Prezident qəti tapşırdı, bəs əməl edən olacaqmı? (ŞƏRH)

Prezident qəti tapşırdı, bəs əməl edən olacaqmı? (ŞƏRH)

"8 saatdan artıq işləyən işçilərə əlavə maaş ödənilməlidir”.

Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadi-ekspert Natiq Cəfərli Prezident İlham Əliyevin "Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda "Bizim 8 saatlıq iş günümüz var. Heç kim ondan artıq işləməməlidir” fikirini şərh edərkən deyib. Onun sözlərinə görə, dövlət müəssisələrində, büdcə təşkilatlarında çalışanların 8 saatdan çox işləməsi yolverilməzdir:

"Özəl sektorda isə bu müqavilələrlə tənzimlənir. Sahibkarla işçi arasında müəyyən razılıq əldə olunmalıdır. Əgər həmin razılıq əsasında əlavə iş saatlarına əlavə ödənişlər təyin olunubsa, burada heç bir qanun pozuntusu yoxdur. İnsanların hüquqları pozulmur, əksinə qarşlıqılı razılıq və əlavə ödəniş müqabilində insanlar əlavə iş saatlarında çalışa bilərlər”.

Natiq Cəfəli qeyd edib ki, Azərbaycan ən böyük problem işçi ilə sahibkar arasında müqavilənin bağlanmamasıdır:

"Azərbaycanda problem başqadır. Özəl sektorda maaşlar çox aşağıdır. İşə götürüləndə sahibkarlar işçi ilə müqavilələr bağlamırlar. Bununla onlar həm vergidən yayınır, həm də məsuliyyətdən. Belə olan zaman bir işçinin heç bir hüququ olmur. "Artıq  qalıb işləməlisən” deyildikdə heç bir etiraz edə bilmir. İşsizlik o səviyyədədir ki, etiraz edən kimi yerinə namizədlər tapılır”.
 
Natiq Cəfərli dövlət müəssisələrində və büdcə təşkilatlarında isə problemin müdirlə əlaqəli olduğunu deyib:

"Dövlət sektorunda və büdcədən maliyyələşən müəssisələrdə problem ondan ibarətdir ki, direktor işdən getməmiş ondan vəzifəcə aşağı olan işçi otaqdan çıxmır. Şöbə mudirləri, sektor rəhbərləri yalnız müdirdən sonra getməlidir. Əgər onlar müdirdən tez işdən gedərsə, səhəri gün cəzalandırılırlar. Bu, rəhbərliyin öz işçilərinə qarşı hörmətsizliyidir. Halbuki həmin işçilərin hər biri əmək müqaviləsi ilə çalışır”.

Qeyd edək ki, Prezident İlham Əliyev "Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda çıxış edərkən bir sıra vacib məsələlərə toxunub. Dövlət başçısı bildirib ki, sahibkarlığın inkişafının qabağını alan bir çox hallarda məmur özbaşınalığıdır: "Bizim 8 saatlıq iş günümüz var. Heç kim ondan artıq işləməməlidir. Amma daha çox pula qənaət etmək üçün 10 saat, 12 saat, ondan da çox işlədirlər. Buna son qoyulmalıdır və Nazirlər Kabineti buna nəzarət etməlidir. Xüsusi müşavirə keçirilsin ki, bu məsələlər müzakirə olunsun və əgər belə hallara yol verilirsə, o sahibkar cəzalandırılacaq. İşçilərə də müraciət edirəm. Siz də əmək müqaviləsi olmadan işləməyin”, - deyə Prezident bildirib. 

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR