"Qayğı - Sağlam Nəsil Naminə" İctimai Birliyi daun sindromlu uşaqlara yardım edib (FOTO/VİDEO)

"Qayğı - Sağlam Nəsil Naminə" İctimai Birliyi ölkədə koronavirus pandemiyası ilə əlaqədar elan edilən xüsusi karantin dövründə daun sindromlu uşaqlara ərzaq yardımı edib. 

Ekonews xəbər verir ki, xüsusi qayğıya ehtiyac duyan uşaqlara həmçinin müxtəlif hədiyyələr də təqdim edilib.

"Qayğı - Sağlam Nəsil Naminə" İctimai Birliyinin sədri Sevinc Abdullayeva bildirib ki, pandemiyanın dünyada geniş yayıldığı bir dövrdə cəmiyyətin həssas təbəqəsinə aid olan insanları qayğı ilə əhatə etmək olduqca vacibdir. Onun sözlərinə görə, İctimai Birliyin üzvləri məhz bu ərəfədə də daun sindromlu uşaqların yanındadırlar, onların problemləri ilə yaxından maraqlanırlar.

Qeyd edək ki, "Qayğı - Sağlam Nəsil Naminə" İctimai Birliyi Heydər Əliyev Fondunun təşəbbüsü ilə təsis edilib.

İctimai Birliyə "Qayğı" Uşaq Reabilitasiya Mərkəzi və Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzi daxildir.

Bakının Nizami rayonunda yerləşən reabilitasiya mərkəzi uşaq serebral iflicindən əziyyət çəkən 3-7 yaşlı uşaqlar üçün nəzərdə tutulub. Mərkəzdə təlim-tərbiyə işləri ilə yanaşı, reabilitasiya tədbirləri də həyata keçirilir.

Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzində isə uşaqlar və yeniyetmələrlə reabilitasiya işi aparılır, ünsiyyət, özünəxidmət və sadə əmək vərdişləri formalaşdırılır, onların cəmiyyətə inteqrasiyası təmin edilir. Birliyin əsas məqsədi Azərbaycanda əlil və sağlamlıq imkanları məhdud olan uşaqların tibbi müalicəsini təşkil etməkdən, onların reabilitasiyasından, ictimai həyatın bütün sahələrində iştirak etmək üçün başqa vətəndaşlarla bərabər imkanlar almasından və bunlarla bağlı müvafiq işlərin həyata keçirilməsindən ibarətdir.

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR