Oqtay Əsədovdan deputata:
30 Noyabr, 14:57   |    Baxış sayı: 705

Oqtay Əsədovdan deputata: "Deyəsən, dərmanın dozası çox olub"

Milli Məclisin bu gün keçirilən iclasında "Dərman vasitələri haqqında" qanuna dəyişiklik layihəsi geniş müzakirələrə səbəb olub.

Qaynarinfo unikal.org-a istinadən xəbər verir ki, qanun layihəsi ətrafında çıxış edən deputat Tahir Kərimli sənəddə "effektiv” sözünün "səmərəli” sözü ilə əvəzlənməsini istəyib:

"Biz gəlin, dilimizə hörmət edək. Əgər biz özümüz özümüzə hörmət etməsək, heç kim bizə hörmət etməyəcək. Bu dil bizə ata-babalarımızdan qalıb. Biz də bu dilin saflığının qorunması üçün əlimizdən gələni etməliyik. Təklif edirəm ki, parlamentdə dil monitorinq mərkəzi yaradılsın. Qanun layihələri cənab prezidentə təqdim olunmazdan əvvəl həmin mərkəzdə baxılsın”.

Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev isə deputatın çıxışına münasibət bildirib: "Tahir müəllim, burada nəzərdə tutulan "effektiv” sözü tibbi bir anlayışdır”.

Daha sonra isə çıxış edən spiker Oqtay Əsədov deyib ki, deyəsən, dərmanın dozası çox olub: "Qanun layihəsinin mahiyyəti qalıb bir kənarda, hamı dilin qorunmasından danışır. Birincisi, biz dilimizi qorumalıyıq. Bu, ən vacib məsələdir. Mən və parlament rəhbərliyi də dilin qorunmasının tərəfdarıyıq. Dilin qorunması ilə hər hansı monitorinq qrupunun yaradılmasına ehtiyac yoxdur. Biz özümüz bununla məşğul oluruq. Bu məsələ ilə gələcəkdə də məşğul olmaq lazımdır. Amma xahiş edirəm, gündəliklə bağlı məsələlərə münasibət bildirək”.

Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov əlavə edib ki, dərmanlarla bağlı terminləri hər gün Azərbaycan dilinə tərcümə etməyə çalışsaq bizim işimiz çətin olar: "Ona görə də bizi başa düşmək lazımdır. "Effektiv” sözü dərmanın insan orqanizminə necə təsir etməsinə aiddir”.

Parlament sədrinin birinci müavini Ziyafət Əsgərov da deputat Tahir Kərimlinin dilçiliklə bağlı qaldırdığı məsələyə reaksiya verib. O deyib ki, dilin qorunması ilə bağlı qaldırılan fikirlə hamı razıdır: "Biz dilimizi ana südü kimi qorumalıyıq”.
 
Tətbiqlərimizi endirin, xəbərə daha yaxın olun!