Kredit tətili niyə elan olunmadı? - Bir neçə bank var ki...

Kredit tətili niyə elan olunmadı? - Bir neçə bank var ki...

Dünyada geniş yayılmış koronavirusla mübarizədə müxtəlif üsullardan istifadə edilir. İş yerlərinin dondurulduğu, bir çox insanın gündəlik qazancdan məhrum olduğu bir şəraitdə həm dövlətlər, həm özəl sektor əlindən gələni edir ki, vətəndaşlar bu dövrdən mümkün qədər az itki ilə çıxsınlar. Azərbaycanda da müxtəlif tədbirlər, kampaniyalar reallaşdırılır. 

Hökumət artıq bir neçə proqram açıqlayıb və onların həyata keçirilməsi istiqamətində ciddi addımlar atılıb. Xüsusilə işsizlərə iki ay müddətində veriləcək 190 manat, koronavirusun zərərləri altına düşən sahələrdə fəaliyyət göstərən sahibkarlara ayrılan yardım bu qəbildən ən vacib tədbirlər kimi dəyərləndirilir.

Pandemiya ilə əlaqədar olaraq xüsusi karantin rejimi səbəbindən iş yerini, qazanc imkanlarını itirən şəxslərin böyük ümidlə gözlədiyi daha bir tədbir bank kreditlərinə edilə biləcək güzəştlərdir. Artıq günlərdir bu məsələ müzakirə olunsa da, hələlik konkret qərar yoxdur. Banklar nəinki güzəştə getmək, müəyyən müddət gözləmək fikrində deyillər, hətta vətəndaşlarla təhdid, hədə dilində danışanlar da var. Artıq bu məsələlərlə bağlı problemlər pik həddədir desək, yanılmarıq. Maraqlıdır ki, rəsmi səviyyədə hətta banklardan krediti rəsmi əmək müqaviləsi ilə işləyən şəxslərin götürdüyü, hazırda isə əməkhaqlarının kəsilmədiyi əsas gətirilərək, güzəştlərin olub-olmamasını mübahisələndirənlər də var.

Bu sahədə hər hansı bir qərar veriləcəkmi? Niyə nə rəsmi səviyyədə bir göstəriş olmadı, nə də banklar özləri bu təşəbbüsdə bulunmadılar? Məsələ ilə bağlı hüquqşünas, bank məsələləri üzrə ekspert Əkrəm Həsənov fikirlərini Qaynarinfo ilə bölüşüb. 

Onun sözlərinə görə, hazırda əksər ölkələrdə kredit tətili elan olunub, baxmayaraq ki, onlarda da kredit götürənlər rəsmi işləyənlərdir: 


Əkrəm Həsənov

"Hətta kölgə iqtisadiyyatı bizdən qat-qat aşağı səviyyədə olan ölkələrdə də kredit tətili elan olunub. Buna ciddi ehtiyac var. Əvvəla, virusun qarşısının alınması üçün kredit tətili zəruridir. Çünki vətəndaşlar banka gedib pul ödəyəndə təbii ki, daha çox insanla ünsiyyətdə olurlar. Digər tərəfdən isə insanların gəlirləri azalıb, bu azalmanın davam etməsi ehtimalı da var. Aydın məsələdir ki, iş yerlərinin bir hissəsi bağlanacaq. Dövlət nə qədər tədbir görsə də, sahibkarların itkisi var. Bu baxımdan kredit tətilinə ehtiyac var, hətta bu vacibdir. Bu tədbir dünyada iki yollar reallaşdırılır hazırda: bəzi ölkələrdə banklar bunu öz hesabına edirlər. Öz hesabına dedikdə, burada banklar üçün itki nədən ibarətdir? Bank təbii ki, əmanət götürür, mərkəzi banklardan, xaricdən kredit cəlb edir, yaxud da ki, digər şəxslərin bank hesabında olan pullardan istifadə edir. Həmin vəsaitləri kredit verib faiz qazanır, eyni zamanda əmanətçilərin faizlərini ödəyir. Tutaq ki, indi  3 ay kredit tətili elan olundu. Düzdür, bank ondan götürülən əsas borcu itirməyəcək. Məsələn, mən min manat kredit götürmüşəm, hər ay 100 manat ödəyirəm, bunun 50-si faizdir, 50-si əsas borc. Kredit tətili elan olunsa və mən o 100 manatı ödəməsəm, bank əsas borcunu itirməyəcək, amma faiz itkisi olacaq. Buna görə də bu itkini kimsə üzərinə götürməlidir. Bir sıra ölkələrdə banklar bunu öz üzərlərinə götürdülər. Bunu etməklə həm vicdan nümayiş etdirdilər, həm də özlərinin problemli kreditlər portfelinə nəzarət imkanı qazandılar. Hətta Gürcüstanda, Ermənistanda bu tətil elan edildi. Ermənistan banklarının əksəriyyəti martın 13-də bunu elan etdi”.



