Kadr yerdəyişmələri nəyin xəbərçisidir? - ŞƏRH

Kadr yerdəyişmələri nəyin xəbərçisidir? - ŞƏRH

"Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu ölkədəki sonuncu kadr dəyişiklikləri ilə bağlı məqalə yazıb.

E.Şahinoğlunun "Kadr yerdəyişmələri nəyin xəbərçisidir?” başlıqlı məqaləsini kiçik ixtisarla təqdim edirik:

Prezident İlham Əliyevin sərəncamı ilə daxili işlər naziri Ramil Usubov Prezident yanında Təhlükəsizlik Şurasının katibi, Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Mədət Quliyev isə vəzifəsindən azad edilərək müdafiə sənayesi naziri təyin edildi. Prezidentin başqa sərəncamı ilə daxili işlər nazirinin birinci müavini Vilayət Eyvazov daxili işlər naziri, Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəis müavini Əli Nağıyev isə Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi təyin edildi.

Prezident nədən bu dəyişiklərə ehtiyac duydu?

Birincisi, Ramil Usubov 25 il idi ki, daxili işlər naziri idi. Hakimiyyət nümayəndələri Ramil Usubovun fəaliyyətini müsbət qiymətləndirirdilər. Mərhum dövlət başçısı Heydər Əliyev hətta çıxışlarının birində demişdi ki, qəzetlərin yazdığının əksinə olaraq, o, Ramil Usubovun işindən razıdır və o vəzifəsində qalacaq. Ramil Usubovun mövqeləri 2005-ci ildə Hacı Məmmədov olayında zəiflədi. Daxili İşlər Nazirliyində cinayətkar qrupun fəaliyyətinin ifşa olunması cəmiyyətdə və elə hakimiyyətdə ciddi suallar doğurdu. Buna baxmayaraq, Ramil Usubov vəzifəsini qoruya bildi. Sadəcə, həmin tarixdən başlayaraq Ramil Usubovun dəyişdiriləcəyi xəbərləri yayılmağa başladı. Bu xəbərlərə baxmayaraq, Ramil Usubov həmin hadisədən sonra hələ 14 il də daxili işlər naziri olaraq çalışdı.
 


İkincisi, Prezidentin Ramil Usubovu Təhlükəsizlik Şurasının katibi vəzifəsinə təyinatının arxasında bu kadrı itirməmək istəyi dayanır. Ramil Usubov Təhlükəsizlik Şurasının katibi vəzifəsində texniki çalışmaları həyata keçirəcək, xarici həmkarları ilə görüşüb fikir mübadiləsi aparacaq. Buna qədər bu işləri Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev həyata keçirirdi.

Mədət Quliyevin müdafiə sənayesi naziri təyin olunması iki səbəbdən gözlənilməz oldu. Birinci səbəb o idi ki, Mədət Quliyevin Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi vəzifəsinə təyinatından çox da uzun müddət keçməmişdi və onun fəaliyyətindən narazılıq yox idi. İkinci səbəb o idi ki, müdafiə sənayesi naziri Yavər Camalovun vəfatından sonra bu nazirliyin "Azərsilah” Açıq Səhmdar Cəmiyyəti ilə əvəz olunması ilə bağlı qərar verilmişdi. Bu qərardan 4 ay keçdikdən sonra "Azərsilah” Açıq Səhmdar Cəmiyyəti ləğv edilərək Mədət Quliyev yenidən yaradılmış Müdafiə Sənayesi Nazirliyinə nazir postuna təyin olundu. Görünür, Mədət Quliyevin idarəçilik bacarığı yenidən yaradılmış Müdafiə Sənayesi Nazirliyin işini canlandırmalıdır. Bu, həm də o deməkdir ki, Müdafiə Sənayesi Nazirliyinin "Azərsilah” Açıq Səhmdar Cəmiyyəti şəklində əvəzlənməsi özünü doğrultmadı.
 


Beləliklə, Prezident sosial islahlatlarla yanaşı, kadr islahatlarını da genişləndirir. Çünki bu ikisi bir-biri ilə əlaqəlidir. Prezident seçkisindən sonra bir qrup gənclərə etibar edilmiş və onlar müxtəlif nazirliklərə rəhbər vəzifələrə təyin edilmişdilər. Bu prosesin davam etdirilməsi zəruridir. Maaş və pensiyaların artımı və bu prosesin gələcəkdə də davam etdirilməsi hakimiyyətin bütün resurslarının səfərbərliyini diqtə edir. Çünki yalnız neftin qiymətləri üzərində iqtisadi problemləri həll etmək çətindir, çevik və müasir çağırışlara cavab verən idarəçilik sistemi qurulmalıdır. Bu mənada bir sıra dövlət strukturlarında yeni yanaşmaların tətbiqinə ehtiyac var. Azərbaycanda kadrların yerdəyişmələrini bölgədəki gərgin vəziyyətlə də əlaqələndirmək olar. Cəbhə bölgəsində və qonşu İran ətrafında artan gərginlik, Rusiyanın Cənubi Qafqaz siyasəti, o cümlədən digər qonşu ölkələrdə baş verən proseslər tədqiq olunmalı, mümkün təhlükələr önlənməlidir. Sistem bunları bacarmalıdır.
 
Report

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR