Professor:

Professor: "Yüksək Sıxlıqlı Polietilen zavodu kiçik biznesin inkişafına böyük təsir göstərir"

Bu gün "SOCAR Polymer”in Sumqayıt Kimya Sənaye Parkı ərazisində yerləşən ikinci zavodu - Yüksək Sıxlıqlı Polietilen zavodunun istifadəyə verilməsinin bir ili tamam olur. Zavod gündəlik 330 ton, illik 120 min ton yüksək sıxlıqlı polietilen istehsal gücünə malikdir. Zavodun mühəndislik, təchizat və tikinti işlərini "Maire Tecnimont” şirkəti həyata keçirib. Zavodda istehsal olunan məhsulun 25%-i daxili bazar, 75%-i ixrac üçün nəzərdə tutulub. Məhsul dəmiryolu, dəniz və quru yolla daşınır. Zavodda təxminən 300 nəfər daimi işlə təmin edilib. Zavodda 9 növdə ağ rəngli və 3 növdə isə qara rəngli polietilen istehsal olunur.

Bəs bu zavodun Azərbaycan iqtisadiyyatı üçün əhəmiyyəti nədir?

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Kimya-texnologiyası fakültəsinin professoru Yunis Qəhrəmanlı "APA-Economics”ə bildirib ki, Yüksək Sıxlıqlı Polietilen zavodunun Azərbaycan iqtisadiyyatı üçün böyük önəmi var.

"Bildiyiniz kimi, ölkədə hələ ötən əsrin 60-cı illərindən aşağı sıxlıqlı polietilen istehsal edilir. Bu məhsul yumşaq material olduğundan polietilen plyonka kimi yumşaq materialların hazırlanmasında istifadə olunur. Yəni onun tətbiq sahələri bir o qədər də geniş deyil. Yüksək sıxlıqlı polietilen isə daha möhkəm material olduğuna görə onun əsasında həm məişətdə, həm də bilavasitə sənayedə, texnikada istifadə edilən məmulatların istehsalında istifadə etmək olar. Bazarda bu materialın çatışmazlığı var idi. Ölkəmizdə bu zavodun inşası həmin çatışmazlığı aradan qaldırmış oldu”, - deyə Y. Qəhrəmanlı qeyd edib.

Onun sözlərinə görə, Azərbaycanda yüksək sıxlıqlı polietilenin istehsalı onun aşağı qiymətə satılmasına imkan yaradır, bu isə kiçik biznesin inkişafına böyük təsir göstərir: "Ümumiyyətlə, bu zavodun iqtisadiyyatımız üçün böyük rolu var. Bu tip məhsulun daxildə istehsal olunması və nisbətən aşağı qiymətə satılması kiçik biznesimizə böyük təsir göstərir. Onun inkişafına təkan verir”.

Bundan başqa, professor yüksək sıxlıqlı polietilenin qranul formasında ixrac olunmasının ölkəyə gəlir gətirməsi baxımından da rolunu vurğulayıb. Y. Qəhrəmanlı zavodun məşğulluq yaradılması baxımından da əhəmiyyətini qeyd edib: "Belə bir zavodun Azərbaycanda inşa olunması yeni iş yerlərinin yaradılması baxımından əhəmiyyətlidir. Bu nöqteyi-nəzərdən də belə zavodun ölkədə inşasını müsbət qiymətləndirirəm”.

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR