Qanunsuz tiklilərlə bağlı Peyk Nəzarət Sistemi qurulur
04 Mart, 13:24   |    Baxış sayı: 97

Qanunsuz tiklilərlə bağlı Peyk Nəzarət Sistemi qurulur

Əmlak Məsələləri Dövlət Komitəsi daşınmaz əmlakın kadastrı və torpaq idarəçiliyi sahəsində məlumatların idarə olunmasının daha da təkmilləşdirilməsi üçün Avropa təcrübəsindən yararlanır. Bu məqsədlə Avropa İttifaqının Ekspert Missiyası TAIEX proqramı çərçivəsində komitə nümayəndələri üçün seminar keçirib. 

EkoNews xəbər verir ki, komitədən verilən məlumata görə, seminar 2 günlük olmaqla martın 5-dək davam edəcək. Komitənin təqdim etdiyi 5 layihə Avropa İttifaqı tərəfindən qəbul edilib və bu istiqamətlər üzrə ekspert missiyası seminar keçirir.
 
"Daşınmaz əmlak kadastrı məlumatlarının idarə olunması” mövzusunda keçirilən tədbirdə Avropa İttifaqının ekspertlərindən olan Sloveniyanın Mərzçəkmə və Xəritəçəkmə Qurumunun baş direktoru Tomas Petek, Riqa Texniki Universitetinin Memarlıq və şəhərsalma fakültəsində tədqiqatçı Sarmite Barvika, Xorvatiyanın Şimal Universiteti – Varazdin Universitet Mərkəzinin professoru Danko Markovinoviç iştirak ediblər. 

Tədbirin məqsədi kadastr və torpaq inzibatçılığı sahəsində tətbiq edilən müasir elementlər, mexanizmlər, çağdaş dövrün tələblərinə uyğun istifadə olunan yeniliklər barədə məlumatlanmaq, mövzu ətrafında müzakirələrin aparılmasıdır. Həmçinin, bu sahələrin idarəedilməsində effektivliyin təmin olunması ilə bağlı qarşılıqlı əməkdaşlıq, birgə təcrübə mübadiləsinin aparılması, əhəmiyyətli layihələrin həyata keçirilməsidir.

Tədbirin əhəmiyyətinə toxunan avropalı ekspertlər qarşılıqlı əməkdaşlığın kadastr uçotu işlərində operativliyin artmasına, torpaq istifadəçiliyində nəzarət tədbirlərinin daha intensiv metodlarla, avtomatlaşdırılmış mexanizmlərlə aparılmasına imkan verəcəyini bildiriblər.

Sloveniyalı Tomas Petek "Daşınmaz əmlak kadastrı məlumatlarının idarə olunması sahəsində Avropa təcrübəsi” adlı mövzu ilə çıxış edib. Ölkəsində, eləcə də digər Avropa dövlətlərində bu sahədə tətbiq edilən avadanlıqlar, cihazlar barəsində məlumat verib, müasir standartlara cavab verən yeni texnologiyalardan bəhs edib. Qeyd edib ki, idarəetmənin təkmilləşdirilməsi üçün bu sahədə əldə olunan məlumatlara əlçatanlıq təmin edilməlidir. Belə ki, mövcud məlumatlardan istifadənin asanlaşdırılması üçün vahid platforma yaradılmalıdır. Mütəxəssis "Kadastr məlumat bazasının strukturu” mövzusunda da iştirakçılara sahəvi məlumatlar verib.

Daha sonra çexiyalı mütəxəssis Sarmite Barvikanın "Mülkiyyət növü və ya torpaqların və daşınmaz əmlak obyektlərinin istifadəsinə görə məlumatların səmərəli toplanması və idarə olunması” mövzusundakı təqdimatı nümayiş olunub. Mütəxəssis ölkəsində tətbiq edilən təcrübədən danışıb, bu sahənin inkişafı istiqamətində həyata keçirilən texnoloji üsullar barədə məlumat verib. Qeyd edib ki, torpaqlardan səmərəli istifadənin təmin edilməsi üçün mülkiyyət növündən və təyinatından asılı olmayaraq bütün torpaq sahələrinin dəqiq uçotu aparılmalıdır.

Xorvatiyalı professor Danko Markovinoviç çıxışında dövlət reyestrində qeydiyyata alınmış torpaq və daşınmaz əmlak obyektlərinin məlumat bazasının strukturu, idarə olunması və digər bu kimi məsələlərə toxunub. Bildirib ki, daşınmaz əmlak, o cümlədən torpaq balansı düzgün tərtib olunmalı, məqsədli təyinatına və hüquqi rejiminə uyğun istifadəyə nəzarət təmin edilməlidir.

Daha sonra torpaq idarəçiliyi və kadastr sahəsində tətbiq edilən müasir üsullar, reallaşdırılan yeni layihələr barədə təqdimatlar olub. Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıqlarına əsasən, həyata keçirilən torpaqların elektron kadastr uçotu işlərinin nəticələri əcnəbi ekspertlərin marağına səbəb olub. Hazırda torpaqların kadastr uçotu işləri yekunlaşmış 30 rayonun 24-də layihənin nəticələri praktiki istifadə üçün aidiyyəti orqanların istifadəsinə verilib, bununla bağlı təqdimatlar keçirilib.

Qeyd edilib ki, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən torpaqların səmərəli istifadəsinə də nəzarət beynəlxalq prinsiplərə uyğun olaraq effektiv aparılır. Belə ki, dövlət nəzarətinin həyata keçirilməsində çevikliyi artıran, qanunsuz tiklilərin qarşısını alan Peyk Nəzarət Sistemi tətbiq ediləcək. Bununla yanaşı komitənin müfəttişləri yerlərdə monitorinqlər həyata keçirirlər. Ötən il ərzində İnzibati Xətalar Məcəlləsinin tələblərinə əsasən 1300-ə yaxın hal üzrə inzibati protokol tərtib olunub.

Torpaq qanunvericiliyinin tələblərinin pozulmasına qarşı həyata keçirilən inzibati tədbirlərlə yanaşı, maarifləndirmə və izahat işləri aparılır. 2018-ci il ərzində respublikanın 26 rayonunda maarifləndirmə tədbirləri keçirilib. 2015-2018-ci illərdə hüquqi və fiziki şəxslərə 6 minə yaxın xəbərdarlıq xarakterli bildiriş təqdim edilib.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar avropalı ekspertlər tərəfindən cavablandırılıb. Qeyd olunmalıdır ki, bu kimi tədbirlərin təşkili gələcək illərdə də davam etdiriləcək.