mütəxəssislərin və güclü peşəkarların tədris ocaqlarına dərs deməyə cəlb edilməsi vacibdir, çünki peşəkar həyatda olan tələbləri, yenilikləri məhz onlar tələbələrə çatdıra bilərlər”.

Şirkətlərin kadr siyasəti


Son illərdə Azərbaycanda iri şirkətlər, dövlət qurumları kadr potensialının inkişafı üçün bir çox işlər görür, tələbələrin və məzunların əmək bazarına çıxışına, gənclərin məşğulluq probleminin həllinə dəstək məqsədi ilə Karyera sərgilərində iştirak edirlər. 

Məsələn, "Sumqayıt Texnologiyalar Parkı” mütəmadi təlim və seminarlar təşkil edir, mütəxəssislərin dünyanın inkişaf etmiş ölkələrində təcrübə keçməsinə imkan yaradır. Bir çox şirkətin də kadr siyasəti bu yöndədir.

Hazırda Azərbaycanda ən böyük işəgötürən şirkət Azərbaycan Dövlət Neft Şirkətidir. SOCAR Azərbaycan Prezidenti İlham Əliyevin "Neft kapitalı insan kapitalına çevrilməlidir” təlimatına uyğun olaraq bu istiqamətdə işlər həyata keçirir.

Burada gənc kadrların hazırlanması, yüksək reytinqə malik dünya universitetlərində təhsil alması, Azərbaycanda fəaliyyət göstərən ali məktəblərdə neftçi ixtisasları üzrə oxuyan tələbələrin stimullaşdırılması və onların SOCAR-da yerləşdirilməsi, karyera yüksəlişi məsələlərində işlər görülür.

Kadr hazırlığının tərkib hissəsi olaraq 2005-ci ildən müsabiqə əsasında ölkənin ali məktəb tələbələrinə SOCAR-ın təqaüdü verilir. Müsabiqə ildə 2 dəfə semestr imtahanlarından sonra keçirilir. Təhsilini SOCAR təqaüdü ilə başa vurmuş məzunlara Şirkətdə ixtisaslarına uyğun iş təklif olunur. Daxili Təqaüd Proqramına 2000 nəfərdən çox tələbə cəlb edilib.

SOCAR 2006-cı ildən Xarici Təqaüd Proqramını da həyata keçirir və indiyədək bu proqram çərçivəsində 310 nəfər xaricdə təhsil alıb. Bu proqramla təhsil alanlardan 34 nəfəri rəhbər vəzifələrdə çalışır. Hazırda 16 nəfər şirkətin Xarici Təqaüd Proqramı ilə təhsilini davam etdirir.

SOCAR beynəlxalq standartlara cavab verən və region üzrə öz sahələrində unikallığı ilə seçilən müxtəlif peşə təlimi kurslarını da həyata keçirir. SOCAR-da çalışan işçilərin çoxunun fəhlə kateqoriyasına aid olması nəzərə alınaraq müasir tələblərə cavab verən fəhlə kadrlarının hazırlanması məqsədi ilə yüksək maddi-texniki bazaya malik, beynəlxalq standartlar səviyyəsində Kadr Hazırlığının Təşkili Mərkəzi yaradılıb. Mərkəzdə bir neçə ixtisas üzrə peşəkar fəhlə kadrları hazırlanır və şirkətin idarələrində işlə təmin olunurlar.

Bundan başqa, Dənizdə insan həyatının mühafizəsi üzrə Təlim Mərkəzi, Qobustan Regional Təlim Mərkəzi, Sumqayıt Təlim, Tədris Mərkəzi və "Qala” Təlim-Tədris Mərkəzi fəaliyyət göstərir ki, bu mərkəzlərdə də neft sənayesi və ölkənin digər sənaye sahələri üçün yüksək ixtisaslı kadrların hazırlanması, peşələr üzrə təlim-tədrisin beynəlxalq standartların tələbləri səviyyəsində qurulması, sənayenin və cəmiyyətin ehtiyaclarını ödəyən yüksək keyfiyyətli təlimlərin təşkili həyata keçirilir.

Mənbə: Report.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR