SOCAR: Neft Emalı Zavodunda təmir işləri noyabrın əvvəlində yekunlaşacaq

SOCAR: Neft Emalı Zavodunda təmir işləri noyabrın əvvəlində yekunlaşacaq

Heydər Əliyev adına Neft Emalı Zavodunda (NEZ) həyata keçirilən planlaşdırılmış təmir işlərinin mərhələli şəkildə noyabr ayının 4-ü tarixinə qədər tam yekunlaşması planlaşdırılıb.

Bunu "Report”a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov bildirib.

O vurğulayıb ki, təmir işləri NEZ-in illik təmir planı əsasında aparılır: "Planlı təmir işləri bütün neft emalı zavodlarında mütəmadi keçirilməlidir. Bu işlərin əsas məqsədi zavod qurğularını sazlamaq və onların davamlı fəaliyyətini təmin etməkdir. Zavodun bütün qurğuları noyabrın 4-ü tarixinə qədər mərhələli şəkildə normal işini bərpa edəcək. Təmir işlərinin uzanması gündəmdə deyil”.

İ. Əhmədov benzin idxalı ilə bağlı qeyd edib ki, "Ai-92” benzinin idxalı yalnız planlı təmir müddətində lazım olur və bazarda logistika və qiymət baxımından mövcud olan ən uyğun təkliflər arasında qərar verilir. Onun sözlərinə görə, bu il planlı təmir işləri 1 ay müddətində nəzərdə tutulub və həmin müddət üçün 120 min ton civarında "Ai-92” markalı benzinin idxalı planlaşdırılıb. İ. Əhmədov artıq təxminən 45 min ton benzinin Azərbaycana gətirildiyini bildirib: "İdxal edilən bu benzin bu il də əsasən Rusiya mənşəlidir. Bundan başqa, 4 min ton civarında olan kiçik bir hissə Türkmənistandan idxal olunmaqdadır”.

SOCAR rəsmisi, həmçinin qeyd edib ki, zavodda növbəti təmir işləri gələn ilə planlaşdırılıb və təmirin dəqiq vaxt ilə bağlı qərarın ilin sonuna kimi verilməsi gözlənilir.

Qeyd edək ki, oktyabr ayının 4-dən etibarən Heydər Əliyev adına Neft Emalı Zavodunda planlaşdırılmış illik təmir işləri həyata keçirilir və bununla əlaqədar neft məhsullarının istehsalı dayandırılıb.

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR