Qiymətli kağızlar bazarı cüzi kiçilib – Palata göstəriciləri açıqlayıb

Qiymətli kağızlar bazarı cüzi kiçilib – Palata göstəriciləri açıqlayıb

2019-cu ilin III rübü üzrə qiymətli kağızlar bazarının icmal göstəriciləri açıqlanıb

2019-cu ilin doqquz ay ərzində investisiya qiymətli kağızları bazarında ümumilikdə 12,071.5 mln. manat həcmində əməliyyat aparılıb. Əməliyyatların 80.1%-i (9,666.0 mln. manat) ilkin bazarda, 19.9%-i (2,405.6 mln. manat) isə təkrar bazarda aparılıb. Cari ilin yanvar-sentyabr ayları ərzində qiymətli kağızlarla ilkin bazar əməliyyatları ötən ilin müvafiq dövrü ilə müqayisədə 9% azalıb, təkrar bazar əməliyyatları isə 69% artıb.

Korporativ qiymətli kağızlar

2019-ci ilin doqquz ayı ərzində real sektor təmsilçilərinin və maliyyə institutlarının fond bazarı vasitəsilə öz vəsaitlərini artırmaq təşəbbüsləri korporativ qiymətli kağızlar bazarının korporativ istiqrazlar seqmentində əməliyyatların həcminin ötən ilin müvafiq dövrü ilə müqayisədə 42.1% (447.9 mln. manat) artmasına səbəb olub. Əlavə olaraq, korporativ istiqrazların ilkin bazarında bağlanan əqdlərin məbləği əvvəlki hesabat dövrü ilə müqayisədə 20.7% artaraq 759.3 mln. manata çatıb.

Dövlət qiymətli kağızları

Hesabat dövründə dövlət qiymətli kağızları bazarında əqdlərin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 3% azalaraq 9,315.3 mln. manat təşkil edib. Bunun 951,7 mln. manatını dövlət istiqrazları, 8,363.6 mln. manatını isə Mərkəzi Bankın notları təşkil edib. Dövr ərzində dövlət istiqrazlarının yerləşdirilməsi üzrə 27 hərrac, Mərkəzi Bankın notlarının yerləşdirilməsi üzrə isə 40 hərrac keçirilib və müvafiq olaraq, 527 mln. manat və 8,140 mln. manat məbləğində yerləşdirmə olub.

Repo əməliyyatları

Hesabat dövründə qiymətli kağızlarla keçirilən repo əməliyyatlarının ümumi məbləği 842,9 mln. manat olub. Dövlət istiqrazları ilə repo əməliyyatlarının həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə artım nümayiş etdirərək 490,4 mln. manat təşkil edib.

Qeyd: Ötən dövrlərin hesabatında əks olunmuş fərq müqavilələri ilə marja ticarəti əməliyyatları üzrə statistik məlumatlar bu hesabatlığa daxil edilməmişdir.

2019-cu ilin birinci yarısı üzrə investisiya qiymətli kağızları bazarının əsas göstəriciləri icmal göstəricilərdə öz əksini tapıb.

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR