Sığorta bazarının “Yol xəritəsi” hazırlanacaq
07 Noyabr, 17:54   |    Baxış sayı: 15

Sığorta bazarının “Yol xəritəsi” hazırlanacaq

Azərbaycan Sığortaçılar Assosiasiyası İctimai Birliyinin (Birlik) təşkilatçılığı ilə sığorta bazarının inkişaf istiqamətlərinin müəyyən olunması məqsədilə "Yol xəritəsi”nin hazırlanmasına dair işlərə başlanıb.

Birlikdə bununla bağlı işçi qrupu yaradılıb. Qrupda Birliyin nümayəndələri ilə yanaşı, sığorta şirkətlərinin müxtəlif departamentlərinin rəhbər şəxsləri və mütəxəssislər, İcbari Sığorta Bürosunun nümayəndəsi, sığorta vasitəçiləri və sahə üzrə ekspertləri iştirak edir.

"Yol xəritəsi”nin Birliyin 3 illik fəaliyyət planı və görüləcək işlərini özündə ehtiva etməsi nəzərdə tutulub. "Yol xəritəsi” sığorta sektorunda mövcud problemlərin aşkarlanması, onların həlli yollarının müəyyən edilməsi və buna dair təkliflərin formalaşdırılması, sığorta sahəsi üzrə qanunverici bazanın təkmilləşdirilməsi, sığorta bazarının hərtərəfli analizi, bazara dair analitik mövqeyin formalaşdırılması və statistikasının hazırlanmasını məqsəd qoyub.

Hazırda işçi qrupu daxilində avtonəqliyyat vasitələrinin mülki məsuliyyətinin icbari sığortası və daşınmaz əmlakın icbari sığortası ilə bağlı bir sıra işlər görülüb və bu istiqamətdə fəaliyyətlər davam etdirilir.

Qeyd edək ki, "Yol xəritəsi”nin bir ərzində tamamlanması üçün Birlikdə işçi qrupunun intensiv görüşləri və bununla bağlı müzakirələri təşkil olunur. //Fed.az