Ə.Həsənovun sözlərinə görə, əksər ölkələrdə isə dövlət bankların itkilərini qarşılayır. Bura əsasən Avropa ölkələri və ABŞ aiddir: 

"O ölkələrdə dövlət təminatı elan edildi, yəni nə qədər itkiniz olsa ödəyəcəyik. Bütün bunlar isə artıq martdan başlayıb. Bizdə hələ aprelin axırı olmasına baxmayaraq, heç bir addım atılmayıb. Bizdə heç bir yolla kredit tətilləri elan edilməyib: nə bankların özü təşəbbüs göstərib, nə də dövlət təminatı verilib. Rusiyanın keçmiş dövlət bankı var, VTB, hansı ki, keçmiş SSRİ ərazisində ofisləri var. Həmin bankın Gürcüstan və Ermənistanda olan ofisləri kredit tətili elan edib, bizdə yox”.

Bəs bu, bizdə niyə baş vermədi? Niyə bunu nə banklar öz hesabına etdi, nə də rəsmi səviyyədə hələ qərar yoxdur? Ekspertin sözlərinə görə, bizim bankların maliyyə hesabatlarına baxsaq, görərik ki, onların vəziyyəti Gürcüstan və Ermənistan banklarından yaxşıdır: 

"Mən bunu dəfələrlə demişəm ki, bizim bankların maliyyə hesabatlarına inanmayın, onlar yalan danışırlar. Əslində Azərbaycan banklarının maliyyə vəziyyəti elan etdiklərindən çox pisdir. Görürsünüz, böhran anında bu da bəlli oldu. Kredit tətili elan edə bilməməklərinin səbəbi məhz maliyyə durumunun ağırlığıdır. Bir neçə bankımız var ki, onların maliyyə vəziyyyəti həqiqətən yaxşıdır, pis deyil. Amma onlar da digərlərinə baxıb bunu etmir ki, biz etsək, onlar da etməli olacaqlar, onların isə maliyyə vəziyyəti pisdir. Pisdir, pis olsun! İqtisadiyyatda əsas rəqabətdir, sən et, qoy onlar bağlansın, insanlar da görsün ki, kimin vəziyyəti pisdir, kiminki yaxşıdır”.

Ə.Həsənovun fikrincə, bankların bu addımı atmamasının daha bir səbəbi odur ki, onlar bunu dövlətdən gözləyirlər: 

"Bizim bank sistemi öyrəşib ki, dövlət edəcək. Ötən il problemli kreditlərlə bağlı prezident fərmanı oldu, bunu hamı xatırlayır. Təbii ki, həmin fərmandan sonra elə banklar oldu ki, kreditlərinin xeyli hissəsi qayıtdı. Ola bilsin ki, sosial gərginliyin artmaması üçün dövlət tərəfindən addımlar atılacağına olan ümid də var. Xatırladım ki, ilin əvvəlində dövlət başçısı istehlak kreditlərinə üstünlük verən banklarla bağlı tədbir görüləcəyini elan etmişdi. Mən o vaxt buna belə şərh vermişdim ki, sabah problemli kreditlərin həcmi artsa, dövlət qarışmaya bilər”.



Bəs dövlət niyə kredit tətilləri üçün addım atmır sualına gəldikdə, Ə.Həsənovun sözlərinə görə, əvvəla, nağd vəsait problemi ola bilər: 

"Valyuta ehtiyatlarımız çoxdur deyəndə bu o demək deyil ki, hamısı nağd əlimizdədir. Çoxusu xaricdə yerləşdirilib. Mən dəqiq demirəm ki, belədir, sadəcə, düşünürəm ki, ola bilər. Bu dəqiqə pul çox istiqamətdə xərclənir. Mənim fikrimcə, burada başqa amil də var. Təəssüf ki, hökumətdəki bəzi insanlar vətəndaşa dəstək olmağın əleyhinə gedirlər. Onlar devalvasiyadan sonra da belə deyirdilər ki, camaatın pulu var, ödəmək istəmirlər, canları çıxsın versinlər. O vaxt mən dəfələrlə açıqlamalarımda bildirmişdim ki, belə düşünən məmurlar var və onların yanaşması ondan ibarətdir ki, vətəndaşlardan nə qədər bacarsaq, pul alaq, sonra baxarıq. İndi də eyni vəziyyət yaranıb. Kimdən nə qopararıq-qopararıq psixologiyası ilə çalışan insanlar var. Onlar anlamırlar ki, bu prosesin sonu dövlətin ziyanınadır. Bütün bunlarla yanaşı, mən ümid edirəm ki, tədbirlər görüləcək. Düzdür, bu istiqamətdə yeganə açıqlama hələ Mərkəzi Bankdan verilib, amma bu məsələ bu quruma aid olan məsələ deyil”.

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR