Professor: “Azərbaycanda yeni yatağın işlənməsi məşğulluğu artıracaq”

Professor: “Azərbaycanda yeni yatağın işlənməsi məşğulluğu artıracaq”

"Azərbaycanda yeni neft yatağının kəşf olunmasının təsdiqlənməsi çox sevindirici haldır və ölkənin  neft sənayesi üçün böyük nailiyyətdir”.

Bunu Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADSNU) qaz-neft mədən fakültəsinin professoru Eldar Süleymanov bildirib.

O qeyd edib ki, yeni yataq ölkədə neft hasilatının artırılmasına imkan yaradacaq. Professor bu yatağın kəşfinin gələcək nəsillər üçün də töhfə olduğunu vurğulayıb: "Bu gün kəşf olunduğu təsdiq olunan  yataq bir neçə onilliklər işləniləcək. Orada qazma, hasilat işləri həyata keçiriləcək. Bu da Azərbaycan üçün yeni iş yerlərinin yaranmasına, məşğulluğun artmasına imkan yaradır”.

Professor həmçinin əlavə edib ki, yeni neft yatağının işlənməsi Azərbaycanın neft gəlirlərinə də əhəmiyyətli töhfə olacaq.

Qeyd edək ki, bu gün yayılan məlumata görə, SOCAR və Norveçin "Equinor” şirkəti Xəzər dənizinin Azərbaycan sektorunda, Bakıdan 120 kilometr şərqdə, açıq dənizdə yerləşən "Qarabağ” yatağının kəşf olunduğunu təsdiq ediblər. "Qarabağ” yatağı müstəqillik dövründə kəşf edilmiş ilk neft yatağıdır. Yatağın ilkin qiymətləndirilmiş geoloji ehtiyatları 60 milyon ton neftdən artıqdır.

"Qarabağ” yatağında ilk qiymətləndirmə quyusunun qazılmasına 2019-cu il dekabrın 23-də başlanılıb. SOCAR-ın CDC (Caspian Drilling Company) qazma şirkəti bu quyunu suyun 180 metr dərinliyində "Dədə Qorqud” üzən qazma qurğusu ilə qazıb. Yatağın məhsuldar layları 3,4 kilometr dərinlikdə yerləşir. İlkin qənaətə görə, yataqda kəşf edilmiş neft və qaz həcmləri onun iqtisadi cəhətdən səmərəli işlənməsi üçün yetərlidir.

Mənbə: marja.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR