Millət vəkili: “Valideynlər təhsil haqlarının ödənişinə anlayışla yanaşmalıdır”

Millət vəkili: “Valideynlər təhsil haqlarının ödənişinə anlayışla yanaşmalıdır”

"Tələbələr və valideynlər təhsil haqlarının ödənilməsinə anlayışla yanaşmalıdırlar. Bu yük də dövlətin üzərinə düşməməlidir”.

Qaynarinfo xəbər verir ki, bunu Milli Məclisin deputatı Etibar Əliyev "tələbələr təhsil haqlarını ödəməlidirlərmi” sualını cavablandırarkən deyib. Deputat qeyd edib ki, cəmiyyətdə pandemiyanın təhsil sisteminə təsiri barədə fikirlər birmənalı deyil:

"Konkret olaraq ali təhsildə nə baş verir? Pandemiya ali məktəblər qarşısında eyni zamanda 3 problem yaratdı. Birincisi və ən əsası: Mövcud vəziyyəti nəzərə almaqla təhsil prosesini təşkil etmək və keyfiyyətli təhsil verməyə nail olmaq. İkincisi: Virtual məkanda işləmək bacarıqları olmayan müəllimlərə dəstək durmaq, 3-cüsü çıxılmaz vəziyyətlə üzləşən tələbələrə dəstək durmaq. Distant təhsil ətrafında geniş imitasiyalar mövcuddur. Burda bütün universitetlər və bütün tələbələrlə bağlı universal qərar qəbul etmək mümkün deyil. Bütün dünyada belədir. Tələbələrin distant təhsilin keyfiyyətinə verdiyi qiymət fərqlidir. Ali məktəblər prosesi fərqli şəkildə həyata keçirirlər. Müşahidələrimiz göstərir ki, universitet var ki, günə 900 distant dərs təşkil edir. Təhsil Nazirliyi və müstəqil ekspertlər təhsilin bu növünü yetərincə yüksək səviyyədə təşkil edənləri və təşkil edə bilməyənləri aşkar etməlidirlər”.

Ali məktəblər distant təhsilə keçdikləri zaman təhsil haqlarına baxılmalıdırmı? Deputat bildirib ki, ali məktəblərin yeganə gəlir mənbəyi olan təhsil haqlarının 83-85 faizi əmək haqlarına sərf olunur: 

"Bu il dövlət sifarişli yerlər 16.000 nəfər artırılıb. Ödənişli təhsil alan tələbələr də təhsil nailiyyətlərinə görə təqaüd alırlar. Nazirlər Kabinetinin "Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi barədə” qərarı 20 mindən artıq tələbəni əhatə edir. Qərarın icrası üçün dövlət büdcəsindən 40 milyon manat maliyyə vəsaiti ayrılıb. Bütün bunlar tələbələr üçün yüksək güzəştlərdir. Ali məktəb rəhbərləri də pandemiyanın tələbələrin təhsilinə təsirini yumşaltmaq məqsədilə müxtəlif güzəştlər həyata keçirirlər. Bununla yanaşı, biz müəllimləri də düşünməliyik. Pandemiya dövründə ən böyük fədakarlığı həkimlər və müəllimlər etdilər. Lakin həkimlər illər ərzində gördüyü işi, müəllimlər isə heç vaxt görmədikləri yeni işi etdilər: Distant dərslər apardılar.

Təhsilin pütün pillələrində çalışan müəllimlər bu dövr ərzində müxtəlif vasitələrlə dərs deməyə çalışdılar. Əlbəttə ki, bilik qazanmaq istəyi olan tələbələrin böyük kəsimi bundan bəhrələndilər”.

Etibar Əliyevin fikrincə, tələbələrin kursdan-kursa keçmələri məsələsində problem yaradılmamalıdır: 

"Distant təhsilin təşkili ənənəvi təhsildən qat-qat çətindir. Buna görə də tələbələr və valideynlər təhsil haqlarının ödənilməsinə anlayışla yanaşmalıdırlar. Bu yük də dövlətin üzərinə düşməməlidir. Dövlətin dəstəyi ilə vətəndaşın dəstəyi uzlaşmalı və vəhdət təşkil etməlidir. "Birlikdə güclüyük” paradiqması isə bunun fəlsəfəsini təşkil etməlidir”.

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR