Sığorta bazarının ilin 8 ayına olan göstəriciləri açıqlandı

Sığorta bazarının ilin 8 ayına olan göstəriciləri açıqlandı

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri 469,8 milyon manat sığorta haqqı toplayıb, 175,5 milyon manat sığorta ödənişi həyata keçirilib.
EkoNews bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir.

Məlumatda deyilir ki, könüllü sığorta bazarı üzrə haqlar 315,6 milyon manat, ödənişlər 124,1 milyon manat, icbari sığorta bazarı üzrə isə haqlar 154,2 milyon manat, ödənişlər 51,4 milyon manat olub.

Sığorta haqlarının 67,2%-i könüllü, 32,8%-i icbari, sığorta ödənişlərinin isə 70,7%-i könüllü, 29,3%-i icbari sığorta növlərinin payına düşüb.

Vergi sahəsində aparılmış islahatlar nəticəsində daha öncə təklif edilən vergi güzəştlərinin və həyatın yaşam sığortasına yönəldilən vəsait üzrə limitin azaldılması ilə əlaqədar keçən ilin müvafiq dövrü ilə müqayisədə ümumi yığımlarda azalma olsa da, qeyri-həyat sığortası üzrə həm könüllü (1% və yaxud 0,9 milyon manat), həm də icbari sığorta növlərində (7% və yaxud 8 milyon manat) artım müşahidə edilib. Belə ki, qeyri-həyat sığortasının könüllü növlərində olan artımın əsas drayveri tibbi (14% və yaxud 8,8 milyon manat artım) və avtonəqliyyat vasitələrinin sığortası (28% və yaxud 4,8 milyon manat artım) üzrə olub.

Qeyri-həyat sığortasının icbari növləri üzrə artımın əsas drayveri avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası (5% və ya 3 milyon manat artım) və daşınmaz əmlakın icbari sığortası (24% və ya 4.9 milyon manat artım) növüdür. İcbari avtomobil sığortası üzrə artım sığorta müqavilələrinin elektronlaşdırılması və ötən ilin müvafiq dövrü ilə müqayisədə ölkəyə daxil olan avtonəqliyyat vasitələrinin artması (təxminən 2 dəfə) ilə əlaqədardır.

Həyat sığortası üzrə könüllü sığorta növlərinin bəzilərində azalma olsa da, sığorta sektorunun iqtisadi-sosial əhəmiyyət daşıyan növlərindən olan istehsalatda bədbəxt hadisə və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə 14% (3,9 milyon manat) artım olub.

Keçən ilin analoji dövrü ilə müqayisədə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə ödənişlərdə 8,9 milyon manat, hava nəqliyyatı vasitələrinin sığortası üzrə 5,4 milyon manat, avtonəqliyyat vasitələrinin sığortası üzrə 2 milyon manat artım olub. Azalma isə tibbi sığorta (2,2 milyon manat) və yaşam sığortası (5 milyon manat) üzrə olub. Sözügedən növlər üzrə ödənişlər müvafiq dövr ərzində hadisənin baş vermə intensivliyindən asılı olaraq dəyişib. 

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR