SOCAR koronavirusla bağlı tədbirlər görür (VİDEO)

SOCAR koronavirusla bağlı tədbirlər görür (VİDEO)

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Çində yayılmış koronavirus (SARS CoV - 2) infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə beynəlxalq təcrübə əsasında tədbirlər görməyə başlayıb.

"Report" xəbər verir ki, bu tədbirlər çərçivəsində SOCAR-ın təlim-tədris müəssisələrində işlərin martın 10-dan dayandırılmasına qərar verilib, şirkətin təlim mərkəzlərində peşə təhsili alan şagirdlərin tədrisinin martın 10-na qədər dayandırılması üçün tədbirlər görmək tapşırılıb.

SOCAR-ın işçilərinə onların vəzifə funksiyalarını evdə yerinə yetirməsi mümkün olduğu hallarda və insanların toplaşdığı məkanlara gəlməsi üçün xüsusi zərurət olmadığı halda, struktur bölmələrin rəhbərlərilə razılaşdırmaqla, martın 20-nə qədər iş yerinə gəlmədən evdən işləmə ("From Home”) imkanları yaratmaq, işçilərin başqa qurumlarla olan fiziki görüşlərini, eləcə də SOCAR daxili iclasları və yaxud görüşləri mümkün qədər azaltmaqla və texnologiyanın imkanlarından yararlanmaqla (Business Skype görüşü, zəng və ya video konfrans və s.) belə görüşləri həyata keçirmək tapşırılıb.



Bundan başqa, SOCAR-ın inzibati binasının giriş hissələrində binaya daxil olan, xəstəliyin ilkin əlamətlərinin zahiri daşıyıcılarına malik şəxslərin həkim müayinəsi aparılacaq. BMT-nin Ümumdünya Səhiyyə Təşkilatının müəyyən etdiyi və koronavirus (SARS CoV - 2) infeksiyasının geniş yayıldığı ölkələrə səfərlərdən qayıdan işçilər üçün qayıtdığı gündən etibarən 2 gün ərzində işə çıxmadan SOCAR-ın hesabına tibbi testlər keçiriləcək.

SOCAR-ın inzibati binasının giriş-çıxışlarında binada olan şəxslərin bədən hərarətini ölçən avadanlıqlar, inzibati binada əllərin dezinfeksiya edilməsi üçün xüsusi vasitələr quraşdırılacaq, hava axını mümkün olduğu qədər viruslara qarşı ola biləcək (antiseptik) vasitələrlə zənginləşdiriləcək.

Komitə, komissiya iclasları və ya digər iclas və görüşlər, yalnız zəruri istehsalat halında həyata keçiriləcək, BMT-nin Ümumdünya Səhiyyə Təşkilatının müəyyən etdiyi və koronavirus (SARS CoV-2) infeksiyasının geniş yayıldığı ölkələrə səfərlər ləğv edilir və yalnız zərurət halında SOCAR-ın prezidenti ilə razılaşdırmaqla həyata keçirilə bilər.

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR