Könüllülük insanın fərdi inkişafına nə verir?

Könüllülük insanın fərdi inkişafına nə verir?

Son illərdə Azərbaycanda könüllülük hərəkatı dayanmadan inkişaf edir. Gənclər mühüm dövlət tədbirləri, ölkədə reallaşan böyük idman yarışlarında həvəslə könüllü kimi iştirak edirlər. Bu işə olan maraq nə ilə bağlıdır? Könüllülük insanın fərdi inkişafına nə verir? 

Fərdi inkişaf və əlillik sahəsi üzrə ekspert Murad Məmmədov gənclərin irimiqyaslı yarışlarda könüllü olmasını müsbət hal kimi qəbul etdiyini deyir: 
 


"Maraq göstərmələrini isə, onların sosiallaşmaq və yeni bilgi əldə etməyə həvəsli olmaları ilə əlaqələndirirəm. İnsanın sosiallaşması, yeni sosial qrupları tanıması, onlarla birgə fəaliyyətə qoşulması, bunun nəticəsində daha çox təşəbbüskar olması, fərdi inkişafa daxil olan məsələdir. Bu səbəbdən də könüllülüyün gənclərin fərdi inkişafına müsbət töhfə verdiyini hesab edirəm.

Hazırda bir sıra dövlət qurumları öz könüllü dəstəsini formalaşdırmaq üçün addımlar atır. Bu təqdirəlayiq olsa da, bəzi vacib məqamlar unudulur. Məsələn, əlilliyi olan insanlara, xəstəlikdən əziyyət çəkən yaşlılara, körpə uşağı olan qadınlara təmənnasız yardım edilməsi məsələsi kənarda qalır. Amma könüllülər əslində yardıma ehtiyacı olan insanlara tərəf getməlidirlər. Məncə, ehtiyacı olan insanlara sosial işçilər və sosial iş sahəsində olan könüllülər dəstək göstərməlidirlər. Ola bilər ki, dövlət qurumları, qeyd etdiyiniz qrup insanlara dəstək məqsədilə, spesifik könüllü qruplar formalaşdırsın. Bu təqdirəlayiq hal olardı”.

Murad Məmmədovun fikrincə, könüllülük gənclərin fərdi inkişafına müsbət təsir edir: "Könüllü olmağın təməl prinsiplərindən biri, ölkənin və cəmiyyətin inkişafına özünün könüllü töhfəsini verməkdir. Bəzi gənclər könüllülüyü əlavə yük kimi qəbul edir. Bu işə CV-də bir qeyd etmək üçün gedirlər. Belə də olur. Amma bir sıra digər ölkələrdə yaşlı insanlar da könüllü olurlar, bu o demək deyil ki, onlar CV-ni zənginləşdirmək üçün bunu edirlər. Bir çox qurumlar var ki, gəncləri işə götürərkən, iş təcrübəsi istəyirlər. Buna görə də yenicə əmək praktikasına başlayan gənclər könüllülük fəaliyyətindən bir vasitə kimi istifadə edirlər. Düşünürəm, könüllük gənclərə yalnız xeyir verir”.  

Hazırda rəqəmsal marketinq meneceri kimi çalışan Sevinc Abdullayeva Azərbaycanda keçirilən beynəlxalq yarışlarla yanaşı "ASAN xidmət”də də könüllü kimi çalışıb. O bildirib ki, könüllülük fəaliyyəti ilə tələbəlik illərində məşğul olub: 
 


"Tələbəlik illərində "Bakı-2015” Avropa Oyunlarında, "Formula 1" üzrə Azərbaycan Qran-prisində və "ASAN xidmət”də könüllü kimi çalışmışam. Bu, mənim öz seçimim idi. Aktiv olmağı sevdiyim üçün əlavə məşğuliyyət axtarırdım. Bunun üçün də könüllü cəlb edən yarışlara müraciət etdim”. 

Sevinc Abdullayeva könüllülük fəaliyyətinin onu daha məsuliyyətli etdiyini söyləyib: 

"Könüllülük mənə məsuliyyətli və operativ olmağı, hər hansı bir problem yarandıqda onun öhdəsindən gəlməyi öyrədib. Bundan başqa, əlaqələrin genişlənməsində müsbət rol oynayıb, özümə çoxlu dost tapmışam. Bəzi tanışlarım bunun vaxt itkisi olduğunu deyirdilər. Məncə, könüllülük başlanğıc üçün əla fürsətdir. Təəssüf ki, hazırda işimlə əlaqədar bu fəaliyyətimi davam etdirə bilmirəm”. 

Rəqəmsal marketoloq qeyd edib ki, nə vaxtsa könüllü olmuş şəxs CV-dəki belə qeydləri ilə fərqlənə bilir: 

"Bildiyiniz kimi, yeni məzun olmuş şəxs iş tapmaqda çətinlik çəkir. Ancaq könüllü olmuş gənclər CV-dəki qeydləri ilə seçilirlər. Mən "ASAN xidmət”də könüllü kimi fəaliyyət göstərdikdən sonra orada işləmək üçün müraciət etməmişəm. Bir çox könüllü dostlarım isə bu nailiyyəti əldə edib. Orada könüllü olmaq iş imkanlarını artırır”. 

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR