"Şimal-Cənub" nəqliyyat dəhlizi Azərbaycana hansı dividentlər vəd edir? (RƏYLƏR)

Azərbaycan bir sıra mühüm regional nəqliyyat layihələrində iştirak edir. Bunlardan biri də Hindistanı Orta Şərq, Qafqaz, Mərkəzi Asiya, Rusiya və Avropa ölkələri ilə birləşdirən "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizi layihəsidir. Əsası 2000-ci ildə Rusiya, İran və Hindistan tərəfindən qoyulan layihəyə daha sonra Qazaxıstan, Türkmənistan, Tacikistan, Belarus, Ukrayna, İordaniya, Bolqarıstan qoşulub. Dəhlizin yaradılmasında məqsəd Hindistandan Rusiyaya, eləcə də Şimali və Qərbi Avropaya gedən yüklərin çatdırılma müddətini azaltmaqdır. Hazırkı marşrut (Suveyş kanalı) üzrə çatdırılma vaxtı 45-60 gündür, Şimal-Cənub vasitəsilə 14-20 gün olması gözlənilir.

Azərbaycan "Şimal-Cənub" layihəsinə 2005-ci ildə qatılıb və dəhlizinin ölkəmizin ərazisindən keçən hissəsində işlər artıq yekunlaşıb. Belə ki, Azərbaycanın Astara stansiyası ilə İranın Astara stansiyası arasında 9,7 km dəmir yolu xətti və iki ölkə sərhədində 82,5 m uzunluğu olan körpü inşa edilib. "Azərbaycan Dəmir Yolları” QSC həmçinin İran ərazisində 35 hektar ərazidə yük terminalı inşa edərək onu 25 illik müddətə və sərhəddən terminaladək tikdirdiyi 1,4 km uzunluğunda dəmir yolunu 15 illik müddətə icarəyə götürüb. Dəhlizin Azərbaycan ərazisi üzərindən keçən hissəsində gözlənilən yük daşıma həcmi, birinci mərhələdə - 3 milyon ton, ikinci mərhələdə - 5-8 milyon ton, üçüncü mərhələdə - 15 milyon ton təşkil edəcək.

Məsələni fins.az-a şərh edən Azərbaycan Texniki Universitetinin "Dəmiryol nəqliyyatının istismarı" kafedrasının dosenti Leyla Həsrətova "Şimal-Cənub" nəqliyyat dəhlizi vasitəsilə Azərbaycan üzərindən yüklərin böyük əksəriyyətinin tranzit olaraq dəmir yolu vasitəsilə daşınmasının nəzərdə tutulduğunu bildirib.

"Burada əsas amil yüklərin bir nəqliyyat növü ilə böyük həcmdə, tez bir zamanda, daha uzaq məsafəyə daşınmasıdır. Buna görə beynəlxalq dəhliz vasitəsilə yük daşımalarına Azərbaycanın yol-nəqliyyat kompleksinin daha geniş cəlb edilməsi, dəmiryol nəqliyyatının imkanlarından tam istifadə olunması üçün lazımlı işlər görülür. Daşımaların səmərəliliyinin artırılması üçün Biləcəri-Yalama sahəsinin tək və cüt istiqamətində 400 km yaxın yol dəyişdirilməli, xərclərin azaldılması çərçivəsində elektrikləşdirilmiş xətlər yenilənərək və sabit cərəyan (3,3kV), dəyişən cərəyana (25 kV) dəyişdirilərək dartı yarımstansiyaların sayı azaldılmalı, asinxron dartı mühərrikli lokomotivlərin istifadəsinə imkan yaradılmalı və bununla infrastruktur tam yenilənməlidir. Azərbaycan üçün "Şimal-Cənub" nəqliyyat dəhlizinin Qərb marşrutunun fəaliyyət göstərməsi daha böyük strateji əhəmiyyət kəsb edir. Azərbaycan Şərqlə-Qərb arasındakı nəqliyyat kommunikasiya layihələrinin reallaşmasında fəal iştirak edir, yüksəksürətli hərəkətin təmin edilməsi üçün daha güclü lokomotivlərin tətbiqi, sürətlərin optimallaşdırılması və magistralın buraxma qabiliyyətinin artırılması məsələlərinə diqqət artırılır".

"Aparılan arasdırmalar göstərir ki, Avstriya, Almaniya, Səudiyyə Ərəbistanı, Baltikyanı dövlətlər və s. kimi dünya ölkələri öz əlverişli coğrafi mövqelərindən istifadə edərək tranziti milli büdcələrinin əhəmiyyətli gəlir mənbəyinə çevirib. Azərbaycan dünyanın ən əhəmiyyətli regionlarından hesab olunan Avrasiyanın ortasında yerləşir, Xəzər-Qara dəniz hövzəsi və Cənubi Qafqazda gedən əsas proseslərin və transmilli maraqların mərkəzində dayanır. Xəzər dənizində Rusiya-İran, Azərbaycan-Türkmənistan-Qazaxıstan bərə xətlərinin fəaliyyət göstərməsi, burada zəruri infrastruktura malik dəniz limanlarının və dəmir yollarının mövcud olması Şimal-Cənub dəhlizi layihəsinin həyata keçirilməsini asanlaşdıran əsas faktorlardan biridir. Dəhliz tam istifadəyə verildikdən sonra Rusiyadan İrana daşınan yüklərin miqdarında xeyli artım müşahidə ediləcək.
 


Bildiyimiz kimi, 150 km-dək uzunluqlu Rəşt-Astara istiqamətində daşımalar yük maşınları vasitəsilə yerinə yetirilir. İran ərazisindən Azərbaycana daxil olan yük maşınların hər biri üçün müəyyən olunmuş rüsum ödənilir. İnşa edilən Rəşt-Astara dəmir yolu həm təyin edilmiş rüsumu, həm də bir nəqliyyat növündən digərinə yükləmə-boşaltma işlərini aradan qaldıracaq. Tranzit əməliyyatlarının intensivləşməsi valyuta gəlirlərinin artması ilə yanaşı, bir çox digər müsbət nəticələrin də əldə edilməsinə şərait yaradacaq".

Avropa-Qafqaz-Asiya Nəqliyyat Dəhlizi (TRACECA) üzrə Hökumətlərarası Komissiyanın milli katibi, nəqliyyat sahəsi üzrə ekspert Akif Mustafayev "Finans.az"a bildirib ki, Rusiya lazım gəldikdə maliyyə yardımı etməklə Şimal-Cənub dəhlizinə olan marağını praktiki olaraq ortaya qoymalıdır: "10 illər ərzində Şimal-Cənub ümumiyyətlə işlək bir dəhliz olmayıb. Yalnız 2018-ci ildə Bakıda Azərbaycan, Rusiya və İranın dövlət başçıları toplaşandan sonra qənaətə gəldilər ki, bu dəhlizi aktivləşdirmək lazımdır. Bununla əlaqədar olaraq saziş imzalandı. Müəyyən olunmuş tədbirlər çərçivəsində Astara-Astara dəmir yol körpüsü inşa edildi, Azərbaycan ərazisində dəmir yol xətti qaydaya gətirildi. İran da öz ərazisində müəyyən işlər görsə də əsas sahə olan Rəşt-Astara dəmir yolu birləşməsinin inşası hələ də qalır. Belə ki, bu dəmir yol bağlantısı olmadığına görə Şimaldan, Skandinaviya dövlətlərindən, Rusiyadan, Azərbaycan vasitəsilə dəmir yolu xətti gəlib Fars körfəzinə çıxa bilmir. Belə olan halda Şimaldan gələn qatarlar Azərbaycanın idarəçiliyində olan yeni tikilmiş terminalda yükləri boşaldır və onlar yük avtomobilləri (TIR) vasitəsilə Fars körfəzinə çatdırılır. Əks istiqamətdən hərəkət edən yüklər də eyni sxem üzrə Şimala çatdırılır. Azərbaycan Rəşt-Astara dəmir yolu birləşməsinin inşasına 500 milyon dollar kredit verə biləcəyini bildirsə də bu tək Azərbaycanın üzərinə düşməməlidir. Rusiya da bu məsələdə daha aktiv olmalıdır. Lakin şimal qonşumuzun İrana yük daşınmalarla bağlı digər alternativ marşrutları var. Bura Həştərxandan, Mahaçkaladan dəniz vasitəsilə birbaşa İran limanlarına, yeni tikilmiş Rusiya-Qazağıstan-Tükrmənistan-İran dəmir yolu xətti ilə yüklərin çatdırılması daxildir. Bu baxımdan hesab edirəm ki, Rusiya lazım gəldikdə maliyyə yardımı etməklə Şimal-Cənub dəhlizinə olan marağını praktiki olaraq ortaya qoymalıdır”.

Ekspertə görə, daşınmalarda artım olsa da layihə tam başa çatmadığından istənilən nəticə hələ əldə olunmayıb:

"Şimal-Cənub" çox əlverişli bir dəhlizdir və böyük perspektivlər vəd edir. Dəhliz Skandinaviyadan yüklərin xüsusən də konteynerlərin qısa yolla bir nəqliyyat növündən digərinə aşırmadan düz Fars körfəzinə kimi çatdırılmasına imkan verir. Bu nəqliyyat dəhlizinə Pakistan, Hindistan kimi Asiyanın bir çox nəhəng dövlətlərinin qoşulmaq imkanları var. Bu gün də dəhliz vasitəsilə dəmir yolu daşınmalarında kifayət qədər artım var lakin dəhlizin potensial imkanları bundan qat-qat böyükdür. O, tam gücü ilə işləməyə başlayandan sonra Skandinaviya ölkələrindən İran körfəzinə kimi aşırmasız daşınmalar 5-6 milyon ton həcmində olacaq. Gələcək illərdə isə bu göstəricinin 15-20 milyona çatacağı gözlənilir”.

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR