Pomidorun baha olmasının səbəbi açıqlandı

Pomidorun baha olmasının səbəbi açıqlandı

İstehsal həcminə görə adambaşına 64 kq pomidor düşür, lakin hesablamalar göstərir ki, hər bir vətəndaş ildə 50 kq-dan artıq pomidor istehlak etmir

Bazarda pomidorun qiyməti ucuzlaşmaq bilmir. İndi satışda ən yaxşı halda bu tərəvəzin bir kiloqramını 1 manat 20 qəpiyə almaq olar. Keyfiyyətinə görə fərqlənən pomidorların satış qiyməti isə 1 manat 70 qəpik, 2 manat civarındadır.

Pomidorun qiymətinin baha olmasından alıcılar da şikayətlənirlər. Sosial şəbəkələrdə bu mövsüm pomidorun ucuzlaşmayacağı, qiymətin qışa tədarük görməyə imkan vermədiyinə dair narazılıq dolu statuslar paylaşılır. Alıcılar qışda da pomidoru baha aldıqlarından, mövsümdə qiymətdə ucuzlaşma olmamasından gileylənirlər.
EkoNews xəbər verir ki, Sputnik Azərbaycan-ın əməkdaşı pomidorun qiymətinin mövsümə uyğun olmamasının səbəblərini araşdırıb. Aqrar Elm və İnnovasiya Mərkəzinin şöbə müdiri Nicat Nəsirli Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, pomidorun satışda ucuzlaşmamasının bir neçə səbəbi var: "Son günlər pomidorun qiyməti əsas müzakirə mövzusudur. İyul ayını hamı həsrətlə ona görə gözləyir ki, el dilində desək, Xaçmaz, Şəmkir, Sabirabad, Masallı pomidoru çıxsın, qiymətlər ucuzlaşsın, bir tərəfdən, evlərə qış tədarükü başlasın, digər tərəfdən, insanlar yayın bürküsündə pendir-çörək süfrəsi açıb istinin ləzzətini çıxarsınlar. Lakin iyulun onuncu gününü yaşasaq da, hələ açıq sahə pomidoru bazarlara çıxmayıb. Builki təsərrüfat mövsümünü istisna hal kimi qiymətləndirmək olar. Məsələ burasındadır ki, ilkin yazdan başlayaraq havaların qeyri-sabit keçməsi, temperatur dəyişmələri kənd təsərrüfatı məhsullarının istehsalı üçün ciddi risklər ortaya çıxardı. Əlverişsiz havalar ilkin yaz mövsümündə tumlu meyvə ağaclarının potensial məhsuldarlığa çatmasına imkan vermədi, ağaclarda mayalanma prosesi yağışların təsiri ilə başa çatmadığına görə məhsuldarlıq aşağı düşdü. İyun-iyul aylarındakı meteoroloji göstəricilərin təhlili deməyə əsas verir ki, əlverişsiz havalar artıq açıq sahə tərəvəzçiliyinə də mənfi təsir göstərməkdədir. İstehsal təqviminə görə, temperaturun yüksəlməsi, şitillərin məhsulvermə dövrünün başa çatması ilə əlaqədar olaraq, iyunun ikinci ongünlüyündə istixanalar fəaliyyətini dayandırır, iyulun əvvələrində isə açıq sahədə yetişdirilən tərəvəz məhsulları bazara girərək istehlak zəncirində fasilənin yaranmasına imkan vermirdi. Bu il zəncirdəki harmonik əlaqə pozuldu, iyunun sonunda istixanalar təsərrüfat mövsümünə qismən yekun vursalar da, açıq sahədə əkilmiş bostanlarda məhsul vaxtında yetişməyib.

İstilik bütün bitkilər kimi tərəvəz məhsullarının yetişməsi üçün ən mühüm şərtdir. Artıq iki həftədir ki, məhsulun yetişməsi üçün faydalı istilik əmsalı yaranmadığına görə kütləvi yetişmə prosesi gecikir. Dünən əsas tərəvəzçilik rayonlarında apardığımız müşahidələrə görə, iki həftəyə yaxındır ki, pomidorun yetişməsi üçün tələb olunan müsbət 25-26 dərəcə temperatur yaranmadığına görə bostanlarda təxminən 15 günlük gecikmə əmələ gəlib.

Ötən ilə qədər bostanlarda iyulun 1-dən kütləvi tədarük başlayırdı, dünənki müşahidələrə görə, fermerlər yalnız ala-kal məhsulların yığımına başlayıblar. Fermerlər deyirlər ki, tez, orta və gec yetişən sortlar əksələr də, yetişmə prosesində ardıcıllıq itib, tezyetişən sortların yığımı iyulun 10-a qədər başa çatmalı idi, lakin hələ yığımı yenicə başlayıb. Məntiqi olaraq istehsalda təbii amillərin təsiri ilə yaranmış bu qısamüddətli fasilə bazarlardakı qiymətlərə öz təsirini göstərib.

Lakin iqlimdəki qeyri-stabillik düzələrsə, ən uzağı, bir həftədən sonra sahələrdə kütləvi yığım başlayacaq və bununla da bazarlarda qiymət təlatümü xeyli səngimiş olacaq".

N.Nəsirli deyir ki, prosesin fonunda ixrac amilini də unutmaq olmaz: "Ötən ildən başlayaraq yaxın və uzaq qonşu ölkələrdə meyvə-tərəvəz məhsullarının qiyməti yüksəlməkdə, tələbat dinamik artmaqdadır. Təbii ki, bu proses maya dəyəri ucuz başa gələn Azərbaycan məhsullarına tələbatı artırır. İqtisadi İslahatların təhlili və Kommunikasiya Mərkəzinin may ayı üçün açıqladığı rəqəmlərə görə, ötən ilin yanvar-aprel aylarında Rusiyaya ixrac 135 milyon dollar təşkil etmişdisə bu il 164 milyon dollara yüksəlib. Və burada meyvə-tərəvəz xüsusi çəkiyə malikdir. 2018-ci ilin aprelində Rusiyaya 36 milyon dollarlıq qeyri-neft məhsulları göndərilmişdisə, cari ilin aprelində bu rəqəm 49 milyona qalxıb. Apreldə Türkiyə ilə də ticarət münasibətləri xeyli yüksəlib, ötən il 29 milyon dollarlıq dövriyyə bu ilin aprelində 48 milyon dollara qalxıb.

Məsələni yalnız meyvə-tərəvəz məhsulları üzərinə fokuslasaq: 2018-in yanvar-aprel dövründə Rusiyaya 111 milyon dollarlıq meyvə-tərəvəz göndərilmişdisə, bu ilin eyni dövründə həcm 34% artaraq 149 milyon dollara yüksəlib. Rəqəmləri xüsusiləşdirsək: 2018-ci ilin yanvar-aprel aylarında qonşu Rusiyaya göndərilmiş mahlıc, fındıqdan sonra pomidor üçüncü olub: 2018-ci ilin yanvar-aprelində 42 milyon dollarlıq pomidor ixrac olunmuşdusa, 2019-cu ilin yanvar-aprelində 49 milyon dollar təşkil edib.

Yalnız aprel ayında: ötən ilin aprelində 18 milyon dollarlıq pomidor ixracı 2019-cu ilin aprelində 24 milyon dollara yüksəlib. Pomidor ötən ilin aprelində də, bu ilin aprelində də ixracda liderliyini qoruyub. 2019-cu ilin ilk beş ayı ərzində meyvə-tərəvəz ixracı 241 milyon dollar təşkil edib.

Rəqəmlərə əsasən, pomidora artan tələbat istehsal strukturunda öz əksini tapır. 2016-cı ildə 23 min 819 hektardan 503 min ton pomidor istehsal edilmişdisə, 2017-ci ildə əkin sahəsi azalsa da (21 min 331 ha), məhsuldarlıq hektardan 16 sentnerə yüksəlib və nəticədə 624 min ton pomidor istehsalına nail olunub. Hətta illik ixracı da nəzərə alsaq, yerdə qalan hissə ölkə əhalisinin tələbatını tam ödəməyə imkan verir. Əhalinin bu məhsul üzrə illik tələbatı 400-470 min ton təşkil edir ki, yerli istehsalın bunu tam ödəməyə gücü çatır. İstehsal həcminə görə adambaşına 64 kq pomidor düşür, lakin hesablamalar göstərir ki, hər bir vətəndaş ildə 50 kq-dan artıq pomidor istehlak etmir".


OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR