Neftin ucuzlaşmasının ilk zərbəsi Azərbaycanda hansı sahəyə dəyib? (EKSPERT)

Neftin ucuzlaşmasının ilk zərbəsi Azərbaycanda hansı sahəyə dəyib? (EKSPERT)

"Görünür ki, neftin ucuzlaşmasının ilk zərbəsi icbari tibbi sığortaya dəydi”.

Ekonews xəbər verir ki, bunu iqtisadçı ekspert Qubad İbadoğlu icbari tibbi sığortanın ölkə üzrə tam tətbiqinin daha 1 il ertələnməsindən danışarkən deyib.

Onun fikrincə, Nazirlər Kabinetinin "İcbari tibbi sığortanın ölkənin inzibati ərazi vahidləri üzrə tətbiqi ardıcıllığı”nın təsdiq edilməsi haqqında 504 nömrəli qərarına dəyişiklik işlər başa çatdırılmadığına görə edilib:

"Azərbaycanda icabri tibbi sığortanın tətbiqi 4 mərhələrə aparılmaqla bu il yekunlaşmalı idi. Hər mərhələ üçün seçilmiş regionlara 1 rüb vaxt ayrılmışdı. 2020-ci il yanvar ayının 1-dən başlayan birinci mərhələdə Naxçıvan Muxtar Respublikası və Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı, Şamaxı, İsmayıllı, Ağsu, Qobustan, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, Göyçay, Ucar, Zərdab, Kürdəmir, Mingəçevir, Ağdaş, Yevlax rayonlarını əhatə edirdi.
 
Naxşçıvanda və yuxarıda adı çəkilən rayonlarda icbari tibbi sığortanın tətbiqi müddəti martın 31-də başa çatmalı idi. Aprelin 1-dən icbari tibbi sığortanın başqa rayonlarda tətbiqinə başlanılmalı idi. Lakin bu müddətdə işlər başa çatdırılmadığına görə, Nazirlər Kabinetinin "İcbari tibbi sığortanın ölkənin inzibati ərazi vahidləri üzrə tətbiqi ardıcıllığı”nın təsdiq edilməsi haqqında 504 nömrəli qərarına dəyişiklik edilib. Dəyişikliyə əsasən icbari tibbi sığortanın ikinci mərhələdə tətbiqi aprel ayında deyil, iyul ayında həyata keçiriləcək".

Qubad İbadoğlu qeyd edib ki, iyul ayının 1-dən etibarən ikinci mərhələdə icbari tibbi sığortanın tətbiqi Gəncə, Göygöl, Goranboy, Daşkəsən, Samux, Naftalan, Şəmkir, Qazax, Ağstafa, Gədəbəy, Tovuz, Bərdə, Tərtər, Ağdam, Ağcabədi, Füzuli, Beyləqan, Xocavənd, Xocalı, Laçın, Kəlbəcərdə qeydiyyatda olan vətəndaşlar üçün nəzərdə tutulur:

"Dünən Milli Məclisdə "Tibbi sığorta haqqında” qanuna dəyişiklik edilməklə Azərbaycanda icbari tibbi sığortanın mərhələli şəkildə tətbiqi müddəti 2022-ci ilədək uzadılıb. Bu isə o deməkdir ki, 2020-ci ildə tamamlanmaq şərtilə mərhələli şəkildə tətbiq olunmalı icbari tibbi sığorta qanundakı son dəyişiklikdən sonra, 2021-ci ildə tamamlanmaq şərtilə mərhələli şəkildə tətbiq olunacaq.

Deməli, Bakı da daxil olmaqla digər ərazilərdə bu il icbari tibbi sığorta tətbiq olunmayacaq. İcbari tibbi sığortanın əhəmiyyətinin artdığı hazırkı şəraitdə onun tətbiqinin gələn ilə ertələnməsi təəssüf doğurur. Hesab edirəm ki, icbari tibbi sığortanın tətbiqinin başlıca səbəbi maliyyə təminatı ilə bağlıdır. Görünür ki, neftin ucuzlaşmasının ilk zərbəsi icbari tibbi sığortaya dəydi. Heç bir sosial proqramın ixtisarına yol verməyəcəyini bəyan edən hakimiyyət indidən icbari tibbi sığortaya ayrılan vəsaitin yarısını azaltdı. Bu məbləğ təxminən 500 milyon manata bərabərdir".

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR